Ölkədə bütün taksilərə sayğac qoyulacaq
Ölkədə istisnasız olaraq bütün taksilərə sayğac qoyulacaq. Lap çoxdan bu barədə söhbət gedir, lakin praktikada gerçəkləşdirilə bilmir. Yenə də bu məsələnin üzərinə qayıdılır. Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün tək lisenziya keçərli deyil. Lisenziya alan şəxs avtonəqliyyat vasitəsini pos-terminalla və sayğacla təmin etməlidir. Bundan sonra sərnişinlər ödənişi nəğd pulla yanaşı plastik kartlarla da edə biləcəklər. Namiq Həsənov APA-ya deyir ki, yeni qaydalar tam tətbiq olunandan sonra hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək:
«Eyni zamanda lisenziya nömrəsi həmin taksi kimi fəaliyyət göstərən avtonəqliyyat vasitəsinin üzərinə yapışdırılmalıdır. Həmin yazı xüsusi formada dizayn olunmalıdır ki, digər maşınlardan fərqlənsin. Lisenziyasız fəaliyyət göstərən taksilər 100 manat, lisenziya şərtlərini pozanlar isə 50 manat məbləğində cərimə olunur. Eyni zamanda qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olursa və ya istifadə etdiyi nəqliyyat vasitəsi standartlara cavab vermirsə, o zaman həmin şəxslər taksi fəaliyyətindən kənarlaşdırılır».
Əvvəllər ölkədə 20-25 min şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu, hazırda bu rəqəmin 10-15 minə endiyini deyən Namiq Həsənov bildirib ki, paytaxtda bu göstərici 5 minə yaxındır: «Vergilər Nazirliyi ilə danışıqlar aparmışıq ki, yeni sayğac sistemi tətbiq edildiyi zaman müəyyən vergi ödəmələri həyata keçiriləcək. Hazırda sadələşdirilmiş vergi sistemindən istifadə edilir. Amma sayğac quraşdırıldıqdan sonra orda vergi hesablamaları görünəcək. Hələ ki, taksilərdə bu sistem tətbiq edilməyib».
Yeni sistemə gələn il Avropa Yay Olimpiya Oyunlarınadək keçiləcəyi bildirilir.