Muəllif:

Moskvada “Azərbaycan xalçaları-ilmələrin əfsanəsi” qalereya-butiki açılıb

Rusiya paytaxtında “Azərbaycan xalçaları — ilmələrin əfsanəsi” adlı qalereya-butikin təntənəli açılış mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Azər-İlmə” MMC tərəfindən yaradılmış bu qalereya-butik paytaxt sakinlərinin böyük marağına səbəb olub.

Qaleriya-butikin açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xalça sənətinin Azərbaycan xalqının məişət tarixində xüsusi rol oynadığını deyib: “Azərbaycan xalçalarının unikal nümunələri dünyanın müxtəlif ölkələrinin muzeylərində layiqli yer tuturlar. SSRİ-də də ilk dəfə xalça muzeyi məhz Bakıda yaradılmışdı və ölkədə yeganə xalça muzeyi idi. Dünyada 3-4 belə muzey mövcud idi. Hətta İranda xalça muzeyi Bakıdan sonra yaradılmışdı. Xalçaçılıq Azərbaycanın milli sənətidir və bu səbəbdən UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb”.

“Azər-İlmə” MMC-nin baş direktoru Vidadi Muradov çıxışında Azərbaycan xalçalarının bütün dünyada məşhur olduğunu və zəngin qədim tarixə malik olduğunu söyləyib. O, yaxın vaxtlarda Bakıda Xalça Muzeyinin yeni binasının açılacağını deyib.

Qalereyanın baş direktoru Vitali Yefremov layihənin əsas məqsədinin Azərbaycan xalçasının tarixi və mədəniyyəti ilə tanışlıqdan ibarət olduğunu vurğulayıb: “Qalereyanın açılışı Azərbaycan və Rusiya arasında bütün sahələrdə mövcud olan əməkdaşlığın daha bir uğurlu nümunəsidir”.

Tədbirdə fəxri qonaqlar qismində iştirak edən Rusiya Federasiya Şurasının üzvü Eduard Rossel, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşev və başqaları Azərbaycan xalçasının bu cür unikal qalereyalarının Rusiyanın digər regionlarında da açılmasının vacibliyini vurğulayıblar.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 214