Müharibə veteranları: Harada görülüb ki, doyuşçü qapı-qapı gəzərək Milli Qəhrəman elan olunmasını xahiş etsin?
Milli ordunun 708-ci briqadasının keçmiş döyüşcülərinin böyük bir qrupu Azərbaycan ictimaiyyətinə müraciət edib. Turan-a daxil olan müraciətdə deyilir: “Biz, bir qrup Qarabağ müharibəsi veteranı bəzi şəxslərin fırıldaq və yalan yolu ilə özünü qəhrəman elan etmək və bu məgsədlə içtimayyəti çaşdırmaq və aldatmaq cəhdlərindən çox narahatıq. Bu cəhdlərin müəllifləri doyüşçü İbad Hüseynovu Milli Qəhrəman adlandıraraq aidiyyəti olmadığı terrorçu Monte Melkonyanın məhv edilməsinin müəllifi kimi təqdim edirlər.
Bu məsələ ilə bagli milli ordunun 708-ci briqadasının keçmiş döyüşçüləri, keçmiş Silahlı Qüvvələrin Hərbi Kəşfiyyat İdarəsinin rəisi və Qaradaglı kənd camaatı dəfələrlə bəyanat verərək bu iddialari ifşa ediblər.
Son zamanlar bəzi veteranlar adından yenə də İbad Hüseynovu Milli Qəhrəman elan edərək aidiyyəti olmadığı məsələyə görə yəni, Melkonyanın oldürülməsinə görə təltif olunmasını ortalığa atırlar.
Belə bir təklif “Azərbaycan Müharibə Veteranları” İB sədri Füzuli Rzaquliyev tərəfindən son günlərdə səsləndirilib. Guya bu təşəbbüsün 64 min veteranın adından irəli sürüldüyünü bildirib.
Tam məsuliyyətlə bəyan edirik ki, müharibə veteranlari olaraq bu şəxsə adımızdan danışmaq səlahiyyəti verməmişik. Onun dedikləri həqiqətə uyğun deyil və İbad Huseynovun Monte Melkonyanın məhv edilməsinə heç bir aidiyyəti yoxdur!
Füzuli Rzaquliyevin mətbuata verdiyi bəyanatdan məlum olur ki, İbad Huseynov xahiş edir ki, onu Milli gəhrəman elan etsinlər. Harada görülüb ki, doyuşçü qapı-qapı gəzərək Milli Qəhrəman elan olunmasını xahiş etsin? Belə hərəkət müharibə iştirakçısı üçün təhqirdir.
Son bir il ərzində mətbuatda Monte Melkonyanın öldürülməsi haqda dəfələrlə materiallar dərc edilib. Bu təhqiqatlar birmənalı sübut edib ki, Melkonyan 708-ci briqadanın döyüşçüləri tərəfindən öldürülüb və İbad Huseynovun buna heç bir aidiyyəti yoxdur və onun Muğanlı kəndində Melkonyanın başını kəsməsi barədə söylədikləri gülünc və əsassızdır.
Eyni zamanda Melkonyanın məhz Mərzilidə öldürülməsi barədə sübutlar var. Onun dəfninə dair videoçəkilişlər isə başının yerində olduğunu göstərir. İbad Hüseynovun Melkonyanın başı kimi təqdim etməyə çalışdığı kəsilmiş baş fotosu başqa adama aiddir.
Mərzili döyüşündə onlarla şəhid verdik ki, bunlardan da ikisi Melkonyanı məhv etmiş BMP ekipajının üzvləridir. Həmin şəxslər ölümlərindən sonra 2003-cü ilin iyununda “Azərbaycan bayrağı” ordenilə təltif ediliblər.
Bütün bu söz-söhbətlər düşməni məhv edən döyüşçülərin xatirəsi və xidmətlərinin unutdurulması fonunda baş verir. Buna necə yol vermək olar? Qanları tökülənlərin xidmətlərini necə mənimsəmək olar? Şəhidlərin xatirəsini tapdalayaraq bunun üzərində necə saxta şan-şöhrət yaratmaq olar?
Biz veteranlar tələb edirik ki, Azərbaycan Respublikasinin ərazi bütövlüyu ugrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş yoldaşlarımızın xatirə və xidmətlərinin aşağılanmasının qarşısını alasınız. Belə hallar əsgərlərimizin döyüş ruhunu, ədalətə inamını heç də möhkəmləndirmir”, — deyə müraciətdə deyilir.
Bu məsələ ilə bağlı Turan agentliyi hərbiyönlü ictimai birliklərin təmsilçilərindən şərh alıb:
“Vətən Müharibəsi Əlilləri” İB sədri Firudin Məmmədov:
“Mən keçmiş döyüşçü İbad Hüseynovun Milli Qəhrəman adına layiq görülməsi ilə bağlı ictimai birlik sədri Füzuli Rzaquliyevin təklifini anlaya bilmirəm. Axı, belə bir yüksək ada təqdimatın öz qayda-qanunları var. Digər tərəfdən Monte Melkonyanın İ.Hüseynov tərəfindən qətlə yetirilməsinə 708-ci briqadanın etirazı da ortadadır. İ.Hüseynovun keçdiyi döyüş yolu inkar edilmir. Amma indiki halda, torpaqlar işğalda ikən bu addımın mənası anlaşılmır. “Bu qədər torpaq işğal edən Ermənistanda bizdə olduğunun yarısı qədər də Milli Qəhrəman yoxdur”. Bir də Milli Qəhrəman adı döyüşlərdə qazanılar, daha təqdimatla yox.
İ.Hüseynov “Azərbaycan Bayrağı” ordeni kimi yüksək mükafata layiq görülüb.
M.Melkonyan məsələsinə gəlincə, burada etirazlar var. Bunu tərəflər üz-üzə oturub danışsalar yaxşı olar. “Bu elə məsələdir ki, nəinki bir qazinin, hətta bir şəhidin haqqını başqa şəhidə vermək olmaz, belə olsa ədalət pozular”.
“Qazilər Birliyi” mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu:
“Qarabağın müdafiəsində İbad Hüseynov və qardaşlarının rolu danılmaz həqiqətdir. Özü də İ.Hüseynov yüksək dövlət mükafatı alıb. Mənə elə gəlir ki, elə bil kimlərsə İ.Hüseynovu Milli Qəhrəman adı almaq məsələsinə təhrik edirlər. Bu, kənardan yaxşı görünmür. Amma təşəbbüs İ.Hüseynovun özündən gəlirsə, təəssüf.
Torpaqlar işğal altında ikən bu adı tələb etmək nə dərəcədə məntiqlidir, bu, bir qədər adamı düşündürür. O qədər oğullar var ki, göstərdikləri şücaətlərə baxmayaraq, ad-san davası etmədilər”.
Qarabağ Qaziləri Birlyinin sədri Etimad Əsədov:
“Çox təəssüf edirəm ki, 20% torpaq işğal altında, Xocalı soyqırımı kimi ləkə alnımızda ikən bu nə Milli Qəhrəman davasıdır? Bizdə 211 Milli Qəhrəman var, Ermənistanda isə bildiyim qədər 13-14 belə qəhrəman adı almış şəxs vardır.
Çox təəccüblüdür ki, belə bir durumda kimsə bu adı almaq təşəbbüsü göstərir. Indi bu davanı aparmağa bir şəxsin belə haqqı çatmır”.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İB sədri Mehdi Mehdiyev:
“İ.Hüseynov Milli Qəhrəman adına təqdim edilməsi üçün bir neçə il öncə bizim birliyə də müraciət edib. Amma ictimai birlik olaraq bunu etmək səlahiyyətimiz yoxdur və eləcə də hər hansı digər ictimai birliyin səlahiyyəti. Belə təqdimatı ancaq şəxsin xidmət etdiyi hərbi hissə rəhbərliyi qaldıra bilər.
M.Melkonyan məsələsinə gəlincə mən bu səhnəni əks edən fotolara baxdım, kəskin fərqlər var, ona görə də bu məsələdə müəyyən şübhələr də var”.
“Müharibə Veteranları Beynəlmiləlçi Hərbçilər” İB sədri Əzizağa Qənizadə:
“İbad Huseynov haqqında bir il öncə “Facebook”dakı yazışmalardan eşitmişəm. O zamana qədər bu adam haqqında heç bir məlumatım olmayıb.
O ki qaldı, F.Rzaquliyevin təklifinə hər bir ictimai birlik istənilən təkliflə çıxış edə bilər, amma bütün veteranların adından yox, öz adından. Mən İ.Hüseynovla döyüşməmişəm ki, onu harasa və nəyəsə təqdim edim”.
“Qarabağ Qaziləri” İB Ağdam rayon şöbəsinin sədri Şamil Əbilov:
“Ölkənin 20% torpağı işğal altında ikən Milli Qəhrəman adı almaq davası aparmaq bir az utandırıcıdır. Azərbaycan torpaqlarını işğal edən Ermənistanda bizdə olduğu qədər Milli Qəhrəman yoxdur. Ona görə də bu məsələ kənardan heç də xoş təsir bağışlamır” (Turan).