Moskvanın nüfuzlu “Nauka” nəşriyyatı Cəmil Həsənlinin monoqrafiyasını nəşr edib
Moskvanın “Nauka” nəşriyyatı, “Flinta” Yayın Evi ilə birgə məşhur Azərbaycan tarixçisi Cəmil Həsənlinin “Əlimərdan bəy Topçibaşov: ideya uğrunda həyat” (Али Мардан бек Топчибашев: жизнь за идею) adlı elmi monoqrafiyasını nəşr edib.
Son 8 ildə bu C.Həsənlinin Rusiyada nəşr olunan 7-ci, Azərbaycan və dünyanın müxtəlif ölkələrində çap olunan 28-ci monoqrafiyasıdir. Kitabda Rusiya oxucuları üçün maraqlı olan məqamlar var. Belə ki, Ə.Topçubaşov Peterburq İmperator Universitetini bitirib, Rusiya Dövlət Dumasının üzvü və Rusiya müsəlman hərəkatının lideri olub. Onun həyatının bu səhifələri kitabda zəngin materiallar əsasında təqdim edilib. Ə.Topçubaşovun İsmayıl bəy Qasprinski, Sədri Maksudov, Kutluq Mühəmməd Tevkelov, Qaliəsgər Sırltanov, Musa Cərullahi Biqiyev, Qabdrəşid İbrahimov, Səlim Girey Canturin, Qaysi Yenikeyev, Əlixan Bukeyxanov və onlarca türk-müsəlman liderləri ilə birgə apardığı mübarizənin kitabda təsviri verilib.
Monoqrafiyada Ə.Topçubaşovun müsəlman hərəkatında təmənnasız xidməti ilə yadda qalması göstərilir. O, yeganə müsəlman lider idi ki, Rusiya imperiyasının bütün müsəlman yurdlarını gəzərək, Krımdan Qafqaz dalarına Kazan çollərinə qədər imperiyanın “ögey” övladlarının təşkilalanmasında müstəsna rol oynadı. Maraqlı səhifələrdən biri Azərbaycan milli ideyası və milli hərəkatında Topçibaşovun xidmətləridir. Ə.Topçubaşovla birgə bu hərəkatda fəal rol oynayan Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və s. Azərbaycan dühalarının əsərdə parlaq obrazlarını yaradılır. Ə.Topçubaşovun Azərbaycan müstəqilliyi uğrunda tükənməz bir həvəslə çalışması, enerjisini millətin azadlığına sərf etməsi kitabda ardıcıl şəkildə izlənirr.
12 fəsil və 606 səhifədən ibarət olan bu əsər Azərbaycan tarixinin təxminən 50 illik bir dövrü haqqında rus oxucusuna ətraflı məlumat verir. Əsərdə təkcə Azərbaycan deyil, Rusiya müsəlman xalqlarının tarixi, Rusiya parlamentarizmi, imperiyanın siyasi həyatı haqda yaddaqalan materiallar var.
Ə.Topçubaşovun içində olduğu 1917-1918-ci illərin Bakı hadisələri, mart soyqrımı, İstanbul missiyası, Azərbaycan sülh heyətinin rəhbəri kimi Paris konfransındakı fəaliyyəti kitabda yer alır. Ə.Topçubaşovun 14 illik mühacir həyatı mübarizə əzmi, ağrı-acısı, qərib bir mücahidin ailə dramı ilə də diqqət çəkir. Azərbaycanın təbliği baxımından kitab müstəsna əhəmiyyətə malikdir. Kitabadakı materiallar Azərbaycan haqda həqiqətlərin yayılması, tarixi keçmişin tanıdılması yönündə uğurlu addım sayıla bilər (Turan).