Morninqstar müəmmalı danışdı: Prezidentlər bir masaya əyləşib konkret addım atsınlar…
Riçard Morninqstar yenə müəmmalı danışıb. Deyir ki, “münaqişənin yeganə həlli yolu prezidentlərin bir masaya əyləşib konkret addımlar atmasıdır”. İşğal və işğalçı varkən… İşğalçı tutduğu torpaqları xoşluqla tərk etməzkən…
Səfir daha sonra deyir: “İnsan həyatının itirilməsi faciədir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir neçə həftədir ki, vəziyyət gərginləşib. Biz bu gərginliyin azalacağına ümid edirik”.
Ermənistan tərəfin Olimpiya oyunları dövründə atəşkəs rejimini pozmasına dair sualı cavablandıran səfir bildirib ki, vəziyyətin gərginləşməsi danışıqlar prosesinə kömək etmir və bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər: “Biz hər iki tərəfi təmas xəttində Olimpiya barışığına əməl etməyə çağırırıq”.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəlincə, Morninqstar qeyd edib ki, görüş barədə qərarı prezidentlər özləri verməlidirlər: “Biz ümid edirik ki, onlar yenidən görüşəcəklər. Düşünürəm ki, münaqişənin yeganə həlli yolu prezidentlərin bir masaya əyləşib problemin nizamlanması istiqamətində konkret addımlar atmasıdır. Bu məsələdə ATƏT-in Minsk Qrupu rol oynayır, biz də rol oynaya bilərik. ABŞ həmsədrlərdən biri kimi öz ideyalarını verir. Lakin münaqişənin həlli iki tərəfin siyasi iradəsindən asılıdır”.
Riçard Morninqstar iddia edir ki, hazırda ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəlki illərdən daha fəal iştirak edir:
“Mən Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını çox yaxşı başa düşürəm. ABŞ münaqişənin həll olunmasına çalışır”.
APA-nın xəbərinə görə, ADA Universitetində çıxışında səfir bildirib ki, hazırda ABŞ münaqişənin həlli prosesində əvvəlki illərdən daha fəal iştirak edir: “Biz hökumətlə daha sıx işləyirik. Keçən ilin noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox pozitiv hadisə oldu və bu görüşlərin davam etməsi vacibdir. Tərəflər münaqişənin həll olunması üçün daha konkret məsələlər ətrafında müzakirələr aparırlar. Biz bu münaqişənin həllində əlimizdən gələni edəcəyik”.