Muəllif:

Niyə, nəyə görə, ölüm?

Son vaxtlar həyat boyu doğulan sualların çoxluğundan və ağırlığından şikayət edən dost-tanışa çox rast gəlirəm. Bəlkə, əvvəllər də belə olub, fərqinə varmamışam. Nədənsə, özüm də istər-istəməz bu barədə düşünməyə başladım. Sən demə, məndə də cavabını bilmədiyim bir çox suallar yığışıbmış. Amma şükür ki, ağlına, intellektinə inandığım insanlar var və mən cavabını almaq ümidi ilə bu sualların bəzilərini onlara ünvanlayıram.
Keçən həftə qəzetə bir cızma-qara vermişdim. Bir yeniyetmə həyəcanı ilə qəzetin çıxacağı günü gözləyib çıxdım almağa. Yaxın ətrafdakı bütün küçələrə baş çəkdim. Tapa bildiyim bir neçə köşkdə yalnız krossvordlar və siqaret satılırdı. Qəribədir, deyilmi? Əgər bu millətə qəzet lazım deyilsə, onda bu qədər əziyyət, xərc və zülm kimə və nəyə görədir, ölüm?
Arada bir neçə il Gürcüstanda işləyəsi oldum. Təbii ki, bu illərdə yaxınlaşdığım, dostlaşdığım insanlar da oldu. Onlardan biri o dövrün tanınmış mahnı yazarı idi. Ən populyar müğənnilər onun mahnıları ilə məşhurlaşırdılar. Dolanışıq xatirinə şəhərdə «marşrutka» sürürdü. Hər gün də olmasa, vaxtaşırı görüşərdik. Çox maraqlı müsahib idi. Bir dəfə ondan soruşdum ki, niyə təzə mahnılar yazmırsan? Gürcülərə məxsus bic bir ifadə ilə üzümə baxıb dedi ki, «Mexi masallibeli, — gürcü dostlarım məni belə çağırırdılar, — təsəvvür elə ki, marşrutkanı sürə-sürə qapanmışam özümə, yeni bir mahnının melodiyası fikrimdə, demək olar, hazırdır. Birdən kobud bir əl çiynimdən yapışıb hirslə silkələyir: «Karsan, sənə demirəm, saxla! Al, bu da sənin 20 qəpiyin!» Bundan sonra beynimdə not qalar? Uçub dağılırlar, elə bil dənlikdə eşələnən sərçələrə daş atmısan». O zaman gürcü dostum bunu danışarkən gülməkdən uğunmuşdum. Heç bilmirəm, bu əhvalatı niyə xatırladım. Bəlkə, ona görə ki, bəstəkar olmasaq da, elə biz də o gündəyik, sadəcə, xəbərimiz yoxdur? Necə fikirləşirsən, ölüm?
Bütün nəqliyyat vasitələri idarə olunur. İstədiyin yerə döndərirsən, istədiyin yerdə saxlayırsan. Bircə bəzi «karusel arabaları»ndan başqa. Baxırsan, sükanı da, əyləci də yerində. Amma yalançı. Operator düyməni basır və o tərpənib müəyyən trayektoriya üzrə yolunu gedir. Ha sağa-sola döndərirsən, ha saxlamaq istəyirsən, sənə qulaq asmır ki, asmır. Elə öz bildiyini edir. Mindiyimiz zaman arabası kimi. Mindiyimiz dedim, idarə etdiyimiz yox. Çünki bizim istədiyimiz yerə dönmür. Durmaq istədiyimiz dayanacağın yanından elə keçir ki, bizə yalnız dönüb həsrətlə geriyə baxmaq qalır. Niyə belədir, ölüm? Görəndə ki, həyatda hər şey istədiyin kimi getmir, cəmiyyət köpəkoğluluqlarla dolub-daşır və günahkarlar qalıb bir yanda, camaat zəmanəni söyür (guya zəmanə neyləməli idi), «dəli bir ağlamaq keçir könlümdən». İstər-istəməz, gözündən bir damcı da olsa, yaş çıxır. Bu, soğanın acışdırdığı gözdən çıxan yaş deyil. Amma, di gəl, oğulsansa, bunları tutuşdurub, hansının soğan acısından, hansının iç yanğısından olduğunu ayırd edəcək ekspert tap. Varmı, ölüm?
Tutaq ki, kimsə özündə açar ola-ola, girmək istədiyi evin qapısını döyür. (Eynən bizim cəmiyyətdəki kimi. Əllərində BİRLİK adında açar var, amma açıb içəri girmək əvəzinə, əvvəl «qapını», sonra bir-birilərini döyürlər?!) Məncə, bu, iki səbəbdən ola bilər. Ya içəri keçəndə nəyisə görməkdən qorxurlar, ya da …………… Səncə, hansıdır, ölüm?
Cəmiyyət heç vaxt ağıllı adamlardan xali olmayıb. Bilmirəm, axır vaxtlar nə baş verir? Köhnə bir el məsəli yadıma düşdü. Deyərdilər ki, hamı dəli olanda dua yazdırmaq üçün mollanın yanına gedir. Bəs molla dəli olanda kimin yanına getsinlər, ölüm?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 226