Murmanskda 3 azərbaycanlını öldürən 2 qardaş Voronejdə yaxalanıb
Murmanskda üç azərbaycanlını qətlə yetirməkdə təqsirli bilinən iki şübhəli həbs olunub.Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 20 il və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Xəbərə görə, RF hüquq-mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Nəriman Axundov, Sədi Əzizov və Rusiya vətəndaşı, Murmanskdakı “Karina” ticarət mərkəzinin sahibi Həbib Kərimovun qətlində şübhəli bilinən şəxslər Voronejdə yaxalanıblar.
Saxlanılan şəxslərin azərbaycanlı olduqları bildirilib. Murmansk Şəhər Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin rəisi Maksim Smirnov qətldə şübhəli bilinərək saxlanılan şəxslərin iki qardaş olduğunu söyləyib. Smirnov şübhəli şəxslərdən birinin yeni Rusiya vətəndaş pasportu əldə etdiyini və haqqındakı məlumatları dəyişdiyini bildirib: «Saxlanılan şəxslərin məlum cinayət hadisəsində iştirakına dair sübutlar götürülüb. Lakin onlar hələlik cinayəti törətdiklərini boyunlarına almırlar».
Şöbə rəisi istintaq sirri olduğundan saxlanılan azərbaycanlıların adlarını da açıqlamayıb: “Qətldə şübhəli bilinən qardaşların hər ikisi idmanın qaydasız döyüş növü ilə məşğul olub. Heç bir ailəli deyil”.
Hadisə ötən il dekabrın 4-də axşam saatlarında Murmansk şəhəri Xibinski küçəsi, ev 12 ünvanında silahlı insident qeydə alınıb.
Nəticədə iki Azərbaycan vətəndaşı, Lənkəran rayon sakinləri — 37 yaşlı Nəriman Axundov və 43 yaşlı iş adamı Sədi Əzizov ölüb, 42 yaşlı Rusiya vətəndaşı, Murmanskdakı “Karina” ticarət mərkəzinin sahibi Həbib Kərimov isə ağır yaralanıb.
Xəstəxanaya yerləşdirilən Həbib Kərimov komadan ayılmayıb.
Faktla bağlı RF CM 105.2-ci (iki və ya daha çox adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Təqsirləri sübuta yetiriləcəyi təqdirdə azərbaycanlı qardaşları 20 il və ya ömürlük müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.