Muəllif:

NATO ilə əməkdaşlığın perspektivləri: Azərbaycandan baxış

NATO-nun postsovet məkanındakı bir sıra ölkələrlə — xüsusilə də Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə əlaqələrinin gücləndirilməsi perspektivinə dair müzakirələr maraq doğurur. Qeyd edək ki, Ukrayna böhranından bəri NATO-nun rəsmi şəxsləri adları çəkilən ölkələrlə əlaqələrin gücləndiriləcəyini bəyan ediblər. Bir sıra məlumatlara görə, NATO-nun sentyabrdakı Uels Sammitinə qədər həmin tərəfdaşlarla əlaqələrin gücləndirilməsi yönündə konkret plan sənədi hazırlanacaq və sammitdə qəbul ediləcək.
«Ordunun Aynası» layihəsi NATO-nun qeyd edilən ölkələrlə, xüsusilə də Azərbaycanla əməkdaşlığının gücləndirilməsi perspektivini müəyyənləşdirmək üçün sosial şəbəkələr vasitəsilə sorğu keçirib. QHT, media mənsubları, hərbi-siyasi ekspertlər, sadə vətəndaşlar ölkəmizin NATO ilə əməkdaşlığının gələcəyinə dair öz mülahizələrini söyləyiblər. Bir çoxları NATO-nun Azərbaycanla gələcək əməkdaşlıq proqramına dair öz baxışlarını açıqlayıb. Beləliklə, budəfəki Əlavəmiz əsas etibarilə sözügedən mövzuya həsr olunub.

NATO tərəfdaş ölkələrə yol xəritəsi təqdim etməlidir
Jurnalist Şahin Rzayev məsələnin siyasi tərəfinə toxunur. Onun sözlərinə görə, Azərbaycanla NATO arasında siyasi əməkdaşlıq hələlik inandırıcı görünmür. «Xüsusilə Ukrayna məsələsindən sonra. Səhv etmirəmsə, Azərbaycan hökuməti heç vaxt NATO-ya üzv olmaq istədiyini bəyan etməyib. Rusiyanın son dövrlərdə təzyiqlərinin gücləndiyini nəzərə alanda isə onsuz da ehtiyatlı siyasətinin bir qədər də ehtiyatlı şəkil alacağı şübhə doğurmur. Rusiyanın Qarabağdan başqa da kifayət qədər təzyiq imkanı var. Məsələn, miqrantlar, milli azlıqlar, Bakıdakı Gömrük İttifaqı tərəfdarları (bura tək rusdilli əhali daxil deyil). Hələlik Rusiya tərəfinin elə bir təzyiqi hiss olunmur, hər şey Jirinovski və Duqin kimi intriqaçıların bəyanatları ilə məhdudlaşır. Amma təzyiqlərin güclənəcəyi ehtimalı var. Odur ki, Azərbaycan hökuməti yüz ölçüb bir biçir. Eyni zamanda, fərəhləndirici haldır ki, prinsipial məsələlərdə öz iradəsini nümayiş etdirir. Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsvermədə, məsələn».
Facebook istifadəçisi Mətləb Aslanov isə hesab edir ki, Azərbaycan heç bir qurumun yanında olmamalıdır. Onun fikrincə, qarşıdakı dövrdə NATO Azərbaycana önəmli bir təklif etməyəcək. «Bizə lazım olan ən əsası Qarabağın qaytarılmasıdır. Onun da açarı rusların əlindədir. Azərbaycanın NATO-ya üzv olması mümkün deyil, çünki NATO-ya üzv olmağın şərtləri var. Onlardan biri də ərazi probleminin olmamasıdır. Yox əgər bizi istisna hal kimi üzv etsələr, bu, Qarabağa əlvida deməkdir. Onların bizə təklif edəcəyi maksimum Xəzərdə neft yataqlarının və neft-qaz kəmərlərinin birgə təhlükəsizliyini təmin etmək olar. Bu da gülünc bir təklifdir. Hazırda bizim heç kimin yanında olmamağımız düzgün qərardır. Ölkə maraqlarını bu şəkildə təmin etmək olar. Təbii ki, bu, mənim subyektiv fikrimdir».
Jurnalist Xalid Kazımlının fikrincə, NATO-nun Ukrayna və Gürcüstan ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, Azərbaycan və Moldova isə gözləmə mövqeyindədir. «Onlar ağacda almanın iki olduğunu görməsələr, selbə atmayacaqlar. Yəni NATO-dan təhlükəsizliklərinə tam təminat almamış Rusiyanın qorxusundan alyansa yaxınlaşmayacaq, heç uzaqlaşmaq da istəməyəcəklər. Ermənistana gəlincə, bu ölkə Rusiyanın Həştərxan vilayəti kimi tam bir RF subyektidir. NATO Ermənistana nə qədər qucaq açsa da, nə qədər maliyyə dəstəyi göstərsə də, Ermənistan yalnız Rusiyadan sonra NATO üzvü olacaq. Ukrayna hadisələri göstərdi ki, Rusiya beynəlxalq konvensiyaları heçə sayır və o, istənilən qonşusuna hərbi təcavüz aktı gerçəkləşdirə bilər. Məncə, nə qədər ki Rusiyanın siyasi və hərbi ambisiyaları cilovlanmayıb və bu dövlətin başından Putin kimi aqressor kənarlaşmayıb, Azərbaycan NATO ilə məsafə saxlamalıdır. Əks təqdirdə ölkəmiz köpək balığını harpunla ovlamaq üçün dənizə atılmış ət parçası rolunu oynaya bilər».
Politoloq Azər Qasımlı hesab edir ki, NATO qeyri-rəsmi şəkildə üzvlərindən biri və bölgəmizdə bizə ən yaxın ölkə olan Türkiyəyə tam şərait yaratmalıdır ki, Azərbaycanla sıx hərbi əməkdaşlığa start versin və ən əsası, bizimlə hərbi saziş imzalasın. «Bu sazişdə də belə bir müddəa öz əksini tapmalıdır ki, Azərbaycana hərbi müdaxilə olunduğu zaman Türkiyə bizə hərbi yardım edəcək və münaqişənin tərəfi olacaq. İkinci addım kimi NATO tam üzvlüklə bağlı Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova üçün yol xəritəsi təklif etməlidir».

Ən perspektivli variant: Bloklara qoşulmamaq
Ehtiyatda olan polkovnik-leytenant Tofiq Məmmədov isə tamamilə əks mövqedən çıxış edir. O bildirir ki, onun alyansın yürütdüyü siyasətə mövqeyi dəyişməyib: «Düşünürəm ki, NATO-nun postsovet ölkələrinə münasibəti «yağışdan sonra göbələk yığımına bənzəyir. 90-cı illərdə yenicə müstəqillik əldə etmiş keçmiş sovet respublikalarının Rusiyadan uzaqlaşdırılmasına, 2014-də isə növbəti «Krım baharı»nın Qərbə uyğun ssenari əsasında inkişaf etməsini təmin etməyə yönələn siyasətdir. Amma bizim üçün fərqi yoxdur. Azərbaycanın öz mənafeləri var və o, «öz oyununu oynamalıdır». Bu baxımdan NATO ilə bizim əməkdaşlığımız Sülh Naminə Tərəfdaşlıq çərçivəsində məqsədəuyğun görünür».
Məmmədov hesab edir ki, bloklara qoşulmamaq Azərbaycan kimi qaynar yolda yerləşən ölkə üçün ən perspektivli variantdır. «Bu həm dövlətin yaşam reytinqini yüksəldər, həm də Azərbaycanı müharibə arenasından uzaqlaşdırar. Bu rakursdan baxanda bizə NATO-dan yalnız bircə şey — Qarabağ probleminin Azərbaycanın mənafeyinə uyğun həll edilməsi və torpaqların geri qaytarılması lazımdır», — deyə o bildirir.
Məmmədovun sözlərinə görə, Azərbaycanla NATO arasında əməkdaşlığın bir yolu var: «Həqiqi Sülhməramlılıq! Sülhməramlı qüvvələr ilk növbədə Azərbaycana lazımdır ki, Qarabağ problemi həll edildikdən sonra (!!!) bölgədə sülhü qorumaq, humanitar fəlakətin baş verməsinin qarşısını almaq və gələcəkdə «ilhaq sindromundan» yaxa qurtarmaq vəzifəsini daşısın. Bunun üçün sülhməramlı təlimlərin mümkün qədər çoxunda iştirak etmək və sülhyaratma yollarını gerçəkdə öyrənmək lazımdır».

Hər iki tərəfi narazı salan məqamlar var
Jurnalist Asəf Quliyevin fikrincə, NATO ilə əməkdaşlıq Azərbaycan kimi bir dövlət üçün çox mühümdür. Amma bu məsələdə həm Azərbaycanda, həm də NATO-da ikili yanaşma meyilləri var. «Azərbaycan hesab edir ki, NATO beynəlxalq siyasi münasibətlərdə nə istəyirsə, biz 99 faiz razılaşırıq, amma daxili işlərimizə qarışmasın. Amma NATO-nun tərəfdaş ölkələrində söz, seçim azadlığı və digər demokratik təsisatlar mühüm hesab edilir. Azərbaycan isə hələ ki, bu standartlara 100 faizli təminat verə bilmir. Bu mənada müəyyən fikir ayrılıqları yaranır. Azərbaycanın NATO-dan haqlı narazılığı isə Qarabağ problemi ilə bağlıdır. NATO rəsmilərinin münaqişənin ancaq və ancaq sülh yolu ilə həll olunması ilə bağlı bəyanatları, təbii ki, Azərbaycanın milli maraqlarına uyğun deyil.
Göründüyü kimi, hər iki tərəfi qarşı tərəfdə narazı salacaq məqamlar var. Məhz bu amil NATO-Azərbaycan münasibətlərinin inkişafına mane olur». A.Quliyevin fikrincə, əgər NATO Azərbaycanla əlaqələrdə xüsusi maraq göstərirsə, sözsüz ki, Qarabağ münaqişəsi ilə bağlı siyasətində müəyyən korrektələr etməlidir: «Belə bir addım atılmadan hansısa daha fərqli keyfiyyətdə əlaqələrin yaradılmasından danışmaq mümkün olmayacaq. Azərbaycan hökuməti bunu əsas gətirərək daha sıx inteqrasiyaya getməyəcək. Digər tərəfdən, artıq uzun illərdir ki, NATO-nun postsovet məkanına yönəlik siyasətində qəbul olunmuş standart var — hər üç Qafqaz dövləti ilə eyni məsafədə dayanmaq. Ona görə də proseslərin sürətini artırmaq üçün Azərbaycanın əlavə cəhdlərini əbəs hesab edirəm».
A.Quliyev Uels Sammitində də Azərbaycana köklü dəyişiklik vəd edəcək hansısa bir sənədin imzalanmasını gözləmir.

Ordu NATO standartlarına uyğunlaşdırılmalıdır
Hüquq müdafiəçisi İlqar Qasımov hesab edir ki, indiki məqamda NATO-nun postsovet ölkələri ilə əməkdaşlığı gücləndirmək arzusu çox təbiidir. «Bu istək həm NATO, həm də keçmiş sovet respublikaları üçün çox vacibdir. Amma indiki zamanda, xüsusilə də Ukraynaya qarşı Rusiyanın həyata keçirdiyi təxribatlara görə NATO-nun Azərbaycanla əməkdaşlıq edəcəyini real saymıram. Baxmayaraq ki, NATO Əfqanıstanda həyata keçirdiyi əməliyyatlara verdiyi dəstəyə görə Azərbaycana daim minnətdarlığını bildirir. Hazırkı zamanda NATO-nun Azərbaycanla əməkdaşlığının gücləndirilməsi Rusiyanı daha da qıcıqlandırar və ölkəmizə qarşı Rusiya tərəfindən təxribatlara yol açardı. Hesab edirəm ki, NATO Azərbaycanla hərbi əməkdaşlığı gücləndirmək üçün indilik başqa yollar axtarmalıdır, Azərbaycanı blokun digər proqramlarına qoşmalı, birgə təlimlərə və ya birgə qərargah təlimlərinə başlamaq barədə qərar verməlidir».
İlqar Qasımovun fikrincə, əməkdaşlıq NATO standartlarına cavab verən silahların birgə istehsalı və Silahlı Qüvvələrimizin bu kimi silahlarla təmin edilməsi istiqamətində, gənc zabitlərin Qərb ali hərbi məktəblərində hazırlanması yönündə də olmalıdır və bunlar ölkəmizi NATO proqramlarına qoşulmaq üçün maraqlandıra bilər.
Praqa Metropolitan Universitetinin tələbəsi Zamiq Məmmədli hesab edir ki, Azərbaycan öz siyasi və coğrafi mövqeyinə görə NATO üçün maraqlı ola bilər. Hazırda məhz bu geosiyasi mövqe Azərbaycan-NATO münasibətlərinin əsasını təşkil edir (Əfqanıstandakı ABŞ-NATO qüvvələrinin təchizatı ilə əlaqədar tranzit bölgə və s.). «NATO kimi güclü hərbi-siyasi alyansın dünyada alternativi yoxdur, buraya mütərəqqi, demokratik və iqtisadi yöndən inkişaf etmiş ölkələr daxildir. Azərbaycan NATO-ya üzv olan ölkələrlə, əsasən də NATO-da söz sahibi olan nüfuzlu ölkələrlə əməkdaşlığı genişləndirmək siyasəti yürütməlidir. Qonşu və Azərbaycanla geniş əlaqələri olan Türkiyənin, təəssüf ki, son 20 ildə NATO strukturlarında həlledici mövqeyi yoxdur», — deyə Məmmədli qeyd edir. Onun sözlərinə görə, Azərbaycan ilk öncə ordusunda geniş yayılmış neqativ halların — korrupsiya və rüşvətxorluğun qarşısını almalı, özbaşınalıq, zorakılıq, ayrı-seçkilik hallarını aradan qaldırmalı və ondan sonra öz ordu quruculuğu, təchizatı və təlimini tam NATO standartlarına uyğunlaşdırmalı və bunun üçün o dövlətlərin dəstəyini qazanmaq və Şimali Atlantika Alyansında əsas söz sahibi dövlətlərin ordu quruluşunu öyrənməli, təcrübələrindən yararlanmalı və o ölkələrin mütəxəssislərindən geniş istifadə etməlidir. «Yəqin ki, artıq professional-maaşlı, muzdlu ordu sisteminə keçidin və alternativ hərbi qulluq məsələlərinin də həllinin vaxtı çatıb», — deyə o bildirir.

Münaqişələrin Rusiya tərəfindən yaradıldığı nəzərə alınmalıdır
Hüquq müdafiəçisi Akif Qurbanov hesab edir ki, NATO qeyd olunan ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin gücləndirilməsini gecikdirmədən sürətləndirməlidir. «Xüsusən də istər 2008-ci ildə Gürcüstanda, istərsə də Ukraynada baş verən son proseslər bir daha göstərdi ki, regionda təhlükəsizliyin pozulması hər an baş verə bilir. Belə bir vəziyyətdə region ölkələri Rusiyanın önündə aciz vəziyyətdə qalmış olur və bu ölkələrin Rusiyanın apardığı aqressiv-imperialist siyasətin qarşısını təkbaşına ala bilməsi, demək olar, qeyri-mümkündür», — deyə o qeyd edir. «Doğrudur, NATO ölkəri, xüsusən də Qərbi Avropa ölkələri münaqişəli əraziləri olan ölkələrin NATO-ya üzvlük məsələsinə ehtiyatla yanaşırlar. Ancaq nəzərə almaq lazımdır ki, əslində bu regionlarda münaqişələrin yaradıcısı Rusiya olduğu üçün onun güclü olduğu vəziyyətdə münaqişələrin həllinin perspektivsizliyi də ortaya çıxır. Belə olduğu halda nəinki münaqişələrin həlli, ölkələrin müstəqilliyi və suverenliyi, Qərbə inteqrasiya imkanları hər an təhlükəyə düşür. Ona görə də regionda güc balansının tənzimlənməsi və qeyd olunan ölkələrin Rusiyadan olan hərbi təhlükələrdən sığortalanması üçün NATO-ya inteqrasiya gecikdirilmədən sürətləndirilməlidir.
Bunun üçün də artıq bu prosesdə birmənalı seçim etmiş ölkələrin NATO-ya üzvlük məsələsi yubadılmamalıdır. Tərəddüd edən Azərbaycanı və Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmuş Ermənistanı bu işə real təşviq etmə fəalliyyəti həyata keçirilməlidir. Eyni zamanda bu proses təkcə hökumətlə deyil, siyasi partiyalar, vətəndaş cəmiyyəti vasitəsilə paralel aparılmalıdır», — deyə A.Qurbanov bildirir.
Psixoloq Azad Orucov bildirir: «Deməzdim ki, NATO-nun mövqeyi adı çəkilən regionda güclənib və ya güclənməyə doğru gedir. Əksinə, regionda mövcud reallıq, Qərbin Gürcüstan və Ukraynanı pis vəziyyətdə qoyması, deyərdim ki, NATO-nun bölgədəki siyasətinin iflasından xəbər verir. Amma sonucda Rusiyanın işğal siyasəti də bir nəticə verməyəcək. Vermiş olsa da, bu, onun əleyhinə işləyəcək. Çünki yeni konflikt ocaqları və yeni düşmənlər qazanmaq, təbii ki, öz acı nəticəsini verməlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 422