Muəllif:

Millimiz Antverpendə Sloveniyanı 7:6 hesabı ilə üstələdi

Futzal üzrə Azərbaycan millisi Sloveniyanı  7:6 hesabı ilə üstələyib və bu qələbə oyundan sonra dava düşməsi ilə yadda qalıb. Apapsport.az saytının Antverpenə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bol qollu keçən oyun gərginliyi ilə seçilib.

Belə ki, oyun ərzində tərəflər arasında kobudluqlar qeydə alınıb. Bunun nəticəsi olaraq, oyundan sonra Sloveniyanın kapitanı İqor Osredkarla millimizin kapitanı arasında kiçik qarşıdurma yaşanıb. Digər futzalçıların müdaxiləsi məsələnin böyüməməsinə səbəb olub.

Millimiz Sloveniya ilə oyunda hesabda geri olsa da, son dəqiqələrdə vurduğu qollarla qələbə qazanmağı bacarıb – 7:6.

Futzal üzrə millinin kapitanı Vitali Borisov oyun və baş verən insidentlə bağlı apasport.az saytına açıqlama verib. “Açığı, Sloveniya ilə asan oyun keçəcəyini gözləyirdik. Ancaq rəqibimiz göstərdi ki, əbəs yerə İtaliyanı udmayıb. Oyuna yaxşı başlasaq da, sonradan qol buraxmaqla planlarımız alt-üst oldu. Ancaq həmişə olduğu kimi qapıçını çıxarıb 5-in 4-ə yaxşı oynadıq. Həmin müddətdə 5 qol vurub cəmi 1-ni qapımızdan buraxdıq”, — deyə V. Borisov bildirib.

Oyunun 29-cu dəqiqəsinin 20-ci saniyəsində hesabı bərabərləşdirən (5:5) Borisov çox səhvlərə yol verdiklərini bildirib: “Hiss olunurdu ki, Sloveniyada ilk oyunun yorğunluğu var. Sadəcə, 6 qolun 5-ni öz səhvimizdən buraxdıq. İtaliya ilə görüşdə belə səhvləri təkrarlamamalıyıq. Onlarla matçda 2:5 hesablı yenilgidən sonra qələbə qazanmaq çətin olar”.

O, oyundan sonra Sloveniyanın kapitanı İqor Osredkarla dava etməsinin səbəbinə də aydınlıq gətirib: “O elə bilirdi ki, mən qaydanı pozmuşam, sadəcə hakim oyunu dayandırmayıb. Ancaq oyun gərgin keçdiyindən, həmin epizodda kobud yox, sərt oynamışdım. Matçdan sonra ona yaxınlaşıb oyuna görə “çox sağ ol” dedim. O isə əlimi geri çevirib məni itələdi. Mən də eyni hərəkətlə ona cavab verdim. Belə olub aramızda mübahisə başladı. Halbuki oyunda nə baş veribsə, o orda da qalmalıdır. O peşəkar kimi davranmadı, ona görə də belə dava düşdü”.

Borisov iyulun 2-də C qrupunun son matçı olan İtaliya ilə görüş haqqında isə bunu deyib: “İtaliya ilə oyun çox çətin olacaq. Baxmayaraq ki, onlar ilk oyunda uduzublar, ancaq bu komandada ulduz oyunçular var. Hər an hər şey etməyə qadirdirlər. Ancaq sabahkı 30-40 dəqiqəlik məşqdən sonra istirahət etmək və bu matça tamamilə köklənmək imkanımız olacaq”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 138