Onlar əcnəbidən Azərbaycanda müvəqqəti yaşaması üçün pul alıblar
Əcnəbi vətəndaşın Azərbaycan ərazisində müvəqqəti yaşaması üçün pul alan şəxslər barədə cinayət işi açılıb. Baş Prokurorluq bu korrupsiya faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən bildirilir ki, Bakı şəhər sakinləri Rauf İsmayılov və Kamran İsayevin qanunsuz əməlləri barədə Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı İsmayılovun İsayevlə birgə Bakı şəhərində müvəqqəti yaşayan Türkiyə vətəndaşından onun ev təsərrüfatında işləyən Filippin vətəndaşına Azərbaycan ərazisində müvəqqəti yaşamasına icazə almaq üçün 5 min manat məbləğində pul almasında, eyni zamanda icazənin alınması məqsədilə Filippin Respublikası vətəndaşının adına formal MMC təsis edərək bank hesabına 101 min manat pul vəsaiti mədaxil etməklə bu barədə bankdan müvafiq arayış aldıqdan dərhal sonra həmin vəsaiti məxaric edib.
Onlar miqrasiya qanunvericiliyinə zidd olaraq əldə edilmiş sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə CM 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə cinayət işi başlanıb.