Milli Konservatoriyanın yeni binası istifadəyə açılıb
Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olub. Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Milli Konservatoriyanın rektoru, Xalq Artisti Səyavuş Kərimi binada tədrisin yüksək səviyyədə aparılması üçün hər şərait yaradıldığını bildirib və qeyd edib ki, lazımi avadanlıqla təmin edilən sinif otaqlarında tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər şərait var.
Milli Konservatoriya ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası burada 1000 tələbənin oxumasına imkan verir. Professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Təhsil və elmin əlaqələndirilməsi məqsədilə “Milli musiqinin tətbiqi” və “Milli musiqi alətlərinin araşdırılması” elmi laboratoriyaları yaradılıb. Bu laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir.
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşüblər. Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlərin həyata keçirildiyini deyən dövlət başçısı qeyd edib ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bununla bağlı həyata keçirilən layihələr bu prosesə öz töhfəsini verir.
Bu sırada muğam sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi ilə əlaqədar görülən işləri təqdir edən prezident gənc istedadların üzə çıxarılması ilə bağlı muğam televiziya müsabiqələrinin əhəmiyyətini vurğulayıb.
Prezident Əliyev bir daha gənclərdə Vətənə və milli mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi istiqamətində yaşlı nəslin üzərinə müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdıraraq vurğulayıb ki, milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın milli sərvətidir.
Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya milli mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli musiqinin inkişafının prioritet olduğunu vurğulayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi son illərdə bu təhsil ocağında həyata keçirilən layihələrdən danışıb, milli musiqiyə, muğama marağın artdığını bildirib.
Sonda prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olunub.