Muəllif:

MSN hərbi və mülki təyinatlı məhsullarının siyahısını açıqladı

Müdafiə Sənayesi Nazirliyinə tabeli müəssisələrində 2013-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında nazir Yavər Camalov  bildirib ki, onlarla əməkdaşlıq еtmək istəyən ölkələrin və şirkətlərin sayı artır.  Nazirlikdən yayılan xəbərə görə, Camalov 2013-cü ili Müdafiə Sənayesi Nazirliyi üçün də yaddaqalan hesab edir. Nazir deyib:

«Ötən il 2012-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3,7 faiz artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb. 2013-cü ilin nəticələrinə görə, istehsal olunaraq sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi artıb. Ötən ildə yaradılma işləri davam etdirilib, 11 mövzu və 71 mərhələ başa çatdırılıb».

Nazir bildirib ki, 2013-cü ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, 120 mm-lik döyüş minasının və digər məmulatların yaradılması işləri tam başa çatdırılıb, seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Eləcə də, BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılıb və sifariş olunan sayda təkmilləşdirilərək  güc qurumlarına təhvil verilib. Aviasiya bombalarının nümunələri hazırlanıb, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır. «Matador» və «Marauder» tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılıb. «Orbiter-2M» tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib. 2007-ci illə müqayisədə 2013-cü ildə yaradılma sahəsində başa çatdırılmış mövzuların sayı 26 dəfə, mərhələlərin icrası isə 14 dəfə artıb.

Camalovun sözlərinə görə, 2009-cu ildən başlayaraq MSN müəssisələrində yaradılan, istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir və böyük maraqla qarşılanır. Beynəlxalq sərgilərə qatılan MSN dörd il öncə qatıldığı ilk sərgidə 27 adda müdafiə təyinatlı məmulatla  təmsil olunurdusa, ötən ilin mayında Türkiyədə «IDEF-2013» XI beynəlxalq müdafiə sənayesi sərgisində 130 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib. Nazirlik bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası və s. məmulatlarla yanaşı, ilk dəfə olaraq «Yalquzaq» snayper tüfəngi, HP-7,62 tipli hücum pulemyotu, «Gürzə» xüsusi təyinatlılar üçün patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatları da nümayiş etdirib.

Dünyanın 36 ölkəsindən 500-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə «Yalquzaq», «İstiqlal», «Mübariz» snayper tüfəngləri, hücum pulemyotu, «Gürzə» xüsusi təyinatlılar üçün patrul maşını, müxtəlif növ döyüş sursatları böyük maraqla qarşılanıb.

Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara qarşı artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq еtmək istəyən ölkələrin və onların şirkətlərinin sayı artmaqda davam edir: «Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir».

Nazir  qeyd edib ki, bu ilin sentyabrında Azərbaycan ilk dəfə olaraq beynəlxalq müdafiə sənayesi sərgisinə ev sahibliyi edəcəkdir. «ADEX-2014» adı altında keçiriləcək bu sərgi ilə bağlı MSN tərəfindən artıq hazırlıq işlərinə başlanılmışdır. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati tədbirlər görülür.

Camalovun sözlərinə görə, tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. 2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində 2 dəfə artım əldə olunub. Çeşidlərin sayı 450-ni ötüb.

.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 248