Muəllif:

Mütəmadi cərimələr kiçik çörəkxanaları acınacaqlı günə qoyub

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu“ Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində araşdırmalar aparıb. Bu barədə məlumat verən fondun rəhbəri Sabit Bağırov deyir ki, araşdırma nəticəsində məlum olub ki, bu sahə üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində sahibkarların işini çətinləşdirən xeyli problemlər var. Məsələn, nəzarət-kassa aparatlarının tətbiq olunmadığı kiçik obyektlərdə adətən vergi orqanların öz baxışları ilə vergi öhdəliyi müəyyən etməyə çalışırlar ki, bəzən təyin olunan məbləğ sahibkarların real vergi potensialından xeyli yüksək olur.

Bundan başqa, kommunal xidmət orqanları ilə münasibətdə də kiçik sahibkarların problemləri mövcuddur. Bu xidmətlərin əldə olunması üçün texniki sənədlərin verilməsilə bağlı şərtlərin kiçik sahibkarlıq subyektləri üçün əlverişli deyil. Texniki şərtin əldə olunması üçün uzun müddət (bəzi hallarda 1 aydan çox) və çoxlu sayda qurumlardan sənədlər tələb olunur, sayğacların quraşdırılması üçün qeyri-rəsmi ödənişlər tələb olunur.

Eyni zamanda, sahibkarlıq fəaliyyətlərinə dair qanunvericilik bu sahədə çalışan sahibkarların fəaliyyətinə ciddi maneələr yaradır.

İqtisadcı ekspert Rəcəb İmanovun sözlərinə görə, son dövrlər böyük çörəkbişirmə müəssisələrinin yaradılması səbəbindən kiçik çörək sexlərinin bazardan sıxışdırılıb. Belə ki, böyük çörəkbişirmə müəssisələrinin dövlət və qeyri dövlət qurumlarından güzəştli kreditlərlə təmin olunduğu halda, bu işlə məşğul olan kiçik sahibkarların belə imkanlardan məhrum olması onlara dəyən ən böyük zərbə olmuşdur.

Çörəkbişirmə sahəsində kiçik sahibkarların qarşılaşdıqları digər bir əsas problem kimi bu müəssisələr üçün nəzərdə tutulan xüsusi təyinatlı qaz sayğaclarının baha olmasıdır. Bu sayğaclar yeddi min manat civarındadır və sıradan çıxdıqda müəssisənin illik gəlirini təqribən 50% azaldır. Ona görə də İmanov ölkədə fəaliyyət göstərən təxminən min belə çörəkbişirmə müəssisəsini bu acınacaqlı vəziyyətdən çıxarmaq üçün güzəştli kredit imkanlarının yaradılmasının vacibliyini vurğulayır.

Maliyyə imkanları zəif olan kiçik çörəkbişirmə müəssisələri öz maddi-texniki bazalarını müasir standartlara uyğun qura bilmədikləri bir tərəfdən onları rəqabətdə uduzmağa gətirib çıxarırsa, digər tərəfdən həmin sahibkarların cərimələnməsinə səbəb olur.

Amma maraqlıdır ki, tədqiqat zamanı bu işlə məşğul olan sahibkarlar işlərinin zəifləməsinin səbəbini onları mütamadi cərimələyən dövlət orqanları deyil, maddi imkanlarının zəif olması ilə əlaqələndirmişdirlər. Başqa sözlə desək, maliyyə imkanlarının aşağı olması səbəbindən tələb olunan müasir standartları tətbiq edə bilmirlər və nəticədə cərimə olunurlar.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174