Mixail Meyer: 1915-ci il hadisələrinin mahiyyətini ABŞ-dakı erməni arxivləri aça bilər
Türkiyə baş nazirinin 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar bəyanatı siyasi bəyanatdır və Ermənistanla münasibətləri yumşaltmağa yönəlib. Uzun illərdir ki, dondurulmuş vəziyyətdə olan Türkiyə-Ermənistan münasibətləri bu bəyanatdan sonra yaxşılığa doğru dəyişə bilər. Bu sözləri tanınmış türkoloq alim, Moskva Dövlət Universiteti yanında Asya və Afrika Araşdırmalar İnstitutunun direktoru Mixail Meyer deyir (APA).
Ərdoğanın addımını müsbət qiymətləndirən türkoloq bildirib ki, 1915-ci il hadisələrinə ümumən Osmanlı İmperiyası əhalisinin faciəsi kimi yanaşmaq lazımdır: «Əlbəttə ki, müqayisədə erməni əhalisinin itkilərinin sayı türklərin verdiyi itkidən çox idi. Lakin erməni tərəfinin söylədiyi rəqəmlərdə şişirtmələr var. Mənim hesablamalarıma görə, 1915-ci il hadisələri zamanı Osmanlı İmperiyasında yaşayan erməni əhalisinin üçdə biri məhv olub. Ermənilərin odlu silahla və ya kəsici vasitələrlə vəhşicəsinə öldürüldüklərini demək də düzgün deyil. Çünki onların çoxu sürgün vaxtı həyatlarını itiriblər. Bunu “soyqırım” adlandırmağın və adlandırmamağın nə qədər düzgün olduğunu deyə bilmərəm. Lakin bir danılmaz fakt var ki, həmin müharibə illərində türk əhalinin də itkiləri dəhşətli dərəcədə çox olub. Buna şübhə etmək mümkün deyil. 1915-ci il hadisələri zamanı Osmanlıda yaşayan türk əhalisinin onda bir hissəsi məhv olmuşdu. Erməni əhalisinin isə üçdə bir hissəsi… Nəzərə alsaq ki, Osmanlı əhalisinin əsas hissəsini türklər təşkil edirdi, o zaman türk əhalisinin nə qədər itki verdiyini göz önünə gətirmək olar”.
Türkoloqun sözlərinə görə, indiki Türkiyə ərazilərindən ermənilərin köçürülməsinin səbəbi təkcə 1914-18-ci ildə baş verən I Dünya müharibəsində tutduqları mövqe ilə bağlı deyil: “Bəziləri Osmanlının 1915-ci ildən başlayaraq erməniləri məcbur şəkildə köçürmələrini onların rus-türk müharibəsi zamanı rusların tərəfinə keçməsi ilə əlaqələndirirlər. Əslində məsələnin kökü daha əvvəllərə gedib çıxır. Birinci Dünya müharibəsinə qədər də Osmanlı İmperiyasında türklərlə ermənilər arasında münasibətlər heç də yaxşı olmayıb. Rusiya-Osmanlı müharibəsi isə türklərlə-ermənilər arasında heç də yaxşı olmayan münasibətlərin tamamilə pozulmasına gətirib çıxardı”.
Ermənilərin arxivləri tarixçilərin üzünə qapalı saxlamasının səbəbləri ilə bağlı sualı cavablandıran Meyer qeyd edib ki, burada söhbət ABŞ-da olan erməni arxivlərindən gedir: “Mən dəfələrlə Ermənistandakı arxivlərdə olmuşam. Bu arxivlər hər kəsin üzünə açıqdır. Lakin hansı səbəbdənsə, ABŞ-dakı erməni arxivləri qapalı saxlanılır. Əsas arxivlər Ermənistanda olan deyil, ABŞ-dakı erməni arxivləridir. 1915-ci il hadisələrinin mahiyyətini ABŞ-dakı erməni arxivləri aça bilər. Təəssüf ki, ermənilərin bu arxivi açmamasının səbəbini bilmirəm. Bir tarixçi kimi bu arxivlərin açılmasını, tarixi həqiqətin ortaya çıxmasını istəyərdim”.
Meyer Türkiyənin arxivləri hər kəsin üzünə açıq elan etməsini doğru addım adlandırıb: “Ərdoğan bir daha bunu öz bəyanatında xatırlatdı. Tarixçilərdən ibarət beynəlxalq komissiyanın 1915-ci il hadisələrini araşdırması üçün Türkiyə arxivlərinin onların üzünə hər zaman açıq olduğunu bəyan elədi. Bu, Türkiyə tərəfinin 1915-ci il hadisələrinin düzgün araşdırılmasının tərəfdarı olduğunu göstərir. ABŞ-dakı ermənilər də bu cür addım atsalar, problemi birdəfəlik həll etmiş olarlar”.