Millətin böyüklüyü nədədir?
Son iki həftə dünyada bir xeyli maraqlı olmaqla yanaşı, həm də nəyinsə müjdəçisi olan hadisələr baş verib. Ona görə müjdəçisi deyirəm ki, həmin hadisələrin bir qismi hələ də davam etməklə yanaşı, yenilərini doğurur. Bir növ zəncirvari reaksiya baş verir.
Ukrayna paytaxtı Kiyevdə «maydan» davam edir. Millət öz haqqını sonadək tələb etmək əzmindədir. Özü də qəzetimizlə əməkdaşlıq edən ukraynalı jurnalist dostum Yuri Rayxelin yazdığı və dediklərindən belə anlaşılır ki, xalq maydana müxalifətin arxasınca gəlməyib, tam əksinə, müxalifət xalqın yedəyindədir. Və məhz elə buna görədir ki, Yanukoviç etirazçılara güc gələ bilmir. Yoxsa siyasətçilər, istər iqtidar olsun, istər müxalifət, bir-birləriylə çoxdan dil tapardılar, ən pis halda isə iqtidar opponentlərini zorla susdurardı. Bizdə də vaxtilə 88-ci ildə meydana ilk çıxan xalqın özü idi və müxalifəti xalq özü doğurdu. Yəni xalq müqavimətə hazır olmayınca, bunun üçün yetişməyincə, onu heç bir siyasətçi yerindən tərpədə bilməz…
Soçi Olimpiadasını boykot edən Avropa ölkələri başçılarının sayı artmaqdadır. Almaniya və Fransa prezidentləri isə bu siyahının başında duranlardır. Görünür, Rusiya prezidenti Putin məhz bu prosesin qarşısını almaq üçün bu günlərdə daşı ətəyindən tökərək illərdir avropalıların irəli sürdüyü tələbi yerinə yetirib — Xodorkovskini əfv edib. Hərçənd, məşhur yazıçı və jurnalist Viktor Şenderoviç öz bloqunda yazıb ki, əslində Putin Xodorkovskini deyil, Xodorkovski Putini əfv edib. Hər necə olsa da, son zamanlar dünyada at oynadan Putin bu dəfə özünü cilovlamalı olub. Bundan sonra bəlkə Obama kişilənib Soçiyə gələr…
Türkiyədə tuthatutdur. Hüquq-mühafizə sistemi vəzifə borcunu yerinə yetirir. Ərdoğansa hikkəsindən düşməni yenə də xaricdə axtarır, ordakılara əli çatmasa da, korrupsiya sisteminə zərbə endirmiş polisləri işdən qovur. Bu korrupsiya işində adı hallanan nazirləri isə artıq istefa verməyə başlayıblar. Baş verənlərin bir ucu, deyəsən, bizə də gəlib çıxır — artıq bir gömrük rəisimiz Türkiyədə saxlanılıb. Çirkli pulların yuyulmasında da fəallıq göstərmişik. Axı hansı azərbaycanlı belə işdən qaçar?!
Bir də Türkiyə həbsdə olan jurnalistlərin sayına görə Çin və İranı da geridə qoyaraq rekord qırıb — dünyada birinci olub. Bəlkə baş verənlərin kökü elə bundadır? Azad sözü boğmaq, deyilənləri qulaq ardına vurmağın axırı başqa cür ola bilməz.
Türk nazirlərin istefasından söz açmışkən — noyabrın sonunda Latviyanın baş naziri də istefa verib. Özü də bütün hökumət üzvləriylə birgə. Səbəbsə Riqada ticarət mərkəzinin damının çökməsi nəticəsində insan tələfatının olmasıdır. Deyilənə görə, Valdis Dombrovskisin bu addımı çoxları üçün gözlənilməz olub. Amma Latviyada yaşayan həmkarım və soydaşımız Faiq Səfərovun bununla bağlı danışdıqları məni şaşırtdı. Dombrovskislə şəxsi tanışlığı olan Faiq söylədi ki, Valdis artıq neçə vaxtdır ki, vəzifədə çox qalmasından gileylənirmiş. Baş verən faciə, görünür, son damla olub. Deyim ki, Valdis Dombrovskis dördcə il imiş ki, baş nazirlik edirmiş. Özünün də cəmi-cümlətanı 42 yaşı var…
Bu da bəyənmədiyimiz Avropa.
Və sonda. Keçən həftə Bakıda Qazaxıstanın müstəqillik günü qeyd edilirdi. Bir neçə gün sonra isə Yaponiya İmperatorunun ad günü keçirildi. Hər iki milləti bir daha təbrik edirəm. Bu tədbirlərin ikisinə də dəvətliydim və ikisində də iştirak etdim. Diqqətimi qəribə bir məqam çəkdi — dünyanın üçüncü iqtisadi gücü olan Yaponiya, yəni Gündoğan ölkənin Azərbaycandakı səfirliyi hər bir yaponun az qala sitayiş etdiyi İmperatorun ad gününü çox sadə şəkildə səfirin kiçicik iqamətgahında keçirdiyi halda, qazax qardaşlarımız müstəqillik gününü Flame Towersdəki dəbdəbəli Fairmonte Hoteldə qeyd etdilər…
Qazaxıstan iqtisadiyyatının dünyada neçənci olduğundansa heç söz də açmaq istəmirəm.
Marks demiş: «Millət nə qədər kiçikdirsə, bayrağı bir o qədər alabəzəkdir».
[email protected]