Ölkəmizin bayraqdarı vitse-prezident Fuad Quliyev olacaq
Fevralın 7-də Rusiyanın Soçi şəhərində startı veriləcək XXII Qış Olimpiya Oyunlarında ölkəmizin bayrağını aparacaq sima bəlli olub. Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən xəbərə görə, Azərbaycanın bayraqdarı Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev olacaq.
Olimpiada Azərbaycanın rəsmi nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. Nümayəndə heyətinin rəhbəri isə MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır.
Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.