Nina Oqnyanova: “Azərbaycan Avrasiya regionunda aparıcı jurnalist həbsxanalarından biridir”
Rauf Mirqədirova qarşı ittihamlara beynəlxalq reaksiyalar mənfidir. Azərbaycanın Avropa Şurası Komitəsinə rəhbərlik etdiyi ərəfədə Bakıda sayca doqquzuncu jurnalistin həbs olunduğuna diqqəti çəkirlər. “Jurnalist Rauf Mirqədirovun Türkiyədən deportasiya olunması azmış kimi, o, casusluqda ittiham olunur və həbs edilib. Biz Azərbaycan hakimiyyətini bu saxta ittihamları ləğv etməyə və müstəqil səsləri susdurmaq məqsədilə təzyiqlərə son qoymağa çağırırıq”. Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova bildirib (Turan). “Azərbaycan Avrasiya regionunda aparıcı jurnalist həbsxanalarından biridir”, deyə o qeyd edib.
Mirqədirov Şənbə günü Ankaradan Bakıya qayıtdıqdan sonra dövlətə xəyanət ittihamı ilə saxlanılıb. Baş Prokurorluq Mirqədirovusiyasi və hərbi xarakterli məlumatları, o cümlədən dövlət sirri olan məlumatları ermənilərə verməkdə ittiham edir.
“Azərbaycanda son illər mətbuat azadlığı daim pisləşir. Mətbuat azadlığının təmin edilməsi üzrə öhdəliklərə, habelə Avropa Şurası qarşısındakı öhdəliklərə baxmayaraq, Azərbaycan hakimiyyəti öz tənqidçilərini təqib etməyə və həbs etməyə davam edir, mətbuatın azadlığını məhdudlaşdıran qanunlar qəbul edir, QHT-lərin fəaliyyətinə böyük məhdudiyyətlər tətbiq edir, deyə JMK-nin bəyanatında qeyd edilib.