Muəllif:

Ölən müxalifət üçün rekviyem

Ankara

Artıq Azərbaycanda rəsmi olaraq müxalifət yoxdur. Sən demə, fil qulağında yatmışıq, xəbərimiz yox. Demə, bir neçə ay öncə, keçən il oktyabrın 9-da müxalifəti öz əllərimizlə, daha doğrusu, seçkilərdə verdiyimiz və vermədiyimiz səslərlə dəfn etmişik, üçünü, yeddisini, qırxını da çoxdan vermişik. Materialist damarım yenə də tutdu. Bilirsiniz, nədən? Ona görə ki, bu müxalifətin ehsanını daddığımı xatırlamıram. Ehsansız da dəfn mərasimi olar?! Onlara bəlkə də ehsan düşmür. Amma, necə deyərlər, on dostumuz, yüz düşmənimiz var. Dilə-dişə düşərik. Hamı deyər ki, milli adət-ənənələrə xor baxırıq. Nə olsun ki, onlara ehsan düşmür! O qədər cəhənnəmlik olanların adına təmtəraqlı ehsan süfrələri açmışıq ki, sayı-hesabı yoxdur. Müxalifət üçün də analoqu olmayan bir dövlətin adına layiq təmtəraqlı ehsan süfrəsi açmağa dəyər.
Əslində bir çoxları kimi mənim üçün də, bu yeni xəbər deyil. 2005-ci ildən sonra sözün politoloji mənasında Azərbaycanda müxalifətin yoxa çıxdığını dəfələrlə yazmışam. Məni təəccübləndirən bu gerçəkliyin rəsmi şəkildə təsdiqlənməsi, etiraf edilməsidir. Bu çox vacib, hətta mən deyərdim ki, dönüş mərhələsidir.
Bir çoxları müxalifətin ölümünün, qətlinin, intiharının, bir sözlə yoxluğunun hansı anlama gəldiyinin fərqinə belə varmırlar. Amma, düşünməyə dəyər! Özü də ola bilər ki, sonuncu dəfə.
Bu günlərdə növbəti Qarabağ əlilinin özünü yandıraraq intihar cəhdi haqqında bir xəbər oxudum. Məni təəccübləndirən intihar faktının özü deyildi. Qarabağ əlilinin bir qədər öncə az qala ümummilli miqyaslı ictimai-siyasi olaya və nəticə etibarı ilə ən yüksək siyasi məqamlarda müzakirə mövzusuna çevrilən intihar faktından sonra, bu cür cəhdlərin dəbə çevriləcəyini yazmışdım. Dediyim də oldu. Bütün millət qısa bir müddət üçün adı dillər əzbəri olmuş, o Qarabağ əlili kimi belə «asan yolla» bütün problemlərini həll edəcəyini, hətta yaxşı bir qazanc götürəcəyini düşündü.
Bütün həyatdan bezmişlər növbəyə düzüldülər. Hərəsi bir gözəgəlimli ictimai yerdə özünə od vurdu. Xəbərdarlıq etmişdim ki, xeyri yoxdur. Həyatlarından bezsələr də, qıymasınlar. Çünki onların payına heç nə düşməyəcək. Hər yerdə, lap seçkilərdə olduğu kimi bu işdə də birincilik vacibdir. Eyni südün qaymağını bir dəfədən artıq yığmaq olmaz. Bizim hakim elitamız bütün canından bezənlərin nəsli-nəcabətini təmin etmək öhdəliyinin altına girməz. Onları bu dərəcədə hərif saymaq olmaz. Həyatlarını təhlükəyə atacaqlar, haqq-nahaqq işlər görəcəklər, halal-haram yollarla var-dövlət qazanacaqlar. Sonra da bütün bu qazandıqlarını canlarından bezən, əlindən bir iş gəlməyən havayı yeyənlərdən törəyənlərin qarınlarına dolduracaqlar?! Nədən?!
Düşündüyüm kimi də oldu. Asan yolla var-dövlət qazanmaq istəyənlərdən bir sonrakını lül-qəmbər əyyaş, digərini isə ruhi xəstə elan etdilər. Düz də etdilər. Əvvəla, başqa cür etsəydilər, onların özlərinin ağıldan kəm olması təəssüratı yaranardı. İkincisi, ölkəni intihar epidemiyası bürüyərdi. Bir sözlə, birincinin arxasınca gedənlərin hamısı ziyana düşdü…
Amma son intihar hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarının izahı məni doğrudan da təəccübləndirdi, az qala «evrika» bağırmağa məcbur etdi. Sən demə, haqqında danışılan Qarabağ əlili heç bir səbəb olmadan intihar etməyə çalışıbmış. SƏBƏBSİZ İNTİHAR…
Orta məktəbdən bizə bütün hadisələrdə, bütün proseslərdə səbəb-nəticə əlaqəsini axtarıb tapmağı öyrədiblər. İndi isə mövcudiyyətimizi təsbit edən bu qanunauyğunluğu da zibil səbətinə ata bilərik. Axı bizim ağlı başında, normal vətəndaşlarımız durduğu yerdə səbəbsiz olaraq intihar etməyə başlayıblar. Bu bəşər tarixində yeni bir dönəmin başladığının göstəricisidir. Özü də, bəşər tarixindəki yeni dönəmin bizdən başlandığı üçün böyük şərəf duymalıyıq.
Yeni dönəmin başlanğıcının sübutu olan bu olay müxalifətin ölümünün səbəbini də izah edir. Əslində şahidi olduğumuz olay, yəni müxalifətin ölümü səbəb-nəticə əlaqəsi qanunauyğunluğunun son təzahürüdür. Məni dəli sayma, hörmətli oxucum. Hər şeyi məntiqlə izah etməyə çalışacağam.
Məsələ ondadır ki, konkret insanın sıradan bir normal fərd, ağıllı, ağıllı dəli, ya da sadəcə dəli olmasının, onun davranışı baxımından əslində elə bir önəmi yoxdur. Çünki bütün hallarda konkret insanın, hətta ən ağır ruhi xəstənin belə atdığı addımların izahı olmalıdır. Yəni insanı hərəkətə keçməyə məcbur edən bir motivi olmalıdır. Bir sözlə, nəticəni müəyyənləşdirən səbəb olmalıdır.
Normalda yaşadığımız mühit bizi hərəkətə keçməyə sövq edən səbəblərlə dolu olmalıdır və mən bu günə qədər elə düşünürdüm ki, doludur. İndi isə hüquq-mühafizə orqanlarının təsbitinə görə, səbəbsiz hərəkətə keçən və öz həyatına son qoyan bir insanla qarşı-qarşıya qalmışıq. Bu bəşər tarixində bir ilkdir.
Əslində insan yalnız bir halda səbəbsiz olaraq intihar edə bilər: yaşamaq, hərəkətə keçmək üçün bütün stimulları itirəndə, yəni mütləq xoşbəxtlik məqamına yüksələndə. Deməli, Azərbaycan cəmiyyətində mütləq xoşbəxt insanlar yaranmağa başlayıb. Bu qanunauyğunluq bütünlükdə cəmiyyət üçün də keçərlidir. Məsələ ondadır ki, müxalifətsiz cəmiyyət ola bilməz. Hətta totalitar rejimlərin, avtoritar diktaturaların mövcud olduğu ölkələrdə belə, ümumiyyətlə insan deyilən bir varlığın olduğu bütün ortamlarda müxalifətin mövcudluğu qaçılmazdır. Əks təqdirdə heç nə dəyişməzdi, hər şey olduğu kimi qalardı. Hər halda dünənə qədər mən bu həqiqətə inanırdım.
İndi isə bizə deyirlər ki, Azərbaycanda müxalifət çoxdan ölüb, basdırılıb, hətta məzarını kol-kos basdığı üçün, yerini belə unutmuşuq. Xüsusi olaraq nəzərinizə çatdırıram ki, söhbət müxalifətə öz mövcudiyyətini nümayiş etdirməyə maneçilik törədən demokratik ortamın yoxluğundan getmir. Söhbət müxalifətin, məhz, ölümündən gedir. Bunlar fəqli şeylərdir. Bir də ki, deyilənə görə, Azərbaycan demokratiyanın səviyyəsinə görə bütün dünyaya nümunə ola bilər və örnəkdir. Paradoksa bir bax! Demokratiyanın səviyyəsinə görə bütün dünyaya örnək ola biləcək bir ölkədə müxalifət ölüb!!!
Bu paradoks yalnız bir halda həqiqət ola bilər. Əgər Azərbaycanda tam doymuş, mütləq dərəcədə xoşbəxt cəmiyyət qurmuşuqsa.
Afrika mənşəli amerikalıların vətəndaş hüquqları uğrunda qeyri-zorakı yolla mübarizənin önündə gedən Martin Lüter Kinq 1964-cü ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan dörd il sonra o qətlə yetirildi. Vəsiyyətinə görə, onun məzar daşının üstündə bu sözlər yazılıb: «Nəhayət ki, mən azadam! Mən azadam!». Bu da bir intihar idi. Amma səbəbsiz deyildi. Bu özünün və böyük bir toplumun azadlığı naminə intihar idi. Yaşam haqqı naminə bir intihar idi.
Martin Lüter Kinqin əslində bir intihar olan qətlindən cəmi-cümlətanı 36 il sonra Afrika mənşəli amerikalı Barak Obama ABŞ prezidenti seçildi. Bu yerdə böyük bir toplumun faciəsinin fotoqrafik dəqiqliklə ən kiçik detalları da əhatə olunmaqla tablosunu yaradan Cəlil Məmmədquluzadənin doğrudan da bizim üçün ölməz «Ölülər» komediyasının necə yada salmayasan. Yüz ildən də artıq vaxt keçib. Amma biz bir toplum kimi çoxlarının gözündə «canlı ölülərdən» heç nə ilə fərqlənmirik. Lap yüz il öncəsi kimi…
[email protected] 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 277