«MKİ məsələsi»: Bu kimi «ziyanlı ittihamları» yayanlar kimlərdir?
ABŞ səfirliyi Azərbaycanda “ərəb baharı” kimi rəngli inqilabların həyata keçirilməsi üçün gənc fəalların Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən ələ alınması barədə fikirləri təkzib edib. Bu fikirləri Azərbaycan Baş Prokurorluğunun müstəntiqləri NİDA hərəkatının həbsdə olan fəallarını dindirərkən söyləyiblər. İş üzrə müttəhimlərdən biri İlkin Rüstəmzadə çərşənbə axşamı məhkəmə iclasında bildirib ki, müstəntiq ona deyib ki, digər müttəhim Rəşad Həsənov MKİ-nin iki polkovniki ilə görüşüb və sonuncular onu təlimatlandırıblar. Müstəntiqin sözlərinə görə, Rəşad satqındır, onu müdafiə etmək yox, əksinə ifşa etmək lazımdır.
Müttəhimlər ABŞ hakimiyyəti ilə hər hansı əlaqələrinin olduğunu və rəngli inqilab hazırladıqlarını qəti şəkildə təkzib ediblər.
Turan-ın xahişi ilə ABŞ səfirliyinin mətbuat xidmətindən bu cür ittihamları şərh edərkən bildiriblər ki, ABŞ-ın hökumət nümayəndələrinin Azərbaycanda inqilaba təşəbbüs göstərmək istəməsi barədə istənilən ittihamlar absurddur. “Bu cür ittihamları yayanlar Azərbaycanın öz strateji tərəfdaşlarından biri ilə münasibətlərinə ziyan vurur”, — mətbuat xidmətinin cavabında deyilir…