Müharibə əlili Bərdə İH binası qarşısında özünü niyə yandırmaq istəmişdi?
Baş Prokurorluq Qarabağ müharibəsi əlilinin Bərdə rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıraraq intihara cəhd etməsinin səbəblərini açıqlayıb. Qurumun mətbuat xidmətindən yayılan xəbərə görə, yanvarın 27-də saat 13:00 radələrində Bərdə rayonu Alpout kəndinin sakini Maarif Vəliyev Bərdə rayon İH inzibati binası qarşısında üzərinə tez alışan maddə tökərək intihara cəhd edib. Yanıq xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına yerləşdirilən M.Vəliyevin vəziyyəti hazırda kafi, stabil olaraq qalır.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalarla müəyyən edilib ki, Vəliyev Qarabağ müharibəsi əlili kimi ev almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlə bağlı Nazirlikdən, ona ayrılmış 0,24 hektar həyətyanı torpaq sahəsinin adından çıxarıldıqdan sonra ev verilməsinin mümkünlüyü bildirilib, eyni zamanda bununla bağlı digər zəruri sənədlərin toplanılması ona izah edilib. Vəliyev öz növbəsində tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarından alınmasına laqeyd yanaşaraq buna təşəbbüs göstərməyib və heç bir əsas olmadan üzərinə benzin tökərək intihara cəhd edib.
Araşdırmalarla Vəliyevin dövlət qayğısı ilə əhatə olunaraq fərdi ev tikintisi üçün ailəsinə 0,24 hektar torpaq sahəsi ayrılması, müraciəti əsasında 5 oktyabr 2013-cü il tarixdə Bərdə rayon İHi tərəfindən 400 manat məbləğində maddi yardım göstərilməsi, II qrup Qarabağ müharibəsi əlili kimi Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən hər ay 66 manat məbləğində sosial müavinət, 85 manat məbləğində Prezident təqaüdü, oğlu Vüqar Vəliyevə I qrup əlil kimi 67 manat məbləğində sosial müavinət təyin olunması müəyyən edilib…
Görünür, adam dövlətdən bir az da çox umurmuş…