Obama Putini ordunu geri çəkməyə çağırdı
Barak Obama və Vladimir Putin Krıma görə sanksiyalardan sonra ilk dəfə telefonla danışıblar. Bu telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə olub. Danışığın gedişində dövlət başçıları Ukrayna böhranının həll yollarını müzakirə ediblər. Kreml mətbuat xidmətinə istinadən yayılan məlumata görə, Putin Obamanın diqqətini Kiyevdə və Ukraynanın fərqli bölgələrində ekstremistlərin dinc sakinlərə, hökumət strukturlarına, hüquq-mühafizə orqanlarına qarşı təhdidlərinə çəkib. Bu çərçivədə Putin durumun sabitləşməsi yolunda beynəlxalq ictimaiyyətin mümkün əməkdaşlığının nəzərdən keçirilməsini təklif edib.
Putin Rusiyanın davranışına əsas verən bəlli arqumentləri təkrarlayıb.
Putin ekstremistlərin hərəkətləri dedikdə, aydın görünür ki, burada söhbət «Pravıy sektor» adlı ekstremist təşkilatdan gedir. Belə bir fikir var ki, bu təşkilatın arxasında Putin özü dayanır. Onun törətdiyi əməllər Putinə Ukraynanın daxili işlərinə qarışmasına bəhanə vermək üçündür.
Putin Pridnestrovyedəki duruma da toxunub. Hiss olunur ki, onun bu bölgə ilə bağlı da nəsə bir niyyətləri vardır.
Prezident Barak Obama bunları bilməmiş deyil və öz növbəsindəisə rusiyalı həmkarı Vladiimr Putini hazırda cəmləşdirdiyi ordunu Ukrayna ilə sərhəd ərazilərdən geri çəkməyə çağırıb. Obama açıq-açığına Qərb dünyasının belə bir rahatsızlığını ifadə edib ki, Moskva Krımın ardınca Ukraynanın şərq hissəsini də işğal etməyə girişə bilər.
Barak Obama, həmçinin, eləcə də Ukrayna hökumətinin böhranın yumşalması, konstitusiya islahatları və demokratik seçkilər istiqamətində çalışdığını bildirərək, Moskvanı bu prosesi dəstəkləməyə, təxribatlara getməməyə çağırıb.
Son yekunda prezidentlər bundan sonra görüləcək işlərin Rusiya və ABŞ xarici işlər idarələri rəhbərləri tərəfindən müzakirə edilməsi barədə razılığa gəlmişlər.