Ömər Eldarov dövlətlərarası “Birliyin ulduzları” mükafatına layiq görülüb
Moskvada MDB dövlətlərarası mükafatı olan “Birliyin ulduzları” (“Zvyozdı Sodrujestva”) mükafatının təqdimetmə mərasimi olub. Böyük Teatrda keçirilən bu mərasimdə çıxış edən MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu MDB-nin müxtəlif ölkələrindən gəlmiş laureatları təbrik edib:
“Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu MDB məkanında humanitar əlaqələri möhkəmlətməkdə davam edir. Görkəmli şəxsiyyətlərimizin bu mükafatla təltif edilməsi o deməkdir ki, biz bir yerdəyik, bir-birimizə ehtiramla yanaşırıq, bir-birimizi yüksək qiymətləndiririk. Bu gün dünyada baş verənlərin fonunda bu, çox önəmli bir faktdır».
Mədəniyyət və incəsənət nominasiyasında bu il “Birliyin ulduzları” mükafatına Azərbaycanın xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya rəssamlıq akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov layiq görülüb.
Ömər Eldarovla birgə bu il mükafata MDB ölkələrindən olan görkəmli alimlər, artistlər, ictimai xadimlər layiq görülüblər. Təltif olunanlar arasında Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Boris Paton, SSRİ xalq artisti Oleq Tabakov və bir sıra tanınmış şəxsiyyətlər var.
Azərbaycanın xalq rəssamı Ömər Eldarov çıxışında bu mükafata layiq görüldüyünə görə çox şad olduğunu söyləyib: “Mənim üçün bu çox vacibdir, çünki mənim təhsilim, yaradıcılığım və həyatımın böyük bir hissəsi Sovet İttifaqı dövrünə təsadüf edib. Yaradıcılıq tellərinin pozulması, itməsi pis şeydir. Dövlətlətarası Humanitar Əməkdaşlıq Fondu isə bu mükafat vasitəsi ilə bizi birləşdirir, yaxınlaşdırır. Hesab edirəm ki, bu çox önəmli və dəyərlidir».