Ölkədə məzhəb ayrı-seçkiliyi barədə iddialar təkzib edilir
Ölkədə məzhəb ayrı-seçkiliyi barədə iddialar təkzib edilir və deyilir ki, Azərbaycanda məzhəb zəminində əhli-sünnənin təzyiqlərə məruz qalması haqda açıqlamalar əsassızdır. Azərbaycanın gənc nəsil nüfuzlu ruhanilərindən, “Məşədi Dadaş məscidi” icmasının rəhbəri Hacı Şahin Həsənli bunu Turan-a bildirib.
“Azərbaycanda radikal təmayüllü cərəyanlara qarşı tədbirlər görülür, bu, dövlətin təhlükəsizliyi ilə bağlı məsələdir və bunu dinə aid etmək özü artıq savadsızlıqdır”, — deyə Ş.Həsənli şərhinə davam edib. Amma həmin radikal təmayüllü cərəyanların öz adlarından imtina etmələrinə diqqət çəkib. Bu radikal təmayüllülərin özlərini əhli-sünnə kimi təqdim etdiklərini vurğlayıb. Daha sonra Ş.Həsənli adı Suriyaya döyüşlərə adam göndərməkdə hallanan Müşfiqabad məscidi icmasında edilən dəyişkliklərə toxunub. Bu icmaya yeni rəhbərin məhz əhli-sünnədən olduğunu bildirib. “Dövlətin qanunları pozulduğu yerdə artıq işə dövlət qarışır, dinin sərhədlərini siyasət sərhədlərinə keçirəndə, din adına siyasi qərarlar veriləndə dövlətin təhlükəsizlik tədbirləri işə düşür”, — deyə Ş.Həsənli radikal qurumlara qarşı təzyiqlərin səbəblərinə toxunub.
Ş.Həsənli Azərbaycanı məzhəb zəminində münaqişə olmayan çox az müsəlman ölkələrindən biri adlandırıb. “Bu ölkənin məscidlərində istənilən məzhəbin təmsilçiləri namaz qılır, heç kəs də ona deyə bilməz ki, niyə bu məsciddə namaz qılırsan, çünki, bu şəxs hər kimdirsə, Allah xatirinə namaz qılır”, deyə din xadimi Azərbaycanda məazəhb ayrı-seçkiliyi olmadığına diqqət çəkib. “Göy məscid” də əhli-sünnə və əhli-şiənin birgə namaz qılmasını nümunə göstərib. Bütün belə düşüncələri din və məzhəb zəminidə bölücülük sayan Ş.Həsənli belə düşüncələrin islam dini daxilinə nifaq salmaqdan qaynaqlandığını vurğulayıb. “Belə təzyiqlərin olması haqda düşüncələr əsassızdır və hər-hansı şəkildə cəmiyyətdə dəstəyi yoxdur. Əksinə, artıq Azərbaycan cəmiyyətində radikal təmayüllü cərəyanlara qarşı ictimai qınaq güclənir ki, bu da faktdır”, — deyə Ş.Həsənli mövqeyini ifadə edib.
Xatırladaq ki, aprelin 17-də mətbuat konfransı keçirən İçərişəhər “Ləzgi” məscidi icmasının təmsilçiləri ölkədə sünni məzhəbinin sıxışıdırlması, təzyiqlərə məruz qalmaları, ölkədə məzhəb ayrı-seçkliliyinə yol verilməsi kimi bəyanatlar sələndirmişdi.