Nikolay Patskeviç: Əmtəə dövriyyəsi 63 faiz artaraq 268,6 milyon dollar təşkil edib
Ermənistanın Gömrük İttifaqına daxil olması il bağlı istənilən məsələyə diqqətlə baxılacaq və bütün qərarlar beynəlxalq hüquqa müvafiq şəkildə həyata keçiriləcək. Bunu bu gün jurnalistlərə Belarusun Bakıdakı səfiri Nikolay Patskeviç bildirib.
Diplomat deyib: «Əgər Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı hansısa problem yaranarsa, onda onlara mütləq hərtərəfli şəkildə baxılacaq və qərar qəbul edilərkən bütün tərəflərin mövqeləri nəzərə alınacaq. Gömrük İttifaqının iştirakçısı olan bütün ölkələrin rəsmi mövqeyi bəllidir».
Üç ölkənin Gömrük İttifaqı 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Qırğızıstan, Moldova, Suriya, Vyetnam, Yeni Zelandiya, Ermənistan Gömrük İttifaqına daxil olmaq barədə istəklərini bəyan ediblər.
2013-cü ildə Belarusla Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq strateji səviyyədə qalıb. Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, istehsal kooperasiyası, tikinti, təhsil, səhiyyə, həmçinin elm və texnologiya sahələrində birgə layihələr ölkələr arasında əməkdaşlığın əsas prioriteti olaraq qalır: «2013-cü ildə Gəncə Avtomobil zavodu ilə traktor texnikasının birgə istehsalı, hazırda sınaqdan keçirilən avtobus və yedəkçilərin təcrübə partiyalarının yığımına dair əməkdaşlıq üzrə yeni layihələr meydana çıxıb».
Səfir deyib ki, həmçinin iki ölkə arasında əmtəə dövriyyəsinin səviyyəsi də artmaqda davam edir.
Belarusun Milli Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar-noyabrında ölkələr arasında əmtəə dövriyyəsi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 63 faiz artaraq 268,6 milyon dollar təşkil edib.
Patskeviç deyib: «Belarus Azərbaycanla uzunmüddətli əməkdaşlığa köklənib və bu, qardaşcasına münasibətlərə əsaslanır. Bu tapşırığı bizim qarşımızda dövlət başçıları qoyublar və onlar dəfələrlə qeyd ediblər ki, əməkdaşlığın potensialı çox böyükdür».
Diplomatın sözlərinə görə, növbəti ildə ölkələrin əldə etmək niyyətində olduqları əmtəə dövriyyəsinin səviyyəsi 300 milyon dollar təşkil edəcək.