Muəllif:

Niyə bankomatlarda növbələr yaranır, bilirsinizmi?

Bankomatlarda növbələrin yaranmamasını təmin etmək olar! Bunun üçün pensiya, maaşların və sosial ödənişlərin verilməsinin 2 bankın inhisarından çıxmalıdır.

Ayın bəlli bir günlərində maaş və pensiya almağa qaçan vətəndaş növbələrdə xeyli vaxt itirməli olur. Bu azmış kimi uzunmüddətli bayram günlərində insanlar pul qıtlığı problemi ilə üzləşir. Çünki qeyri-iş günləri bankomatlar vaxtında pulla təmin edilmir və buna görə də pul çatışmır. Bəzi hallarda isə aparatın nasazlığı səbəbindən pul çıxarmaq mümkünsüz olur. Hər bir halda əziyyəti qazancı ancaq aylıq məvacibdən ibarət olan vətəndaşa dəyir.

Iqtisadçı Samir Əliyevin fikrincə, bu problemin yaranmasını əsasən 4 səbəblə izah etmək olar.

Birinci səbəb, əlbəttə, bankomatların sayının kifayət qədər olmamasıdır. Bankomatların sayının optimal səviyyədə olması kart sahiblərinin nağd pula əlçatanlığı üçün vacib şərtdir. Mərkəzi Bankın rəqəminə görə,  ümumilikdə 2417 bankomat fəaliyyət göstərir. Hər bank orta hesabla 56 bankomata xidmət göstərir. Bu, ölkədədki şəhər və rayonların sayından da azdır. Cəmi bankomatların təxminən yarısı 2 bankın – Beynəlxalq Bankın və Kapital bankın payına düşür. Bu halda yerdə qalan bankların payına orta hesabla 30 bankomat düşər.

Ölkədə əhalinin hər 100 min nəfərinə 25 bankomat düşür. Bu göstəriciyə görə, Azərbaycan keçmiş SSRİ ölkələri arasında ancaq Orta Asiya ölkələrini qabaqlayır. Qırğızıstanda əhalinin hər 100 min nəfərinə 12, Tacikistanda 8, Özbəkistanda 5 bankomat xidmət göstərir. Oxşar göstərici Moldovada 301, Rusiyada 153, Ukraynada 84, Qazaxıstanda 66, Gürcüstanda 42, Ermənistan və Belorusda 41-ə bərabərdir.

İnkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir. Belə ki, Kanadada əhalinin hər 100 min nəfərinə 208, Avstraliyada 167, İspaniyada 149, Yaponiyada 129, Fransada 110, İsveçrə və İtaliyada 100 bankomat ximət göstərir.

Əliyevin sözlərinə görə, bankomatların yüklənməsinin ikinci səbəbi pensiyaların və büdcədən verilən maaşlara ancaq 2 bankın xidmət göstərməsidir. Hazırda 3 milyona yaxın şəxs dövlət büdcəsindən müxtəlif təyinatlı ödəniş alır ki, bunların da təxminən 1,3 milyon nəfərini pensiyaçılar təşkil edir. Pensiyalarla yanaşı büdcə işçilərinin maaşları, sosial müavinətlər, təqaüdlər və s. debet kartları vasitəsilə alınır. Həmin kartlara isə yalnız 2 bank – Beynəlxalq Bank və Kapital Bank xidmət göstərir. 2 bankın sərəncamında olan bankomatların ümumi sayı 1167-dir. Deməli, bu halda 1 bankomatın öhdəsinə 2570 nəfər pensiyaçı və ya büdcə işçisi düşür. Bura bankların özəl müştərilərini də əlavə etsək vəziyyətin bə qədər kritik olduğunu görmək olar.

Üçüncü səbəb bayram günləri bankomatlara zəif xidmət göstərilməsidir. İqtisadçı deyir ki, bir qayda olaraq uzunmüddətli bayram günlərində bankomatlarda pul qıtlığı müşahidə edilir. Çünki adi iş günlərindən fərqli olaraq bayram günləri bankomatlara ya pul yerləşdirilmir, ya da mütəmadi edilmir. Çünki bayram günləri bank sistemi işləmir. Digər tərəfdən bayram günləri bankomatların pulla doldurulması prosesi banklara adi günlərlə müqayisədə daha çox xərcə salır. Hansısa bankomatın sıradan çıxması isə vəziyyəti daha da gərginləşdirir və digər bankomatların daha da yüklənməsinə rəvac verir.

Dördüncü səbəb əhalinin hələ də kartlardan nağdsız ödəniş vasitəsilə kimi istifadə etmədiyidir. Hazırda ölkədə 5,8 milyon plastik kart mövcuddur. Bu kartların 4,8 milyon ədədi maaş, pensiya və sosial ödəniş kartlarının payına düşür. Kart sahiblərinin 85%-i nağdlaşdırma əməliyyatına üstünlük verir. Yəni onlar pulu nağdılaşdırmaq üçün bankomatlara üz tuturlar. Halbuki kommunal xidmətlərdən tutmuş adi internet xidmətinə qədər olan ödənişləri onlayn qaydada, bankomata gedib pul çixarmadan, əlavə vaxt itirmədən etmək olar.

Əlbəttə, bütün bu səbəblər aradan qaldırıla biləndir. Əliyev hesab edir ki, bunun üçün hökumət tərəfindən ən azı bir sıra addımların atılması vacibdir. İqtisadçı təklif edir ki, pensiya, maaşların və sosial ödənişlərin verilməsinin 2 bankın inhisarından çıxarılmalı, digər bankların da bu xidmətə qoşulması təmin edilməlidir. Bununla yanaşı nağdsız ödənişlər inkişaf etdirilməli, belə ödənişlər üçün zəruri infrastruktur yaradılmalı, stimullaşdırıcı tədbirlər görülməlidir. Əlbəttə, əhalinin maarifləndirilməsi sahəsində işlər gücləndirilməli, nağdsız ödənişin üstünlüyü və vacibliyi təbliğ edilməlidir.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207