Muəllif:

Nəşriyyat, yoxsa Şeytanbazar?

Yeni sözlə deyilsə, «şok» olmalı xəbər idi: «nəşriyyat»ın uçurulma söhbəti dolaşır. Hardansa qəfildən çıxdı ortaya. Söhbət sovet keçmişinin «Kommunist», bağımsızlıq dönəminin «Azərbaycan», mətbuat işçilərinin, marşrut avtobusu və taksi sürücülərinin dilində isə sadəcə «nəşriyyat» adlanan və Mətbuat prospektində yerləşən 9-mərtəbəli binadan gedir, o binadan ki, prospektə öz fəaliyyət sferasının adını verib. Nə zaman olacaq bu uçurulma — önəmli deyil. İndilik sadəcə, söhbətlər gəzir. Gerçəkləşəcəyinə isə şəkk-filan gətirmək lazım gəlmir — praktikamızdan bilirik ki, bu kimi xəbərlər hallandırılmağa başlandımı, az sonra, gerçəyə çevrilir. Buna toplumu «dişinə vurmaq» taktikası deyilir.
Kədərlənəkmi, yoxsa… Mətbuatda işləyən hər kəsin bu bina ilə bağlı nə zamansa, nə dərəcədəsə təması olub. Şəxsən mənim də ömrümün səkkiz ili bu bina ilə bağlı keçib, o vaxtlar az qala hər gün — işimiz hədsiz çox olduğundan şənbə və bazar günləri belə bu qapıdan içəri girmiş, Elçin müəllim demiş «tank kimi» işləmişik və o vaxtlar — 1990-1998-ci illərdə bütün dördüncü mərtəbənin yarıdan çoxunu bizim redaksiyanın otaqları zəbt edirdi. Sonra birdən… Yaxşı ki, oradan köçdük — bütün sonrakı illərdə hər dəfə yolum o binaya düşəndə, orada baş verənləri gördükcə, uzun dəhlizlərdən keçib getdikcə hər zaman bu fikir keçib ağlımdan. Nə yaxşı ki, buradan köçdük.
Gözümüzün qarşısında cəmiyyət necə deqradasiyaya uğradısa, bu bina və onun müqəddəs məzmunu da eləcə ildən-ilə öz ilkin təyinatını itirərək, şeytanbazara çevrildi. Əslində elə biz orada yerləşəndən zayı çıxmağa başlamışdı. Vaxtında oradan uzaqlaşdıq. Bu kiməsə mübahisəli görünə bilər, kimsə «bunu hansı meyara əsaslanıb iddia edirsən» deyə bilər. Deyim ki, bu aşınmanın gözgörəsi əlamətləri gizlində deyil, eləmə tənbəllik bu 9 mərtəbənin dəhlizlərindən keçib getmək və qapıların üstündə — orada yerləşmiş mətbuat orqanlarının (əgər onlara şamilən bunu deyə biləriksə) gözəçarpan adlarını oxumaq (qopuq parket parçalarına ilişib yıxılmamaq üçün bir gözün ayağının altına baxsın) yetər. Adları oxuduqca o qapıların arxasındakıların nə kimi təfəkkür sahibi olduqları, hansı qayəni güddükləri barədə nəticə çıxara bilirsən (qiymətləndirmə hər bir vətəndaşın haqqıdır).
İkinci mərtəbədən sonuncu mərtəbəyə qədər qeyd edə bildiyim adlara baxın və XXI yüzilin bu günündə siz özünüz nəticə hasil edin. Beləliklə gözümə dəyənlər:
«Yeniləşən Azərbaycan», «Sirli Azərbaycan», «Həqiqət naminə», «Bütöv Azərbaycan», «Departament», «Kənd həyatı», «Ailə həkimi», «Nəbz», «Kredo», «Axşam», «Parlament», «Atribut», «Zülmətdən işığa», «Güzgü», «Söz», «Qanunun aliliyi», «Qanunun keşiyində», «Haqqın sədası», «Gənclik», «Açıq-aşkar», «Yeni təfəkkür», «Tək səbir», «Məhsəti», «Elm və zəka», «Bizim lider», «P.S.», «Vəfa», «Sehrli xalat», Aktual»;
«Azərbaycan naminə», «Qanun və təhqiqat», «Zəngəzurun səsi», Carçı», «Açıq səma», «Azərbaycan fermeri», «Kirpi», «Müasir Azərbaycan həqiqətləri», «Alam», «Cəmiyyət», «Seçmə»;
«Qarabağa aparan yol», «Vedibasar», «Azərbaycan mədəniyyəti», «Respublika gəncləri», «Təzadlar», «Qanun və hədəf», «Ulu məkan», «Paralel», «Mediainfor» (bu yerdə divarda qəşəng hərflərlə redaktor Məhəmməd İmanlının — BDU-da məşhur rüşvət hadisəsi üstündə həbsdə günlərini sayan şəxsin adını oxuyuruq), «Obyektiv söz», «Yeni xəbər», «Azad hüquqşünas», «Həyat», «Sərbəst düşüncə»;
«Oğuz eli», «Medianews», «Azad qələm», «Sahil», «Təhsil»,»Şərəfli dövr», «Bizim dövr», «Ocaq»;
«Tələbə», «Bizim Azərbaycan», «Elin sözü», «Ad günü», «Ulu məkan», «Ədalətin keşiyində», «Xalq qəzeti və sahibkarlıq» «Azərbaycan veteranı» «Dəryaz»…
Son günlər informasiya axınında «Kölgəli iqtisadiyyat və korrupsiya» və «İqtisadiyyat və kölgə» kimi əsrarəngiz adlar daşıyan iki «mətbuat orqanının» əməkdaşlarının dələduzluq üstündə yaxalandığını oxuyanda ayağımız yerdən üzülmüşdü. Bilmirsən güləsən, yoxsa ağlayasan?
Kimsə bunlardan hansı birinisə göşklərdə görübmü? Şəxsən mən maraq xatirinə dünən, bu gün yolumun üstündəki köşklərə göz gəzdirdim, bu xatırlatdığım adlardan birini də görmədim.
Missiyanın mənəvi tərəfini bir kənara qoyaq, fiziki baxımdan da bina it kökündədir, xarab tualetlərin natəmizliyindən dəhlizlə yeriyəndə adamın başı gicəllənir, burnunu cib dəsmalı ilə tutmalı olursan. «Respublika» qəzeti redaksiyasının dəhlizindən keçməli olsanız, ayaqyolunun ağır qoxusuna qarşı özünüzlə əleyhqaz ehtiyatı götürməyi unutmayın. Kim necə bilir özünə elə qapı qoyub: Avropa qapıları, köhnədən qalma sovet dönəmi qapıları və ucuz qapılar bir-biri ilə qonşuluq edir. Hər «redaksiya» barədə qapısına görə mühakimə yürütmək olar. Bəzi qapıların bayır tərəfində əlavə olaraq armaturlu qəfəsə də quraşdırılıb — möhkəm və etibarlı olsun deyə. İçəridə qiymətli nələri varmış görəsən?
Deyim ki, bəzi mərtəbələrdə sosial statuslar gözdən qaçmır. Dövlət büdcəsində oturan bəzi redaksiyalar uzun koridoru kəsib bu şeytanbazar daxilində özlərinə «mikromühit» yarada biliblər.
Belə bir yer — bu ölkənin mediasının cəmləşdiyi yerdir… Allah göstərməsin, bir əcnəbinin yolu bura düşsün. Bu bina, bu natəmizlik, bu iş şəraiti, bu əndərabadi adlar — ölkə jurnalistikasının intellektual səviyyəsinin ən gözəl göstəricisi kimi qavranılacaq və səhv etməyəcək.
Xilas yolu — binanı kökündən uçurmaq. Yerini diqqətlə dezinfeksiya etmək. Bu ərazidən başqa faydalı məqsəd üçün istifadə etmək — şəxsən mən çıxış yolunu bu radikal addımda görürəm və heç kəs məni qınamağa qalxmasın. Toplum infeksiyadan xilas olmuş olar. Kimlərsə işsizmi qalacaq? — zənnimcə yox, sağlam mediaya hər zaman ehtiyac olub, qoy media sahəsində işləmək istəyən özünə yer tapsın, başını işlətsin və bazarda sağlam rəqabət şəraitində yerini tutmağa çalışsın.
Böyük Katon hər zaman Roma senatındakı çıxışında yeri gəldi-gəlmədi Romanın əzəli və qəddar rəqibi Karfagenin məsələsinə toxunar və deyərmiş: «Yeri gəlmişkən, Karfagen hər halda uçurulmalıdır». Senator Böyük Katonun hər dəfə öz nitqini bu ifadə ilə qurtarması bir gün öz nəticəsini verir. Onun dilindən tarixə köçmüş bu qanadlı ifadə bu gün bizim toplumun mənəvi təhdid mənbəyi olan «nəşriyyat»a da aid edilə bilər.
Toplumda mediaya normal münasibəti qaytarmaqdan ötrü bu bina hər halda uçurulmalıdır. Doğru sözümdür.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 296