Muəllif:

Milli Özünüdərk

Dövlətin zəngin tarixə malik özünəməxsus ənənə və dəyərlərinin yaşadılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüuru aşılanmalıdır. Sözügedən zümrəyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, qarşıya qoyulan məqsədlərə çatmaq çətin olmaz. Milli mənlik şüuru nədir? Bu ifadəni dərindən təhlil edəndə belə qənaət hasil olur ki, milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk ilk növbədə insanın öz tarixi kökünü, milli mənsubiyyətini, vətən tarixini bilmək və dərindən təhlil etmək bacarığını özündə ehtiva edir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir və bütün bunlar hansı əsaslara söykənir.
Azərbaycanda milli özünüdərk prosesi böyük bir tarixi yol keçmişdir. Milli ideologiya, milli kimlik, özünüdərk prosesində həyatını qurban verən insanlar məhz özlərindən sonrakı nəslin bu ülvi dəyərlərə sahib çıxmasını, onu qorumasını istəmişdilər. Məhz onların, ağır şərtlər altında, heç bir təhlükə və qorxudan çəkinməyərək millətin gələcəyini düşündükləri üçün bu mübarizəyə qoşulmuşdular. Bu missiyanın davam etdirilməsi isə gələcək nəslə bir vəzifə kimi ötürülmüşdür.
Böyük və zəngin bir tarixi irsə sahib olan Azərbaycanda bu gün milli şüur, millilik, gənclərdə milli özünüdərk səviyyəsinə bir qədər fərqli prizmadan nəzər yetirməyə çalışacağıq. Çoxsaylı sorğu və təhlillərin nəticəsi olaraq bəyan etmək olar ki, bu gün irsimizə sadiqlik, milli düşüncəmizə sədaqət və Azərbaycançılıq ideyalarının tam dolğunluqla təzahürü məsələlərində narahatedici məqamların mövcudluğu danılmaz bir faktdır. Burada söhbət yalnız gənclərin patriotik hisslərə qapanma səviyyəsindən getmir. Məsələ daha ciddidir. Görəsən, bugünkü gəncliyin, əjdadlarımızın təcrübəsi olaraq, milli dəyərlərimizi gələcək nəsillərə çatdırmaq potensialı və missiyası vardırmı? Sualın cavabı isə mövcud vəziyyətin obyektiv və subyektiv səbəblərindədir. Səbəblər isə bəllidir…fərqli maraqlar, fərqli düşüncə tərzi, fərqli zəmanə… Bu məqaləmizdə biz özünüdərk prosesinin təkamülü təsiri və milli şüurun, özünüdərkin gənclər arasında bu gün daha da yüksək səviyyəyə çatdırılması ilə bağlı təklifləri nəzərdən keçirməyi qarşımıza məqsəd qoymuşuq.
Milli şüur, milli özünüdərk mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Özünüdərk və şüur anlayışı nə qədər ümumidirsə, milli şüur istilahında həm ümumilik, həm də xüsusilik vardır. Milli şüur bir növ fərdi şüurla ümumi şüur arasında əlaqələndirmə funksiyasını yerinə yetirir. Çünki milli şüurda bir fərdin təmsil olunduğu konkret etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz əksini tapa bilər. Yəni hər birimiz bir tərəfdən konkret bir millətin, dinin, mədəniyyətin nümayəndəsi olduğumuz halda, digər tərəfdən ümumbəşəri dəyərlərin daşıyıcısıdır.
Ona görə də milli şüur, milli ideya dedikdə, onu yalnız etnik mənada başa düşüb, yalnız məqaləmizin kökündə dayanan türkçülüklə əlaqələndirməyi məsələyə məhdud prizmadan baxış kimi qiymətləndirmək olardı. Türkçülük milli şüurun bir hissəsidir. Daha doğrusu, onun aparıcı hissəsi və nüvəsidir. Buna səbəb də odur ki, milli şüurun formalaşması hər şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi (etnos) ilə bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Elə bir varlıq ki, özünü onunla ifadə edir. Bu baxımdan türk dilində (Azərbaycan) danışan və təhsil alan hər bir Azərbaycan vətəndaşı (türk və türk olmayanlar) özünü həm türk (çoxsaylı Azərbaycan türkləri), həm də azərbaycanlı (türklər və azsaylı etnik qruplar) kimi qəbul edir. Bu vəhdət nəticəsində yaranan azərbaycançılıq milli şüurun özünüdərk nümunəsidir. Deməli, milli şüur formalaşdırılarkən dil amili birinci yeri tutur.
Azərbaycan gəncliyinin sıralarında bəzi hallarda obyektiv və subyektiv səbəblərdən müşahidə olunan «özünüdərk» anlamına və onun doğurduğu milli dəyərlərə, vətəndaşlıq borcuna və tarixi köklərə müəyyən biganəlik və etinasızlıq cəmiyyətin birbaşa səyləri ilə aradan qaldırılmalı, bağçalarda, orta məktəblərdə, ali təhsil ocaqlarında «milli özünüdərk» anlamı mütləq olaraq mərkəzləşmiş və planlı şəkildə hər kəsə aşılanmalıdır. Tarixi dəyərlərin və milli mənsubiyyət elementlərinin daşıyıcıları olan gəncliyin qarşısında bu gün layiqli gəcələcəyin təmin edilməsi baxımından böyük vəzifələr durur. Odur ki, zəngin millət, firavan cəmiyyət və layiqli gələcək yönümlü əməllərimizin fərdiyyət şəklində və mütləq xarakterli kütləvi tədbirlərin hökumət səviyyəsində həyata keçirilməsinə yeni bir təkan veriləcəyini düşünürük.
Məhz bu baxımdan, vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir adamın üzərinə ağır yük qoyur.
Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli ideologiya da eyni bir təməl üzərində — milli fəlsəfi fikir zəminində formalaşır.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 2339