NİDAçıların məhkəməsi: Şahin Novruzlu ifadə verib
Martın 28-də NİDA hərəkatının fəallarının işi üzrə məhkəmədə təqsirləndirilən şəxs Şahin Novruzlu ifadə verib. Gənc bildirib ki, ərəb dünyasında inqilabi hadisələr onda böyük maraq doğurdu və o, inqilab dedikdə xalqın həyatının yaxşılaşmasını, ədalətsizliyə qarşı mübarizəni başa düşürdü. Lakin Azərbaycanda piketlərin və mitinqlərin qarşısı polis tərəfindən alındığına görə o, kütləvi mübarizənin başqa formaları haqqında düşünməyə başlayıb.
O, demokratik ölkələrdə hadisələr haqqında xəbərlərdən nümayişçilərin “Molotov” kokteyllərindən istifadə etdiyini görürdü və siyasi mübarizədə bunu qəbulediməz hesab edirdi. Bununla əlaqədar olaraq, İnternetdə “Molotov kokteyllərinin” hazırlanması və istifadəsi haqqında bir neçə videoçarx tapıb.
Lakin həmfikirləri zorakı mübarizə metodlarını qəbul etmədiklərini bildirdikdən sonra o, artıq “Molotov kokteylləri” ilə maraqlanmayıb.
Bu, təxminən 2013-cü il fevralın ortalarında, yəni həbsindən üç həftə əvvəl baş verib.
Maraqlıdır ki, Novruzlu digər 7 təqsirləndirilən şəxslə həbsdən əvvəl tanış olmayıb.
Yalnız Bəxtiyar Quliyevlə facebook-da söhbət edib.
Novruzlu NİDA-ya virtual olaraq, Quliyevə anket göndərərək və iki gün sonra ondan təsdiq alaraq üzv qəbul edilib. Bundan sonra yalnız bir fəal onunla görüşüb və dinc mübarizə üsulları haqqında məlumat verib.
Daha sonra Novruzlu qeyd edib ki, onların evinə narkotiki və “Molotov kokteyllərini” MTN əməkdaşları atıb.
O bildirib ki, saxlandıqdan sonra MTN-də fiziki və psixoloji təzyiqə məruz qalıb. Martın 7-də MTN-ə gətirildikdən dərhal sonra o, narkotikin və “Molotov kokteyllərinin” ona məxsus olmadığını bildirib.
Bu zaman kameraya aparılmazdan əvvəl Novruzlunu səbəbsiz yerə döyüblər, 4 dişini qırıblar.
Daha sonra iki əməkdaş da gəlib, onlardan biri Novruzlunu dəyənəklə döyməyi təklif edib. Lakin digəri onu dayandırıb. Növbəti gün dindirilmə zamanı idmançı bədən quruluşlu şəxs otağa daxil olaraq, şahid Qasım Tağıyevdən Novruzlunun özünü necə apardığını soruşub. Müstəntiq Novruzlunun “həqiqəti demək istəmədiyindən” şikayət edib.
“Bu şəxs mənim sinəmə elə yumruq vurdu ki, bir müddət nəfəs belə ala bilmədim”, deyən Novruzlu əlavə edib ki, onu doğmaları ilə hesablaşacaqları ilə hədələyiblər.
Daha sonra onu başqa otağa aparıblar, burada ona qarşı “yumşaq davranıblar”, cərimə edib buraxacaqlarını deyiblər, amma ona diktə ediləcək ifadələri yazmaq lazımdır. Daha sonra o, bütün bunları “arxiv” üçün videokameraya söyləməlidir. “Mənə dedilər ki, iki gənc bunu etdikdən sonra buraxılıb”.
Bundan sonra Novruzluya ona diktə edilmiş mətni məhkəmədə də təkrar etməyi təklif ediblər və imzalamaq üçün bir neçə kağız veriblər.
Paralel olaraq gəncin atasına məhkəmədə oğlunu azad etməyi vəd edərək, bəzi sənədləri imzalamağı təklif ediblər. Bu kağızlardan biri atanın guya MTN-də dindirilmə zamanı iştirakının təsdiqi olub, belə ki, həmin vaxt Şahin yetkinlik yaşına çatmamışdı. Lakin Novruzlu və atası İbrahim Novruzov bunu təkzib ediblər.
Daha sonra müttəhimin atası bildirib ki, 7 mart 2013-cü ildə 10-a yaxın MTN əməkdaşı hər-hansı sənəd təqdim etmədən onların evinə soxulub və axtarış həyata keçirib. Bütün bu vaxt ərzində evin qapısı açıq olub və daim insanlar girib-çıxıb. Sonda paltaryuyan maşının arxasından içində narkotik olan paket “tapıblar”, dəhlizdə isə içərisində maye dolu şüşələr olan qutu “aşkarlanıb”. “Bu qutunu onlar sona yaxın gətiriblər. Buna qədər evdə benzin iyi yox idi”, deyə İ.Novruzov bildirib.
Onun sözlərinə görə, MTN əməkdaşları mənzildən dostunun saxlamaq üçün ona verdiyi 94 100 manatı götürüblər. Pulun bir hissəsi isə İ.Novruzovun qardaşına və bacısına məxsus idi.
O, bunu seyfinin olması və onun pul saxlamasının etibarlı olması ilə izah edib.
“Pul Şahinə məxsus deyildi. Onlarda heç onun əl izləri belə yoxdur”, deyə ata bildirib. Bundan başqa, mənzildən 16 min manatlıq telefon sim-kartları götürülüb (İ.Novruzov valyuta mübadiləsi məntəqəsində işləyir və həmçinin telefon kartlarının topdan satışı ilə məşğuldur). “İndiyədək nə pul, nə sim-kartlar qaytarılmayıb”.
Proses davam edir.
* Bütün təqsirləndirilənlər 2013-cü ilin mart-aprel aylarında 10 mart əsgər ölümlərinə etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaq ittihamı ilə həbs ediliblər. Onlara qarşı həmçinin qanunsuz partlayıcı maddə, narkotik saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb. Amnesty İnternational bütün məhbusları “vicdan məhbusu” kimi tanıyıb (Turan).