Misirdə xalq islamçılara rədd cavabı verdi
Misirdə referendumda seçici iştirakı 55 faizi ötüb, seçki məntəqələrinə gələnlərin 95 faizi ölkənin əsas qanununa dəyişikliklər edilməsinin lehinə səs verib. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə daxili işlər nazirinin KİV-lərlə iş üzrə köməkçisi Əbdülfəttah Osman ümumxalq səsverməsinin yekunları üzrə ilkin məlumatları açıqlayarkən deyib.
Misirin yeni konstitusiyası üzrə referendum iki gün (14-15 yanvar) ərzində keçirilib.
Məntəqə seçki komissiyaları səsləri hesablamağa davam edirlər. Referendumun rəsmi nəticəsi seçki məntəqələrinin bağlanmasından 72 saat sonra açıqlanacaq.
Ölkənin Ali Seçki Komissiyasının məlumatına görə, 52 milyondan çox vətəndaşın səsvermə hüququ olub.
Qeyd edək ki, referendumun ilk günü qanlı toqquşmalarla yadda qalıb.
Yeni Konstitusiya layihəsi 247 maddədən ibarətdir. Sənəd qəbul olunarsa, ölkədə dini prinsip üzrə siyasi partiyaların yaradılması və siyasi fəaliyyət qadağan olunacaq. Həmçinin Məsləhət Şurası (parlamentin Yuxarı palatası) ləğv olunacaq.