Mingəçevirdə evlərdən oğurluq edən dəstə yaxalanıb
Mingəçevir şəhərində mənzillərdən oğurluq edən şəxslər tutulub. Üzeyir Hacıbəyov küçəsi, ev 74, mənzil 12 ünvanda yaşayan Əhliman Qasımov və M. Maqomayev küçəsi, ev 48, mənzil 13 ünvanda yaşayan Tofiq Ədilov onlara məxsus mənzillərdən oğurluq edilməsi barədə polisə ərizə ilə müraciət ediblər.
Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri, 1991-ci il doğumlu Kərimov Elçin Elşən oğlu, 1994-cü il doğumlu Nəsibzadə Xəyal Rafael oğlu, 1995-ci il doğumlu Ənvərli Ənvər Ziyəddin oğlu və 1997-ci il doğumlu Gözəlzadə Şahmar Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Bəlli olub ki, onlar əlbir olaraq mənzillərə oğurluq məqsədilə daxil olublar və iki evdən ümumilikdə 5 min manatdan artıq qızıl-zinyət əşyaları qarət ediblər. Adı çəkilən şəxslər plastik pəncərələri olan mənzilləri qarət ediblər. Onlar xüsusi alətlə plastik pəncərələri açaraq içəri daxil olublar. Yeniyetmə və gənclər oğurladıqları qızıl-zinyət əşyalarını Gəncə, Ağdaş və Bakıda satıblar.