Muəllif:

NATO-nun yeni strategiyası: Tərəfdaşlar nə qazanacaq?

Yaxın iki ay ərzində NATO ilə bir sıra tərəfdaş ölkələr — Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna arasında intensiv danışıqlara başlanıla bilər. Bu barədə «Ordunun Aynası»na Qərbdəki hərbi mənbələrdən bilgi verilib. Mənbənin məlumatına görə, bu əməkdaşlıq iki əsas istiqaməti əhatə edəcək: birincisi, həmin tərəfdaş ölkələrin ehtiyaclarının öyrənilməsi və qarşılanması istiqamətində yeni əməkdaşlıq sənədlərinin hazırlanmasına hədəflənəcək, ikincisi isə, bütövlükdə bu ölkələrə təhlükəsizlik təminatı verilməsi məqsədini güdəcək. Mənbə onu da bildirib ki, NATO-nun bu əməkdaşlıqda məqsədi həmin postsovet ölkələri Rusiyanın mövcud və gözlənilən təcavüzündən qorumaqdır. Artıq bununla bağlı mesajlar həmin ölkələrin Xarici İşlər və Müdafiə Nazirliklərinə çatdırılıb. Ehtimal olunur ki, bu ölkələr Alyansı öz istəkləri barədə Brüssel nümayəndəlikləri vasitəsilə məlumatlandıracaq. Çox güman ki, may-iyun ayları ərzində həmin bu 5 dövlətin XİN nümayəndələrindən ibarət qrupların NATO mənzil-qərargahına səfərləri başlayacaq. Bu proses barədə məlumatlar maksimum qapalı saxlanır, çünki bir sıra ölkələrin, xüsusilə də Rusiyanın onu pozmaq niyyətində olduğu ehtimal olunur.

7 SƏHİFƏLİK MƏXFİ SƏNƏD
Xatırladaq ki, bu yaxınlarda Almaniyanın «Spiegel Online» saytı NATO-nun Azərbaycan, Ermənistan və Moldova ilə əməkdaşlığın inkişaf etdirilməsi planına dair sənəd əldə etdiyini yazıb. İddia olunur ki, 7 səhifədən ibarət sənəddə alyansın bu üç tərəfdaşa yardım göstərməsi yer alır və məqsəd hazırkı durumu nəzərə almaqla Ukraynada yaranmış böhran fonunda Şərqi Avropada stabilliyə imkan yaratmaqdır. Sənədə əsasən, Azərbaycan, Ermənistan və Moldova ordularının NATO standartlarına uyğunluq səviyyəsi artırılmalı, müştərək təlimlər keçirilməli və hərbçilərin təkmilləşdirilməsi üzrə əməkdaşlıq dərinləşdirilməlidir.
Bildirilir ki, hər üç ölkə üçün fərdi tədbirlər kompleksi nəzərdə tutulur. Alyans Moldova ilə hərbi rabitə, Azərbaycanla energetika və kiber təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək. Ermənistanda isə silahlı qüvvələrin şəxsi heyətinin hazırlığı məsələsi NATO üçün prioritet məsələ hesab olunur.
Sənədə görə, NATO Azərbaycan, Ermənistan və Moldovanın alyansın smart-müdafiə layihələrində iştiraka həvəsləndirəcək. Bura həmin ölkələrə silah satılması, hərbi potensialdan daha yaxşı istifadə üçün bu potensialın birləşdirilməsi və xüsusiləşdirilməsi daxildir. Hər ölkə üzrə ayrıca fəaliyyət planı hazırlanıb.

TƏRƏFDAŞLAR ÜÇÜN 1200 LAYİHƏ
NATO-nun bu planlarının həmin üç ölkə ilə razılaşdırılıb- razılaşdırılmadığı bəlli deyil. Lakin bu sənədin yayılmasından az sonra NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay (James Appathurai) Azadlıq Radiosunun Brüssel müxbiri Rikard Jozwiak-a müsahibəsində bir sıra məqamları təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Moldovanın razılığı olmadan hər hansı iş tutulmayacaq. «Bu bir təklifdir. Digər tərəfdən biz anlayırıq ki, bunlar fərqli-fərqli ölkələrdir, istədikləri fərqlidir, müxtəlif orientasiyaları var. Amma onları birləşdirən cəhət ondan ibarətdir ki, bizim onların hər üçü ilə əməkdaşlıq razılaşmamız var və həmin razılaşmaların yenilənmə vaxtı gəlir. Biz indi onlara nə təklif edə bilərik? Məsələn, daha yüksək səviyyədə siyasi dialoq, daha çox siyasi məsləhətləşmə. İkincisi, onların hərbi sahədə transformasiyasına dəstək».
Konkret olaraq Ermənistana və Azərbaycana gəldikdə, Appathuray deyib ki, Gömrük İttifaqına qoşulmasına baxmayaraq, Ermənistan NATO ilə əməkdaşlığı zəiflətməyib. «Biz müdafiə sahəsində transformasiya işində onlara dəstək vermək istəyirik, onlar da bunu istəyir. Azərbaycanın enerji kimi sahələrdə maraqları var. Azərbaycan bizə əməliyyatlarda da dəstək verir və biz buna görə ona minnətdarıq. Bu baxımdan biz enerji təhlükəsizliyi kimi məsələləri nəzərdən keçirə və həm də baxa bilərik ki, görək, daha nələr etmək olar».
Appathuray qeyd edib ki, indi əsas prioritet Moldovadır. Onun sözlərinə görə, Moldova NATO-dan kömək istəyib və alyans ona təhlükəsizliyini təmin etməkdə köməklik edəcək. NATO təmsilçisi bildirib ki, artıq sözügedən ölkələrin Brüssel səfirlərinə müraciət edilib ki, hansı sahələrdə yardım qəbul etmək istəyərlər. NATO sözügedən ölkələrlə əməkdaşlığı yaxın aylarda yeniləyə bilər. Appaturayın bildirdyinə görə, NATO-nun 1200-ə qədər əməkdaşlıq layihəsi var. Onların arasından hansılarsa seçilə bilər. Alyans təmsilçisi, eyni zamanda, bildirib ki, qeyd edilən üç dövlətin heç biri NATO-ya üzv olmağa can atmır:
«Moldova neytraldır. Ermənistanın alyansa qoşulmaq istəyi yoxdur, bildiyimə görə, Azərbaycanda da belə istək yoxdur. Moldovanın istədiyi odur ki, Rusiya tərəfdən təzyiq hiss etdiyi üçün ona təcili köməklik göstərilsin. Moldova yalnızca Rusiyanin təzyiqi altında olduğunu hiss etmir. Rusiya ona təzyiq edir ki, Avropayönlü siyasətini dəyişdirsin. Bu həm hərbi təzyiqdir, həm qazı kəsmək hədəsi. Bu, Rusiyada yaşayan moldovanları oradan çıxarmaq təhdidir. Bu, Moldovanın Rusiya bazarlarına çıxışını kəsmək hədəsidir. Bu, realdır».

AZƏRBAYCANA KİBER DƏSTƏK
Aprein ilk yarısında NATO baş katibinin müavini Sorin Dukarunun Azərbaycana səfəri çərçivəsində səsləndirilən maraqlı mesajlar da diqqəti çəkdi. Dukaru ilə görüşdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bəyan etdi ki, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kiberhücumlardan müdafiənin təmin olunması üçün DATA-mərkəzin yaradılmasına hazırlaşır. Nazirin sözlərinə görə, ölkədə getdikcə artmaqda olan internet istifadəçilərinin sayının hazırda 70 faizə çatdığı, milli internet resurslarının, azərbaycandilli kontentin inkişaf etdirilməsi üzrə işlərin aparıldığı indiki məqamda məlumatların təhlükəsizliyinin təmin edilməsi, kənardan daxil olan kibertəhdidlərin qarşısının alınması, məlumatlar bazasının müdafiəsinin ən yüksək səviyyədə təşkili məsələləri böyük DATA mərkəzlərinə ehtiyacı ortaya çıxarır.
Abbasovun sözlərinə görə, informasiya ehtiyatlarının qorunması, kibertəhdidlərin qarşısının alınması və dəf edilməsi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyət göstərir.
Öz növbəsində, Dukaru NATO-nun hazırda bir çox ölkələrlə, həmçinin Azərbaycanla müxtəlif istiqamətlər, o cümlədən, kibertəhlükəsizlik sahəsi üzrə əməkdaşlıq imkanlarını genişləndirmək niyyətində olduğunu vurğulayıb. O, təşkilatın müxtəlif ölkələrdə kibermühafizə üzrə qabaqcıl təcrübə mərkəzlərinin yerləşdiyini deyən Dukaru qeyd edib ki, NATO kibertəhlükəsizlik sahəsində milli strategiyaların formalaşdırılması üçün bu mərkəzlərdə qazanılan təcrübələri təşkilata üzv olan və üzv olmayan tərəfdaşlarla bölüşmək, eləcə də, bu ölkələrdə müvafiq təlimlərin keçirilməsinə yardım etmək fikrində olduğunu bildirib. Dukarunun təklifi nazir tərəfindən müsbət qiymətləndirilib və bu sahədə NATO ilə əməkdaşlığın davam etdiriləcəyi barədə niyyətini açıqlayıb. Dukaru, eyni zamanda, jurnalistlərə bildirib ki, Azərbaycan NATO-nun yalnız çoxillik deyil, eyni zamanda, fəal və mühüm tərəfdaşlarından biridir. O qeyd edib ki, bu əlaqələr siyasi dialoqun nəticəsidir.
Dukaru deyib ki, Azərbaycan NATO üçün Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına önəmli töhfə verən mühüm ölkələrdən biridir. Alyans rəsmisi NATO-nun müxtəlif proqramlarının həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib:
«Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə əməkdaşlığımızın daha bir istiqamətidir və biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik».
Onun sözlərinə görə, bu proqramlar Azərbaycan-NATO əlaqələrinin inkişafında mühüm rol oynayır.

AZƏRBAYCAN — NATO-nun XÜSUSİ TƏRƏFDAŞI?
Müstəqil ekspertlərin fikrincə, hazırda NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində maraqlı proseslərə start verilib. Onların fikrincə, NATO heç bir zaman əməkdaşlığa bu qədər açıq olmayıb. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin qərb ekspertlərindən əldə etdiyi ilkin bilgilərə görə, NATO Azərbaycana bir sıra istiqamətlərdə dəstək verməyə hazır olduğunu bəyan edə bilər. İlkin məlumatlara görə, enerji təhlükəsizliyi sahəsində NATO-dan Azərbaycana bu istiqamətlərdə dəstək təklif ediləcək:
1.Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində müzakirələri nəzərdə tutan xüsusi NATO toplantısının keçirilməsi;
2.Azərbaycana enerji məsələləri üzrə NATO-nun xüsusi tərəfdaşı statusunun verilməsi;
3. Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində NATO-nun dəstəyini nəzərdə tutan konseptual sənədin hazırlanması;
4. Dənizdə (Xəzərdə), havada və quruda Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında NATO-nun mütəxəssis dəstəyi, kadrların hazırlanması;
5. Enerji təhlükəsizliyinin təmin olunmasında NATO mühafizə qüvvələrinin və avadanlıqlarının yardımı və s.
Ekspertlərin fikrincə, NATO və Azərbaycan arasında hərbi sahədə də əməkdaşlığın dərinləşdirilməsi planı var. Hazırda bu əməkdaşlıq Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və digər sənədlər çərçivəsində həyata keçirilir. Müstəqil qiymətləndirmələrə görə qənaətbəxş səviyyədə deyil. Əldə edilən məlumatlara görə, NATO tərəfindən yeni sənədin təqdim edilməsi planı var. Bu plan həm hərbi, həm də hərbi-strateji xarakter daşıyacaq.
Amma bütün bunların səmərəli olması üçün rəsmi Bakının mövqeyinin necə olacağı çox maraqlıdır. Ekspertlər hesab edirlər ki, hazırda rəsmi Bakı seçim qarşısındadır. Əldə edilən məlumatlara görə, Azərbaycan hakimiyyəti bu ilin sentyabrına — NATO-nun növbəti sammitinə qədər öz mövqeyini ortaya qoymalıdır.

RUSİYANI GERİ ÇƏKMƏK MÜMKÜNDÜRMÜ?
Simulyativ Proqnoz Araşdırma Mərkəzinin ekspertləri hesab edirlər ki, hazırda NATO-nun Rusiyaya qarşı qəbul etdiyi qərarlar, hərbi-siyasi əməkdaşlığın dayandırılmasının qısa müddətdə səmərəli olacağını demək çətindir. Rusiyanı işğal siyasətindən çəkindirmək üçün ən effektiv yol bu ölkədə demokratik proseslərə ciddi dəstək verməkdir. Hesab edilir ki, əgər Qərb Rusiyaya münasibətdə bu gün nümayiş etdirdiyi yekdilliyi ən azı 5 il üçün qoruyub saxlaya bilsə, onda Rusiya hakimiyyətinə ciddi təsirlər etmək, nəticədə onu işğal siyasətindən çəkindirmək və bununla da onun işğalçı doktrinasına son qoymaq mümkün olacaq.
«Amma bu 5 il üçün Qərbin Rusiyada demokratikləşmə üçün xüsusi planı olmalıdır. Bu planın tətbiqi NATO-ya üzv ölkələr arasında dəqiqliklə bölüşdürülməlidir. Xüsusi olaraq media, QHT-lər, siyasi partiyalarla ciddi əməkdaşlıq perspektivləri yaradılmalı, hökumətin fəaliyyətini nəzarətdə saxlaya biləcək, onu işğalçı, qeyri-demokratik addımlardan çəkindirə biləcək daxili bir mexanizm qurulmalıdır», — deyə ekspertlər qeyd edir.
Müstəqil araşdırmalara görə, bu gün Rusiya özünün hərbi gücünə əsaslanaraq işğalçılıq siyasəti yürüdür və onun gələcəyə dair çox təhlükəli planları var. Bu, onun Hərbi Doktrinasında xüsusilə əks olunub. «Yeri gəlmişkən, əslində Rusiyanın hərbi gücü ilə bağlı məlumatlar çox şişirdilib. Reallıqda isə əsas təhlükə bu hərbi gücü idarə edən şəxslərlə — Rusiya hakimiyyətində əyləşənlərlə bağlıdır. Bu şəxslər istənilən hərbi fəlakəti yarada bilərlər və bu səbəbdən prosesləri lazım olan axara yönləndirmək üçün vaxt və ciddi səylər lazım olacaq», — deyə Simulyativ Proqnoz Araşdırma Mərkəzindən bildirdilər. Ekspertlərin fikrincə, Rusiyanın neytrallaşdırılması prosesi məqsədyönlü şəkildə, taktiki və strateji mərhələlərə əsaslanaraq aparılmalıdır.

NATO-dan RUSİYAYA 4 CAVAB
Qeyd edək ki, indiyə qədər NATO Ukraynada baş verən böhranla bağlı bir sıra diqqətçəkən addımlar atıb. Alyansda hesab edirlər ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avropada Berlin divarlarının sökülməsindən sonra ən ciddi böhrandır. Bu günə qədər NATO Ukrayna böhranına 4 yolla cavab verib:
— birincisi, NATO Xarici İşlər Nazirləri Rusiyanın qanunsuz hərbi müdaxiləsini pisləyiblər. Alyans Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini ifadə edərək onun beynəlxalq tanınmış sərhədlərinin dəyişdirilməsini mümkünsüz hesab edib.
— ikincisi, NATO razılaşdırıb ki, Ukraynaya davamlı siyasi və hərbi əməkdaşlıq çərçivəsində yardımı daha da gücləndirəcək. Buraya müdafiə islahatlarında, qabiliyyətin yaradılmasında davamlı əməkdaşlıq daxildir. Bu əməkdaşlıq Ukrayna ordusunun Alyansa üzv ölkələrin qüvvələri ilə NATO təlimləri üzrə birgə əməliyyat həyata keçirmək imkanlarını inkişaf etdirəcək. Ukrayna tərəfinin xahişi ilə NATO bu ölkəyə ekspert qrupu göndərib ki, onlar da vacib infrastrukturun müdafiəsi üzrə məsələhətlər verəcəklər. Eyni zamanda, NATO Kiyevdəki Əlaqə Ofisinin əlavə ekspertlər hesabına gücləndirilməsini həyata keçirəcək. Alyans Ukraynanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığını da gücləndiricək və bu istiqamətdə Kiyevdəki NATO İnformasiya və Sənədləşmə Mərkəzini gücləndirəcək.
— üçüncüsü, NATO kollektiv müdafiə üzrə öhdəçiliyini bir daha təsdiqləyərək öz üzvlərinin müdafiəsi istiqamətində addımlar atır. Alyans NATO üzvü olan Baltikyanı ölkələrin hava məkanını müdafiə etmək üçün qırıcı təyyarələr göndərib. NATO, eyni zamanda, Polşa və Rumıniya üzərində kəşfiyyat uçuşlarına başlayıb.
— nəhayət, dördüncüsü, NATO Xarici İşlər Nazirləri qərara alıblar ki, Rusiya ilə bütün əlaqələr, o cümlədən, hərbi və mülki əməkdaşlıq dayandırılsın. Alyansın baş katibi Anders Foqh Rasmussen Rusiyanı geri addım atmağa və on minlərlə qoşununu Ukrayna sərhədindən geri çəkməyə çağırıb. NATO Rusiya ilə 1997-ci ildə imzalanmış NATO-Rusiya Təməl Aktını və 2002-ci ildə imzalanmış Roma Bəyannaməsini yenidən nəzərdən keçirməyə, həmin sənədlər üzrə Rusiyanın öhdəliklərini araşdırmağa başlayır.

UELS SAMMİTİNİN GÜNDƏLİYİ
Alyans rəsmiləri bəyan edirlər ki, Rusiya ilə münasibətlərə yenidən nəzər salınacaq. NATO-nun sentyabrdakı Uels sammitində Rusiya ilə bağlı xüsusi bəyanatın qəbul olunması gözlənilir. Bu sammitdə Alyansın 2014-cü ildən sonrakı taleyi müzakirə olunacaq, xüsusildə Əfqanıstandakı uzunmüddətli missiyanın tamamlanması prosesi diqqət mərkəzində olacaq.
Eyni zamanda, xüsusi diqqət mərkəzində olan məsələlərdən biri tərəfdaşlarla münasibətlərin dərinləşmə yolları ilə bağlı olacaq. Buraya Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistanla əməkdaşlığın güclənməsi daxildir. Alyans rəsmiləri bəyan edirlər ki, NATO yeni ölkələrin qoşulması üçün öz qapılarını açıq qoymalıdır.
Bir müddət öncə NATO Baş katibi Fogh Rasmussen deyib ki, Ukrayna böhranına cavab olaraq NATO şərq sərhədlərində möhkəmlənir. Brüsseldə NATO-nun siyasi qərar verən əsas qurumu olan Şimali Atlantik Şurasının toplantısından sonra Rasmussen bildirib ki, NATO quruda, suda və havada daha çox hərbi qüvvə yerləşdirəcək: «Havada daha çox təyyarə, suda daha çox gəmi, quruda daha çox hazırlıq olacaq».
Konkret detallara gəldikdə baş katib deyib ki, Baltik regionunda hava mühafizəsi artırılacaq, Baltik dənizində və Aralıq dənizində yeni gəmilər yerləşdiriləcək. «Hara lazımdır, orda yeni qüvvə olacaq».
Lakin Rasmussen Qara dənizdə yeni qüvvə yerləşdirmək barədə heç nə deməyib. Rasmussen yeni qərarların sırf müdafiə məqsədli olduğunu vurğulayıb. NATO rəhbəri onu da deyib ki, Ukrayna böhranının siyasi yolla həllinə üstünlük verir. Rasmussen hesab edir ki, Moskva Ukraynanın şərqində separatçıları və silahlı zorakılığı dəstəkləmədiyini aydın bildirməlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 373