Müxalifətin Azazelləri
Sovet ədibi Viktor Şklovskini həqiqəti yazmağa cəsarəti çatmadığı üçün qorxaqlıqda ittiham edəndə o demişdi: «Elədir, mən oxuculara həqiqəti demirəm. Amma qorxduğuma görə yox. Qoca adamam, üç infarkt keçirmişəm, qorxmağa bir şey də qalmayıb. Amma mən həqiqəti çılpaqlığı ilə söyləmirəm. Çünki bunun mənası yoxdur… Hə, mənası yoxdur. İllərlə çəkmə bağı çeynəyən insanlara yemiş ətri haqqında təsəvvürlər təlqin etmək mənasızdır».
Onillərdir hökumətdən çox, bir-biri ilə çəkişən müxalifətə birlik haqda təsəvvürlər təlqin etmək, doğrudan da, mənasızmış.
Müxalifət düçar olacağını əvvəlcədən özü də proqnozlaşdırdığı uğursuzluqla üzləşdi. Və indi sıralarında «günah keçisi» axtarır. Halbuki bu «keçi» beyinlərdə, xislətlərdədir.
«Qədim yəhudilər keçini tutub günahlarını onun belinə yükləyir və səhraya buraxırdılar. Güman edirdilər ki, ruhlarını təmizləyir, işlərini yüngülləşdirirlər. Bizim «günah keçisi» adlandırdığımız həmin heyvana yəhudilər Azazel deyirdilər».
Bunu məşhur italyan mütəfəkkir, yazıçı və rəssam Alberto Savinio yazır. Və əlavə edir ki, keçinin adını nə qoyursan qoy, amma toplumların mənəvi problemləri (günahları) fiziki yolla həll etmək (yumaq) cəhdindən inadla əl çəkməməsi insanlar arasında özlərini və başqalarını aldatmaq ənənəsinin möhkəmliyinə klassik nümunədir.
Müxalifət mənəvi problemlər içərisindədir, sistem böhranı keçirir və növbəti dəfə böhranın fiziki yolla həllinə çalışır. Xalqa ünvanlanan başlıca mesaj bundan ibarətdir:»Baxın, «birləşmək» deyirdiniz, gördünüz ki, onun da xeyri yoxdur. Çünki aramızda «keçilər» var. Əsas məsələ onları axtarıb tapmaq, günahları bellərinə çatıb səhraya ötürməkdir». Fərqinə varılmır ki, axtarış prosesində qarşılıqlı ittihamlar sistemi daha da çökdürür. İttiham edənlərin mənəvi cəhətdən ittiham edilənlərdən daha qüsurlu olduğunu üzə çıxarır.
Siyasətçilərin, ziyalıların bir zala toplaşıb ayaq üstə himn oxumasında, əyləşəndə isə bir-birlərinin altına dəftərxana düyməsi qoymasında birlik elementləri çox azdır. Kim görmürdü ki, heç Milli Şurada da beyinlər, mənəviyyat birləşməmiş, uzlaşmamışdı?!
Adətən insan təmiz halda ideyaları qəbul etmək iqtidarında deyil. Təmiz ideya şübhə doğurur, onda xilas yox, hiylə axtarılır. Rüstəm İbrahimbəyovun Milli Şura ideyası kimi. Ona görə də insan dərhal belə ideyalara özünün dərk edə biləcəyi canlı Forma verir. Əsl problem də elə bu mərhələdə yaranır. Çünki adamların tam əksəriyyətinin öz həyat təcrübəsi və xislətinə uyğunlaşdırdığı Formada hər kəsin ənənəvi yeri, ənənəvi rolu olur. Təbii ki, «günah keçiləri»nin də. Onlar Forma daxilində qayda-qanunun və ierarxiyanın qorunması baxımından əvəzolunmazdırlar.
Nəticədə isə toplum Rusiyanın keçmiş baş naziri Çernomırdinin dediyinə gəlib çıxır:»İstəyirdik, yaxşı olsun, həmişəki kimi alındı».
Əslində, müxalif düşərgədə gedən dava hakimiyyətdə müşahidə etdiyimiz eyni ierarxiya davasının başqa şəkildə təzahürüdür. Camaat arasında get-gedə populyarlaşan «Hamısı bir bezin qırağıdır» fikri buradan qaynaqlanır. Bax budur bizim cəmiyyətin real birlik formulası!
Savinio öz essesində maraqlı bir fərziyyə də irəli sürür. O hesab edir ki, «günah keçi»ləri ideyasını nə yəhudilər, nə də qədim misirlilər ixtira ediblər. Ümumiyyətlə, bu ixtiraya görə bəşəriyyət insana deyil, tülküyə «minnətdar olmalıdır». Tülkünün günahı olmur, amma birələri çox olur. Və tülkü canını həmin birələrdən qurtarmaq üçün orijinal üsul tapıb. O, dişləri ilə ot çəngəsi qoparıb onu yumrulayır. Sonra otdan düzəltdiyi balaca topu ehtiyatla dişlərində tutub yavaş-yavaş çaya girir. Tülkünün bədəni suya qərq olduqca birələr qaçışıb heyvanın başına toplaşırlar. Lap axırda tülkü başını da suya salır və həmin an topu ağzından buraxır. Axın otla birlikdə birələri də qabağına qatıb aparır.
Kim bilir, bəlkə tülkü də birələrlə dolu həmin ot çəngəsinə öz dilində Azazel deyir?
[email protected]