MTN-nin sabiq əməkdaşı məhkəmə qarşısında
Özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən Minarə Allahverdiyevanın məhkəməsi başlayıb. İttihama görə, Minarə Allahverdiyeva özünü nazirlik əməkdaşı kimi təqdim edərək işə düzəltmək adı ilə bir neçə nəfərdən pul alıb. O, icra hakimiyyətinin və bələdiyyənin vəzifəli şəxslərin adından istifadə edib. Minarə Allahverdiyeva torpaq satmaq adı ilə 10-dan çox şəxsi aldadıb. O, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs edilib
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən Minarə Allahverdiyeva özünü təqsirli bilməyib. O, deyib ki, heç kimə qarşı dələduzluq etməyib və belə bir fikri olmayıb. Daha sonra şahid qismində “Son söz” qəzetinin baş redaktoru Natavan Mehdiyeva ifadə verib. O, deyib ki, Minarə Allahverdiyevanı tanışı Fərid adlı şəxsin vasitəsilə tanıyıb. Onun sözlərinə görə, Minarə Allahverdiyeva qəzetin redaksiyasına gəlib: “Minarə Allahverdiyeva qəzetdə elan verməli idi. Həmin vaxt söhbət edərkən Minarə Milli Təhlükəsiz Nazirliyində işlədiyini və ora ilə yaxşı əlaqəsinin olduğunu bildirdi. Həmin vaxt bizim yanımızda Səid adlı bir tanışım da vardı. Səid MTN-də işə düzəlmək istəyirdi. Sonra onlar tanış oldular. Onların pul alış-verişlərindən heç bir xəbərim olmayıb”.
Minarə Allahverdiyeva deyib ki, Natavan Mehdiyevanın Səidlə pul söhbəti etməyindən xəbəri olmayıb: “Səidlə pul söhbətim olub. Ondan pulu borca almışam. Onunla başqa söhbətim olmayıb. Heç kimin yanında MT N-də işlədiyimi deməmişəm. 2003-cü ilə kimi MTN-də işləmişəm. Həmin ildən təqaüdə çıxmışam. Səiddən MTN-ə işə düzəltmək üçün pul almamışam. Həmin vaxt pula ehtiyacım olub və ondan pul almışam”.
Zərərçəkmiş Vəfa Alıyevanın sözlərinə görə, bacısının əri vasitəsilə Minarə Allahverdiyeva ilə tanış olub: “Bacımın əri torpaq aldığı dedi. Mənə də torpaq almağı məsləhət bildi və dedi ki, Minarə adlı qadın torpaq alqı-satqısı ilə məşğul olur. Mən də Minarə ilə tanış oldum. İllərlə zülmlə yağdığım pulları torpaq almaq üçün Minarəyə verdim. 3500 manat torpaq almaq üçün vermişəm. Sonra da icra hakimiyyətindən ev tikmək üçün razılıq əldə etmək lazım olduğunu dedi və əlavə olaraq 1000 manat istədi. Məndə 1000 manat borc taparaq ona verdim. O, 1000 manatı icra hakimiyyətində İlkin adlı şəxsə verəcəyini deyib. Ümumilikdə Minarə Allahverdiyevaya 4500 manat vermişəm. Çox acınacaqlı vəziyyətdəyəm. Bu günə kimi borc qaytarıram. Minarə Allahverdiyeva pulumu qaytarmayıb”.
Vəfa Alıyeva deyib ki, Minarə Allahverdiyeva ilə torpaq alması üçün 2012-ci ildə razılaşıblar. Minarə Allahverdiyeva imkanı olanda Vəfa Alıyevanın pulunu qaytaracaq. Hakim Novruz Kərimov Minarə Allahverdiyevanı dövlət qrumlarının adına ləkə gətirən hərəkət etməkdə ittiham edib: “Dövlət qurumlarının adından istifadə etmək, onların nüfuzuna ziyan gətirir. MTN-nin, Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin, icra hakimiyyətlərinin adından istifadə edibsiz. İlkin adlı şəxsin adını çəkirlər, siz ona pul veribsiz? Nəyə görə, onun adını hallandırıbsız? Bütün bunlar cinayətdir”.
Hakim Ramella Allahverdiyeva isə ziyan ödənilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirir. O, Minarə Allahverdiyevaya dəymiş ziyanın ödənilməsinin vacib olduğunu deyib. Minarə Allahverdiyeva isə qeyd edib ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəmək üçün azadlığa buraxılması lazımıdır: “Mən həbsdə yatıram. Belə olan şəraitdə zərərçəkmişlərin pulunu qaytara bilmirəm. Mənim elə bir qohumlarım yoxdur ki, əvəzimdən pul ödəsin. Mənə vaxt verin və azadlığa buraxın. Həmin vaxt ərzində zərərçəkmişlərə dəymiş ziyanı ödəyim”.
Hakim isə deyib ki, belə şərtlə azadlığa buraxılması mümkün deyil. Bundan sonra zərərçəkmiş Fuad Haqverdiyev ifadə verməsi üçün məhkəmə zalına dəvət edilib. Minarə Allahverdiyeva zərərçəkmişi ittiham edib. O, Fuad Haqverdiyevin zərər çəkmədiyini deyib. Fuad Haqverdiyev deyib ki, torpaq alması üçün Minarə Allahverdiyevaya 2000 manat ödəyib: “Ümumilikdə Minarə Allahverdiyevaya 8000 manat verməli idim. Lakin onun məni aldatdığını başa düşdüm və qalan pulları ödəmədim. 2000 manat vermişəm və həmin pulu da geri istəmirəm”.
Minarə Allahverdiyeva bildirib ki, Fuad Haqverdiyev korrupsiyaya qarşı mübarizə idarəsi ilə əlaqəlidir. Onun sözlərinə görə, həbs olunmasında Fuad Haqverdiyevin rolu olub: “Bələdiyyə sədrinin üzünə durmağımı istədilər. Dedim ki, heç kimi tanımıram. Fuad Haqverdiyev adamı şərləməklə məşğuldur. Başqa adamlarda var. Istəsə nömrələrini verim, getsin onları da tutdursun”.
Minarə Allahverdiyeva daha sonra zərərçəkmişə qarşı təhqir edici ifadələr işlədib. Digər zərərçəkmiş Zöhrab Qurbanov deyib ki, dostu Fuad Haqverdiyevin vasitəsilə Minarə ilə tanış olub: “Fuad Minarənin vasitəsilə Şıxovda torpaq sahəsi almışdı. O, mənə də həmin yerdən torpaq almağı məsləhət bildi. Məndə razılaşdım. 4 sot torpaq almaq üçün 5000 manat ödəməli idim. Əvvəlcədən 500 manat beh verdim. Beh verəndə Minarə mənə torpağın sənədlərini verdi. Həmin sənədləri yoxladım. Sənədlərin saxta olduğunu gördüm. Buna görə də qalan pulu ödəmədim. Minarənin mənə verdiyi sənədlər printerdən çıxarılmış sənədlər idi. Minarə Allahverdiyeva belə sənədlərlə yüzlərlə adama qarşı dələduzluq edib”.
Hakim deyib ki, zərərçəkmiş şəxslərin bəzilərinə bildiriş göndərilsə də, onlar məhkəməyə gəlmirlər. Prokuror onların məhkəməyə məcburi gətirilməsi barədə tədbir görülməsini istəyib. Hakimlər zərərçəkmişlərin məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul edib. Məhkəmə iclası fevralın 12-də davam edəcək.