Muəllif:

Nəhayət ki, avtomobil nəqliyyatına aid vahid terminologiya hazırlandı

Bu sahədə terminoloji pərakəndəlik nəhayət ki, aradan qaldırılır. Nəhayət ki, avtomobil nəqliyyatına aid vahid terminologiya hazırlanıb. Lüğətdə avtomobil nəqliyyatında işlənən 9 minə yaxın söz və söz birləşməsi yer alıb.

“Nəqliyyat sisteminin,  avtomobil nəqliyyatının sürətli inkişafı Azərbaycan dilində avtomobil nəqliyyatına aid elmi-texniki cəhətdən əsaslandırılmış vahid terminologiyanın hazırlanmasına böyük ehtiyac yaradıb”.

Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya açıqlamasında bildirib ki, vahid terminologiyanın olmaması səbəbindən avtomobil nəqliyyatına aid nəşr olunmuş dərslik, dərs vəsaitləri, monoqrafiyalar və normativ-texniki sənədlərdə rus, ingilis, alman və digər dillərdən eyni terminin qarşılığı Azərbaycan dilində müxtəlif terminlərlə verilib. Onun sözlərinə görə, müasir dövrdə elmi-texniki tərəqqinin avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasına tətbiqi və avtomobil nəqliyyatındakı inkişaf bu sahədəki terminologiyaların dinamik zənginləşməsini zəruri edir:

“Bu isə o deməkdir ki, Azərbaycan dilində avtomobil nəqliyyatı terminləri daim yeniləşməli və təkmilləşməlidir. Bu prosesdə istər elm-tədris və istərsə də praktiki sahədə bir sıra çətinliklər meydana çıxır. “Avtomobil nəqliyyatı terminləri lüğəti”nin hazırlanması isə ölkədə müstəqillik dövründə bu sahədə müəyyən qayda və sistemlilik yaradılması yolunda ilk təşəbbüsdür. Lüğətdə avtomobil nəqliyyatında işlənən 9 minə yaxın söz və söz birləşməsi təqdim olunub. Terminlərin tərtibi zamanı müxtəlif mənbələrdən, o cümlədən Azərbaycan dilində nəşr olunmuş dərslik, dərs vəsaitləri, normativ-texniki sənədlər və həmçinin müxtəlif dillərdə tərtib olunmuş lüğətlərdən, texniki ədəbiyyatlardan istifadə edilib. Bir sıra terminlər Azərbaycan dilində orfoqrafiya prinsipləri gözlənilməklə ilk dəfə olaraq işlənilib”.

Sadıqova qeyd edib ki, avtomobil nəqliyyatının müasir inkişaf dinamikası bu sahədə yeni terminlərin daha sürətlə meydana çıxmasına səbəb olur. Ona görə də lüğətlərin daim yeniləşməli və təkmilləşməlidir: “Şübhəsiz ki, təqdim olunan bir çox terminlər mübahisə doğuracaq qədər maraqlıdır. Təqdim olunan lüğət avtomobil nəqliyyatı sahəsində gündəlik həyatımızda, istər elm-təhsil sahəsində və istərsə də istehsalat-texniki sahədə Azərbaycan dilinin təmizliyinin və saflığının təmin olunmasında mühüm rol oynayacaq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 318