Muəllif:

NATO Qarabağ münaqişəsinin nizamlanmasında səmərəli addımlar ata bilər

Mayda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramını imzalamasından 20 il keçəcək. 2014-cü il il boyunca NATO tərəfdaşlarla münasibətlərinin 20 illiyini qeyd edir. Azərbaycanın NATO ilə əməkdaşlığının 20 illiyini dəyərləndirmək üçün bu dəfəki müsahibimiz «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru, «Ayna» və «Zerkalo»qəzetlərində dərc olunan «Ordunun Aynası» əlavəsinin müəllifi Cəsur Sümərinlidir. Cəsur Sümərinli, eyni zamanda, Azərbaycan — NATO münasibətlərini təhlil etməklə məşğuldur və bu istiqamətdə xeyli sayda məqalə və təhlilləri mətbuatda işıq üzü görüb.
— Sizcə Azərbaycan — NATO münasibətlərini qənaətbəxş hesab etmək olarmı?
— Bu günkü durumu qənaətbəxş hesab etmirəm və fikrimcə, ötən illərdə bu münasibətləri xeyli yuxarı səviyyəyə qaldırmaq olardı. Ümumilikdə, 1994-cü ildə Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramını imzalamasından sonra ötən 20 il ərzində bu əməkdaşlığın 4 istiqamətdə getdiyini müşahidə etmək olar: Birinci dövr 1994-2002-ci illəri əhatə edir. Bu dövrü NATO tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin kadr təminatının, ştat-struktur dəyişikliklərinin alyans standartlarına uyğunlaşdırılması istiqamətində edilən yardım kimi dəyərləndirirəm. NATO ilə Azərbaycan arasında onlarla əməkdaşlıq sənədi razılaşdırıldı. NATO ölkələri, xüsusilə də Türkiyə və Birləşmiş Ştatlar Azərbaycanda NATO standartlarına uyğun ordu quruculuğunu gücləndirmək hədəfi ilə strateji sənədlərin hazırlanma prosesində rəsmi Bakıya yardımçı oldular. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbində Sülh Naminə Tərəfdaşlıq Kafedrası yaradıldı ki, bu, Azərbaycanda hərbi təhsildə NATO standartlarının tətbiqatında mühüm addım hesab oluna bilərdi. O zaman Türkiyəli hərbi təlimatçılar Azərbaycan zabitlərinin NATO standartlarına uyğunlaşdırılmasına xeyli əmək sərf etmişdilər və 1997-ci ildə NATO standartları ilə təhsil almağa başlayan zabitlərimiz 2001-ci ildə məzun olaraq Müdafiə Nazirliyininin Təlim Tədris Mərkəzində ixtisaslaşmağa başladılar. Həmin dövrlərdə Azərbaycan yüzlərlə zabitini Türkiyə ali hərbi məktəblərində təhsil almağa göndərmişdi. Bir sözlə, onların Azərbaycan ordusunda fəaliyyətə başlamasından sonra hərbidə durumu kökündən dəyişdirəcəyinə ciddi ümidlər vardı. Amma təəssüf ki, bu, baş vermədi. Yeni hərbi kadrların orduda xidmətində ciddi əngəllər baş verdi. Əsas problem ordunu bürümüş korrupsiya və rüşvətxorluq, qanunlara kütləvi şəkildə əməl olunmaması ilə bağlı idi. Beləliklə, əslində ciddi vaxt və maliyyə itkisi gözə çarpırdı.
İkinci dövr 2002-2008-ci illəri əhatə edir. Bu dövrün əvvəllərində Azərbaycan — NATO dialoqunun gücləndirilməsi və genişləndirilməsinə alyans tərəfindən çoxsaylı cəhdlər edildi. Rusiyadan Bakıya ciddi təsir və təzyiqlər başladı, amma nəhayət, 2005-ci ilin mayında Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (FTƏP) razılaşdırıldı. Azərbaycan Gürcüstandan sonra bu sənədi qəbul edən ikinci tərəfdaş ölkə idi. Ermənistan Azərbaycandan sonra bu sənədi razılaşdırdı. FTƏP çox ambisiyalı sənəd hesab olunurdu və əsas hədəfi 4 istiqamətdə: siyasi, hərbi, iqtisadi və elm-informasiya istiqamətlərində Azərbaycan — NATO əməkdaşlığının konkret konturlarını — çərçivələrini müəyyənləşdirmək idi.
Azərbaycan bu, sənəd çərçivəsində yüzlərlə öhdəlik qəbul etdi və onların həyata keçirilməsi ilə bağlı konkret vaxt-cədvəlini razılaşdırdı. Təəssüflər olsun ki, bu sənədin rəsmi məzmunu Azərbaycan ictimaiyyətinə açıqlanmadı. Xatırladım ki, 2005-2006-cı illərdə Gürcüstan və Ermənistan Xarici İşlər və Müdafiə Nazirlikləri özlərinin FTƏP sənədlərinin mətnlərini ictimaiyyət üçün açıq elan etmişdir və bu da vətəndaş çəmiyyəti strukturlarına imkan verirdi ki, prosesləri nəzarətdə saxlasın. Amma Azərbaycan QHT və mediası üçün belə imkan tanınmadı. Lakin müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar sübut etdi ki, hər üç Cənubi Qafqaz ölkəsinin qəbul etdiyi FTƏP sənədlərinin mətnləri 70-80 faiz eynidir və Silahlı Qüvvələr quruculuğunda qanunvericiliyin təkmilləşdirilməsi, hərbi-mülki münasibətlərin inkişafı, ştat-struktur islahatlarının aparılması, hərbidə insan hüquqlarına riayət olunması kimi məsələlər tərəflərin öhdəliyindədir. Qeyd edim ki, 2008-ci ildə Azərbaycan FTƏP sənədinin ikinci, 2011-ci ildə isə üçüncü mərhələsini razılaşdırdı. Hazırda isə tərəflər arasında sənədin 4-cü mərhələsinin razılaşdırılması prosesi gedir. Əldə olunan məlumatlara görə, əslində sənəddə əksini tapan müddəaların əksəriyyəti dəyişilməz olaraq qalır. Bu onu deməyə əsas verir ki, Azərbaycan və NATO arasında əməkdaşlıq münasibətləri Silahlı Qüvvələrdə islahatlar baxımından əslində dondurulmuş vəziyyətə düşməkdədir.
Eyni zamanda, xatırladım ki, qeyd edilən dövrdə NATO-nun dəstəyi ilə Azərbaycanın bir sıra hərbi hava limanlarının modernləşdirilməsinə başlanıldı ki, bu da sonralar Əfqanıstanda sülhyaratma missiyası üçün çox zəruri addım hesab ediləcəkdi.
Üçüncü dövr isə 2008-2014-cü ilin martına qədərki dövrü əhatə edir. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən sonra rəsmi Bakı Qərblə, xüsusilə də NATO ilə əməkdaşlığını ehtiyatla qurmağa başladı.
Əgər 2007-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarına uyğun müəyyən islahatlar həyata keçirilirdisə, 2008-ci ildəki hadisədən sonrakı dövrdə bu islahatlar demək olar ki, dayandı və amma Azərbaycan — NATO əməkdaşlığında xarici xətt — Əfqanıstanın sabitliyinin təmin olunmasında rəsmi Bakının dəstəyi gücləndi. Əfqanıstanda sabitliyin təmin olunması məqsədini güdən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində ilk vaxtlardan fəallıq göstərən Azərbaycan daha sonra öz ərazisini NATO-nun tranzit təklifinə açıq elan etdi. Son vaxtlara qədər Əfqanıstana və oradan geri daşımaların təxminən 30-35 faizinin məhz Azərbaycan üzərindən aparıldığına dair rəsmi məlumatlar səsləndirilirdi. Daha sonra Azərbaycan Əfqanıstan milli qüvvələrinin inkişafına iki milyon avro ayırdı. Təssüflər olsun ki, bu dövrdə, Azərbaycan Silahlı Qüvvvələrində NATO standartlarına uyğun ciddi islahatlar aparılmadı, əksinə korrupsiya və rüşvətxorluğun güclənməsinə dair məlumatlar yayıldı.
Nəhayət, Azərbaycan — NATO əməkdaşlığında son dövr bir ay öncə başlayıb. Rusiyanın Ukrayna ərazisi olan Krımı işğal etməsindən sonra NATO-da postsovet ölkələri ilə bağlı yeni strateji proqram üzərində düşünməyə başlayıblar. Bir müddət bundan öncə NATO baş katibinin Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan etdi ki, Ukrayna, Gürcüstandan başqa NATO Azərbaycan, Ermənistan və Moldova ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində yeni təkliflər üzərində çalışır. Onun sözlərinə görə, artıq bu üç ölkənin Brüssel nümayəndəliklərinə məlumat göndərilib və cavab gözlənilir. Qeyd olunur ki, Azərbaycana enerji təhlükəsizliyinin təmin olunması, Ermənistana Silahlı Qüvvələrin döyüş hazırlığının gücləndirilməsi istiqamətində dəstək verilə bilər. Bu açıqlamalar bir çoxlarında tənqidlər yaratsa da, düşünürəm ki, NATO-nun bu ilin sentyabrında Uelsdə keçirəcəyi növbəti sammitinin gündəliyində tərəfdaş ölkələrlə, xüsusilə də Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə dair xüsusi sənəd qəbul edilə bilər. Düşünürəm ki, ona qədər Azərbaycana NATO-nun enerji məsələləri üzrə xüsusi tərəfdaşı statusunun verilməsi istiqamətində də müəyyən müzakirələr aparıla bilər. NATO-nun Rusiya ilə əməkdaşlığı dayandırması NATO yüklərinin tam olaraq Azərbaycan üzərindən keçməsi perspektivini yaradır ki, bu da Alyansın Bakı ilə münasibətlərində yeni dövrün ortaya çıxacağına işarədir. Bildirim ki, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın milli təhlükəsizlik maraqlarına xidmət edir. Amma bir məsələ müəyyən neqativ yanaşma ortaya çıxarır ki, bu da rəsmi Bakının NATO ilə əməkdaşlığı gücləndirmək niyyətinin olmaması ilə bağlıdır. Ən azından Azərbaycan hakimiyyəti bu istiqamətdə indiyədək siyasi bəyanat səsləndirməyib və inanmıram ki, yaxın perspektivdə bununla bağlı hansısa ambisiyalı bəyanat səsləndirilsin.
— NATO-nun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı rolu necədir?
— Alyansın bu günə qədər, bu istiqamətdə aktiv rolu olmayıb. Alyans rəsmiləri həmişə bəyan ediblər ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Düşünürəm ki, bu gün NATO-nun postsovet məkanındakı münaqişələrin nizamlanmasında aktiv rola malik olmasının vaxtı çatıb. Artıq NATO-da da başa düşürlər ki, bu münaqişələr Rusiyanın regionu təzyiq altında saxlaması üçün əsas alətlərdən biridir. Hesab edirəm ki, Bakı vaxt itirmədən alyansa xüsusi müraciət etməlidir ki, Dağlıq Qarabağ münaqişəsi NATO-nun idarəedici strukturlarında müzakirəyə çıxarılsın və ona siyasi qiymət verilsin. İnanıram ki, NATO bu münaqişənin nizamlanmasında daha səmərəli addımlar ata bilər, nəinki Rusiya. Rusiya atəşkəs müqaviləsinin imzalandığı ötən 20 il ərzində münaqişənin nizamlanmasında heç bir addım atmayıb, əslində Ermənistana silah və hərbi texnika dəstəyi etməklə nizamlanma prosesini daha da çətinləşdirib. Hesab edirəm ki, hazırda vaxtdır ki, alyans bu prosesdə hakim mövqeyə malik olduğunu sübut etsin. Amma yenə də deyirəm, işğal olunan torpaqlar Azərbaycanın olduğundan məhz müraciət ilk növbədə rəsmi Bakı tərəfindən edilməlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 239