Muəllif:

Ölü doğulan qanun

Jurnalist həmkarımız  İlhamə Kərimovanın süd vəzində bədxassəli şiş aşkarlananda 2007-ci ildə Moskvada ilk dəfə əməliyyat olunub. Əməliyyatın ikinci mərhələsi İstanbulda oldu. İndiyə qədər müalicə və əməliyyatlara 130 min dollar pul xərcləyib. Sonuncu mərhələ üçün jurnalist xanıma 10 min manat pul lazımdır. Ona kömək məqsədilə bu məlumat sosial şəbəkələrdə paylaşılır…

Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə səhiyyənin pulsuz olduğu bəyan edildiyi ölkəmizdə belə müraciətlər demək olar hər gün edilir. Ümidi dövlətin hesabına pulsuz əməliyyat, müalicə olunmaqdan üzülən xəstələrin özləri, yaxınları sosial şəbəkələrdəki insanlardan maddi yardım gözləyirlər.

Ölkə vətəndaşının tibbi sığortası yoxdur ki, əməliyyata ehtiyac olanda rahatlıqla xəstəxanaya getsin. Vətəndaş öz qazancı hesabına həkim qəbulu, müayinələr, dərmanlar, bəzi cərrahi əməliyyatların pulunu ödəyir. Lakin bahalı, bəzən xaricdə əməliyyat tələb xəstəliklər, aztəminatlılar, pensiyaçılar, tələbələr üçün həkim qəbulunun, müayinələrin ödənişi böyük problemə çevrilir. Halbuki vətəndaşı tibbi sığorta ilə təmin etməli olan qanun var. Hələ 15 il öncə qəbul edilib. Amma təəssüflər olsun ki, 1999-cu ildə “Tibbi sığorta haqqında” qanun ölü doğulub. Zaman-zaman prezident fərmanları, millət vəkillərinin qanuna 62 əlavə və dəyişikliklər etməklə ona can vermək “cəhdləri” qanuna dikilən gözləri, ümidləri dogrultmayıb.

Adıçəkilən qanun qəbul edildikdə 6 fəsil və 56 maddədən ibarət olub. Hazırda isə qanun 5 fəsil  17 maddədən ibarətdir. Qanun bu əlavə və dəyişikliklər sayəsində demək olar yenidən yazılıb. Belə ki,  2001-ci ilin 20 fevralında 7, 2002-ci ilin 23 aprelində 13, 2003-cü ilin 30 dekabrında 1, 2004-cü ilin 18 iyunda 29, 2007-ci ilin 7 dekabrında 7, 2008-ci ilin 2 oktyabrında 2, 2014-cü ilin aprelin 4-də qanunun 13, 16, 17-ci maddələri olmaqla 3 dəyişiklik və əlavə edilib.

Ən maraqlısı odur ki, bu son deyil. Bu fikri proqnoz kimi qəbul etməyin. Belə ki, millət vəkili Hadı Rəcəbli “Trend” agentliyinə açıqlamasında bildirib ki, millət vəkilləri «Tibbi sığorta haqqında» qanuna hələ bir neçə dəfə qayıtmalı və qanuna əlavə və dəyişikliklər etməli olacaqlar.

Bu yazını yazarkən yaranan  suallarla bağlı qanunu oxumalı oldum və belə qənaətə gəldim ki, qanunda hələ 62 dəyişiklik etməyin də yeri var. Çünki sual yaradan məqamlar, boşluqlar çoxdur, qanun ümumi, tibbi sığorta sistemin yaradılmasına faydası az ola biləcək maddələrlə boldur.  Ən əsası qanunun işləmə mexanizmi hazırlanmayıb…

Amma buna baxmayaraq, hökumətdə təmsil olunanların dediklərinə inansaq, 2015-ci ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi planlaşdırılır.  Bu, cari ildə hökumət rəsmilərinin mətbuata verdiyi növbəti açıqlamalardan biridir. Açığı, bir jurnalist olaraq bu fikri neçə ildir xəbər başlığı kimi yazılarıma verdiyimi artıq xatırlamıram. Onu dəqiq deyə bilərəm ki,  “Tibbi sığorta haqqında” qanunun niyə icra olunmadığı gündəmə gələndə deputatlar, nazirlər bu istiqamətdə işlər aparıldığını, növbəti ildən qanunun icra ediləcəyini bəyan edirlər. Növbəti il hansı ildrisə gəlib çatmır. Sonuncu dəfə bu məzmunlu məlumatı 2013-cü ilin iyununda maliyyə naziri Samir Şərifova istinadən verilmişdik…

Milli  Məclisin “Tibbi sığorta haqqında” qanunla bağlı son iclası isə cari ilin aprelində idi. Millət vəkilləri yenə də hökumətdə qanunun icrası istiqamətində canlama müşahidə etdiklərini dilə gətiriblər və yenə də qanunda əlavə və dəyişikliklər ediblər. Və qərara alınıb ki, qanunun monitorinqini həyata keçirmək üçün MM-də xüsusi qrup yaradılacaq. Bunun effektiv olub-olmayacagını isə zaman göstərəcək.

 

Səhiyyə ayrılan 725 milyon manat tibbi sığortalanmaya keçid üçün azdır

 

Qanunun icrasının ləngiməsi ilə bağlı çoxsaylı fikirlər var.  Hətta vaxtilə “cəsarətli” bəzi millət vəkilləri  “Tibbi sığorta haqqında” qanunun icrasının ləngiməsində Nazirlər Kabinetini qınayırdılar, Maliyyə Nazirliyini tibbi sığortanın tətbiqinə maraq göstərməməkdə günahlandırdılar. Xatırladaq ki,  2007-ci il dekabrın 27-də “Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında” sərəncamda qeyd edilir ki, dövlət agentliyi “Azərbaycan Respublikasının səhiyyə sisteminin idarə olunmasını təkmilləşdirmək, əhaliyə tibbi yardım göstərilməsi mexanizmini müasir tələblərə uyğunlaşdırmaqla səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmaq, icbari tibbi sığorta sisteminin tətbiqinə başlamaq məqsədilə” yaradılır.

İlk baxışdan hər şey aydındır: Nazirlər Kabineti müvafiq dövlət qurumu olaraq qanundan irəli gələn tələbləri icra etmir. Bəs niyə qanunun icrasını canla-başla istəyən digər dövlət qurumları, məmurlar, millət vəkilləri bunun hesabını soruşmurlar? Niyə bununla bağlı MM-də məsələ qaldırıb 9 milyon 500 min vətəndaşın taleyi ilə bağlı suallara cavab verməsini tələb etmirlər? Bax elə niyələrdən yola çıxaraq əsas mətləbin nədən ibarət olmasını tutmaq olar.

Əvvəla, qeyd edək ki,  “Tibbi sığorta haqqında” qanunda “Səhiyyə pulsuzdur” kimi ifadəyə rast gəlinmir. Yalnız Səhiyyə Nazirliyinin 1 fevral 2008-ci il qərarına əsasən,  səhiyyə xidmətləri pulsuzdur. Reallıq isə hamıya məlumdur.

Əslində etiraf etmək lazımdır ki, “Tibbi sığorta haqqında” qanunu tətbiq etmək göründüyü kimi o qədər də asan deyil. Bu qanunun dəqiq mexanizmləri, maliyyə mənbələri olmazsa, səhiyyədə əsaslı islahatlar aparılmazsa onu həyata keçirmək mümkünsüzdür. İndi nəzər salaq Azərbaycan səhiyyə sisteminə, görək bu qanunu həyata keçirmək üçün nələr çatışmır. Birinci çatışmayan qanunun mexanizmdir, sözügedən qanunu illər ərzində çox dəyişikliyə məruz qalıb, ümumi maddələrdən ibarət toplunu xatırladır. Qanun tibbi sığortanın maliyyə mənbələrinə aydınlıq gətirmir, ümumiyyətlə  əksər məsələlər müvafiq icra hakimiyyətinə, qurumuna həvalə edilib. Qanunu hansı dövlət qurumu həyata keçirəcək? Bu, məsuliyyətli iş Səhiyyə Nazirliyinə deyil, NK yanında yenicə yaradılan, rəhbəri, əməkdaşları məlum olmayan, ümumiyyətlə indiyədək belə bir qurumun formalaşdırılıb-formalaşdırılmadığı naməlum qalan Tibbi Sığorta üzrə Dövlət Agentliyinə həvalə edilib. Təbii olaraq bu da Səhiyyə Nazirliyinin ürəyincə deyil. Çünki tibbi sığorta tətbiq edilərsə, bütün maliyyə vəsaitlərini agentlik idarə edəcək.  Bu o deməkdir ki, artıq nazirlik agentliyə tərəfdaş deyil, rəqibdir. Sirr deyil ki, bəzi məmurlar üçün dövlətin vəsaiti anlayışı mövcud deyil. Ona görə də vəsaitlər üzərində mübarizə gedir.

Bir sıra ekspertlərin fikrincə, qanunun icrasının ləngiməsində bu amilin də rolu az deyil.

İkinci tələb olunan şərt — maliyyədir, puldur, hökumət 2014-cü ildə səhiyyə sisteminin saxlanmasına və səhiyyə layihələrinin həyata keçirilməsnə ümumilikdə 823 milyon manat ayırıb. Həmin vəsaitlərin 725 milyon manatı bilavasitə səhiyyənin funksional bölməsi, 98 milyonu isə investisiya xərcləri çərçivəsində ayrılmalıdır. Yəni əsas vəasit 725 milyon manatdır. Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin büdcəsindən  idman tədbirlərinə və layihələrinə 976 milyon manat ayrılıb.Tanınmış iqtisadçı və tədqiqatçı Rövşən Ağayevin bildirdiyinə görə, büdcədən təkcə “Şahdağ” idman kompleksinə ayrılan investisiya nəinki səhiyyəyə qoyulan 6 illik xərcdən çoxdur, hətta 6 il ərzində (2007-2013-cü illər) təhsilə qoyulan investisiyadan çoxdur. “Şahdağ”a qoyulan investisiyanın məbləği 988.2 milyondur.

Əlbəttə, dövlətin səhiyyə üçün ayırdığı 725 milyon manat 9 milyon  400 min vətəndaşın  sığortalanması üçün çox azdır. Beynəlxalq və yerli təşkilatların Azərbaycanda apardığı tədqiqatlardan bəlli olur ki, ölkə vətəndaşları səhiyyə xərclərinin 70 faizə qədərini öz ciblərindən  qeyr-rəsmi ödənişlər formasında ödəyirlər.

Deməli,  hazırkı məqamda hökumət səhiyyə xərclərinin 25-30 faizini ödəyir. Qalan məbləği isə vətəndaş öz cibindən ödəyir. Buradan aydındır ki, tibbi sığorta sistemi işləyən vətəndaşın hesabına işə düşə bilər. Orta gəlirli ölkələrdə  tibbi sığorta üçün  əmək haqqının 2-5 faiz arasında məbləğ tutulur, inkişaf etmiş ölkələrdə isə bu 10 faizdən yüksəkdir.

Tibbi sığorta sistemində belədir ki, işləyən kəs hər ay maaşından simvolik olaraq  tibbi sığorta fonduna və ya agentliyinə pul ödəməlidir. Işəgötürənlər, sahibkarlar da tibbi sığiorta sisteminin formalaşmasında iştirak edilər. Lakin bunun forması, mexanizmləri hər bir dövlətdə fərqlidir. Məsələn, ABŞ-da müəssisənin istehsal həcminə, işçilərin sayına görə ödəmə mexanizmləri müəyyən edilib. 25 nəfər işçisi olan tibbi sığorta üçün pul ödəmir. Dövlət isə adətən işsizləri, pensiyaçıları, uşaqları, ödənişsiz təhsil alan tələbələrin xərclərini üzərinə götürür.

Əlbəttə, dövlət bütün vətəndaşların xərclərini üzərinə götürə bilər. Amma ölkəmizdə qəbul edilən qanunun adında sığorta sözünün olduğunu unutmayaq və xəyallara qapılmayaq.  Həm də səhiyyənin maliyyəşdirilməsini dövlət öz boynuna götürsə, bu artıq  sığorta olmur və  reallıqdan göründüyü kimi hökumət bunu bacarmaz. Hazırkı səhiyyə sisteminin timsalında bu aydın olur. Yenə də xərclərin  əsas hissəsi qalır vətəndaşın çiynində.

İqtisadçı-alim Vüqar Bayramov deyir ki, Azərbaycanda əhalinin gəlirlərinin 70 faizə qədəri istehlak mallarının alınmasına, 10 faizi vergi və rüsumların ödənilməsinə sərf edilir. Yerdə qalan vəsait az olduğundan əhali sığortalanmasında çətinlik var. Avropa və Amerikada sığortalanmanın yüksək olması əhalinin gəlirləri ilə bağlıdır. Bu səbəbdən əhali gəlirlərinin 1/3-ni sığorta və digər bu kimi məsələlərə sərf edə bilir. ABŞ-da hazırda ÜDM-in 8 faizini, Avropada 11 faizini sığorta ödənişləri təşkil etsə də, Azərbaycanda bu rəqəm hələlik 1 faiz intervalındadır”.
Gəlirlərin azlığından başqa, işləyən vətəndaşlardan və sahibkarlardan  tibbi sığorta ödənişlərini toplamağa Əmək Məcəlləsinin maddələrinin həyata keçirilməməsi də mane olur. Əmək müqaviləsi olmadan çalışanların sayı yetərincə çoxdur. Qeyri-rəsmi statistikaya əsasən, hazırda 2 milyon nəfər qeyri-leqal olaraq çalışır. Sahibkarlıq fəaliyyəti göstərib, amma dövlətə vergi ödəməkdən, fəaliyyətini rəsmiləşdirməkdən yayınanların sayı da az deyil. Belə çıxır ki, dövlət işləyən, lakin əmək müqaviləsi olmayan şəxslərin də tibbi sığorta ödənişini öz üzərinə götürməlidir.  Əlbəttə, bu zaman dövlətin üzərinə düşən maliyyə yükü artdığına görə, bu sistemi işə salmaq istəmir.

Amma əgər hamı əmək müqaviləsi ilə çalışarsa, agentliyə qanunun həyata keçirilməsinə təkan ola biləcək yaxşı məbləğ toplana bilər. Ölkəmizdə tikintidə, ticarətdə sərbəst işləyənlərin əmək müqaviləsu yoxdur. Onların da tibbi sığortaya pul ödəməsi üçün fəaliyyətləri leqallaşdırılmalıdır. İşəgötürənlərin, sahibkarların, işləyənlərin  real gəlirlərini də hesablamaq lazımdır.

Dövlət Statistika Komitəsi bəyan edir ki, Azərbaycanda 4 milyon 700 min nəfər iqtisadi fəal əhalidir.  Onun 1 milyon 450 min nəfər əmək müqaviləsi ilə çalışır.  250 minə yaxını isə iqtisadi cəhətdən fəal olan işsizlərdir. Yerdə qalanların  küçə ticarəti ilə məşğul olanlar, tikintidə, pay torpaqlarında işləyənlərin isə əmək müqaviləsi yoxdur. Əgər onlar əmək müqaviləsi ilə çalışaraq hər ay əmək haqqlarında 8-10 manat, işəgötürənlər 20-30 manat ödəyərsə, 1,5 milyarda yaxın vəsait toplamaq mümkündür. Əgər dövlət də indiki məbləğdə ayırmalarını davam etdirərsə, vətəndaşlara iri  paketdə xidmət göstərmək olar. Amma bunun üçün Əmək Məcəlləsinin icrasını təmin etmək lazımdır.

 

Millət vəkilləri qanunları özləri yazıb, özləri dəyişdirirlər

 

Yuxarıda qeyd etdiyimiz kimi qanun ümumi müddəalardan ibarətdir.  Deputatlar qanun yaradıcılığında  məhsuldar deyillər. Özləri yazıb təsdiq etdikləri qanuna 1 il sonra dəyişiklik etmələri adi haldır. MM sosial siyasət komitəsinin əsas tərkibinin uzun illər dəyişilmədiyini nəzərə alsaq, belə çıxır ki, məhz eyni millət vəkilləri eyni qanunları  yazır və 1-2 il sonra dəyişdirirlər. Çünki bu qanunlar yazılarkən ölkədəki həmin sahənin şəraiti nəzərə alınmır. Qanun ya hazır formada başqa ölkədən götürülür, ya da təxəyyül əsasında yazılır. Ölkəmizdə savadlı, beynəlxalq təşkilatlarda iş təcrübəsi olan hüquqşünasların sayı az deyil. Amma təəssüflər olsun ki, onların zəngin təcrübəsindən qanunların yazılmasında istifadə edilmir.

İqtisadçı Vüqar Bayramov da təsdiqləyir ki, “Tibbi sığorta haqqında” qanun indiki tələbləri tam olaraq ödəmir. Bu baxımdan həmin qanunda bir sıra boşluqlar var ki, onlar icbari tibbi sığortanın tətbiqinə imkan vermir. Bayramov deyir ki, qanunvericilikdə icbari tibbi sığortanın tətbiq mexanizmləri göstərilməlidir. Eləcə də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Agentliyin statusunun tam olaraq təkmilləşməsinə ehtiyac var. Çünki bu agentlik icbari tibbi sığortanın tətbiqinə birbaşa məsul qurumdur.
Məsələn, qanunda adambaşına maliyyələşdirmə prinsipi qeyd olunur. Əslində isə adambaşına termini ilkin səhiyyə xidmətləri üçün istifadə oluna bilər. Xəstəxana xidmətlərindən istifadə edildikdə mütləq xəstəbaşına ifadəsi tətbiq edilməlidir.

Qanunun indiki halda həyata keçirilməsinin mümkünsüzlüyü hər məqama aydınlıq gətirdikcə daha çox aydın olur.

Əgər bu qanun tətbiq olunarsa, SN-in səhiyyə pulsuzdur göstərişi ləğv olunmalı, bütün səhiyyə xidmətləri üçün tariflər müəyyən edilməlidir. Tutalım, stomatoloqun qəbulu  30 manat, kardioloqun qəbulu 20 manat, qalxanvari vəz əməliyyatı 1500 manat. Özü də bütün  bu tariflər də əsaslandırılmalıdır. İndiki halda rəsmi olaraq da dövlət poliklinika və xəstəxanalarında tariflər mövcud deyil. Amma hamıya aydındır ki, hər bir xəstəliyin müalicəsinin və ya cərrahiyyə əməliyyatının qiyməti mövcuddur. Deməli dövlət poliklinika və xəstəxanalarındakı real qiymətlər təsnifatlaşdırılmalıdır. Əlbəttə, bu halda tibbi sığorta ödənişlərinin 8-10 manat civarında qalacağını da düşünmək olmaz.

Tanınmış yerli klinikaların birində çalışan t.e.n Dr. Nabil Seyidov deyir ki, ölkəmizdə mövcud olan sistemin daxili xidmətlər axını səhv qurulub. Belə ki, xəstəxanalarla yanaşı poliklinakalar və sahə həkimləri olsa da, əhali onların xidmətlərindən az istifadə edir. Əhalinin poliklinkalara inamı az olduğundan birbaşa xəstəxanalara, daha ixtisaslaşmış həkimlərə üz tutur. Xəstəxananın resursu dövlətin pulu deməkdir. Bu da səhiyyə büdcəsinin əbəs yerə istifadəsinə səbəb olur. Əslində  isə vətəndaşın səhhəti ilə bağlı narahatlığı olanda  öncə poliklinikaya getməli və orada triyaj və ya ilkin müayinədən keçməlidir. Bu da xəstələrin hər bir kiçik problemə görə xəstəxanaya getməsinin və xəstəxanaların yüklənməsinin qarşısını ala və maliyyə xərclərini azalda bilər. Poliklinika həm də xəstəliklərin profilaktikasını daha mütəşəkkil şəkildə həyata keçirməlidir ki, məs., diabeti olan xəstələrdə diabetik pəncə və ya diabetik nefropatiya və ya oftalmopatiya inkişaf etməsin.

Əgər tibbi sığorta tətbiq edildikdə belə vəziyyət davam edərsə və buna uyğun da olaraq xəstəxanalara daha çox vəsait ayrılarsa, sistem iflic olar. Yəni tibbi sığorta sistemində vəsaitlərin bölüşdürülməsi, əhalinin ilkin səhiyyə xidmətlərindən istifadəyə yönləndirilməsi vacib şərtlərdəndir.

Bu qanunun icrasının niyə ləngiməsi, maliyyə vəsaitlərinin azlığı, qanundakı boşluqlar və. s kimi onlarca səbəblər söyləmək olar. Və bu səbəblərin hər birinin də həqiqətən ləngimədə yeri var.

Bütün sadalananlarla yanaşı sonda qeyd edək ki, hökumət qərar verməlidir. Birincisi, tibbi sığortanın tətbiqinə getməyə qərarlıdırmı, yoxsa qanun gözdən pərdə asmaq üçündür? Əgər cavab müsbətdirsə, onda hansı qrupların yükünü üzərinə götürəcəyini bəyan etməli, digər qanunlarla uyğunlaşmanı təmin etməli, hansı növ xidmətlərin paketə daxil olacagını dəqiqləşdirməli, səhiyyə sistemində ləngiyən islahatlara nəhayət başlamalıdır. Bəli, bir qanunun tətbiqi bundan da çox şey tələb edir.

Ən əsası Azərbaycan tibbi sığortanın tətbiqi üçün hansı yolu seçəcəyinə qərar verməlidir. Yollar, tibbin maliyyələşməsi ilə bağlı mexanizmlər müxtəlifdir. Bir sıra Avropa ölkələrində vətəndaşın müayinə və müalicəsi dövlət hesabına aparılır. Bəzi Avropa ölkələrində və Amerikada tibbi sığorta tətbiq edilir. Məsələn, Belçikada hər bir vətəndaşın tibbi sığortalanması sosial müdafiə sisteminin tərkib hissəsidir və vətəndaş mütləq olaraq tibbi sığorta fonduna qoşulmalı və ya üzv olmalı və ödəniş etməlidir. Onlara göstərilən tibbi xidmətlər isə 50-75% civarında həmin fondların vəsaitləri hesabına ödənilir.

Fransada isə səhiyyə sistemi Böyük Britaniyanın Milli Səhiyyə Xidməti kimi qurulub və 2000-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı səhiyyə xidməti kimi tanınıb. Fransa vətəndaşına xüsusi səhiyyə kartları verilir və həkimə müraciət etdikdə xəstə həmin kartı təqdim edir. Kart təqdim edildikdə xəstənin identifikasiyası aparılır və dərhal ödəniş həyata keçirilir. Fransada xəstələr həm dövlət, həm də özəl klinikalara müraciət edə bilir.

Almaniyanın səhiyyə sistemi Avropanın ən qədim sistemi hesab olunur və 1880-cı ildə yaradılıb. Almaniyada hər vətəndaş 300-dən çox dövlət və ya özəl tibb sığorta şirkətlərinə qoşula və əmək haqlarından ora ödənişlər edə bilər. Almaniyada bu ödənişlərin məbləği gəlirdən 13% təşkil edir. İşsiz olan vətəndaş isə sosial fondlar hesabına tibbi xidmətlə təmin edilir. Hazırda Almaniyada bu kimi sosial yönümlü tibbi fondlar əhalinin 1/3 hissəsinin tibbi xidmətlərə olan ehtiyacını təmin edir.

İsveç səhiyyə xidmətləri modeli isə digər Avropa ölkələrinin tibbi xidmətlər modelindən ciddi şəkildə fərqlənir. İsveçdə tibbi xidmətlər tam dövlət hesabına təmin edilir və desentralizasiya olunub. Belə ki, səhiyyə xidmətlərinə görə ödənişlərin  və ya səhiyyə büdcələrinin 70%-i yerlərdə toplanan vergilərdən formalaşır. Tibbi xidmətlərin əsasını isə həm Böyük Britaniyada, həm də İsveçdə terapevtlər və ya ailə həkimləri təşkil edir. Digər mütəxəssislərə və ya birbaşa xəstəxanaya xəstənin yerləşdirilməsi üçün əsas yönləndirici mexanizm də məhz ailə həkimləri üzərində qurulub.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 536