Məxfi toplantının səs yazısının yayılma faktı ilə bağlı ilk həbs
Türkiyə XİN-də Suriya ilə bağlı keçirilmiş məxfi toplantının səs yazısının yayılmasından sonra başlanan istintaq çərçivəsində jurnalist-yazar Öndər Aytaç həbs edilib. Bu adam casusluq ittihamı ilə başlanan təhqiqat çərçivəsində gözaltına alınmışdır. Aytac Fətullah Gülən çamaatına yaxınlığı ilə tanınır. Anadolu agentliyinin yaydığı xəbərə görə onu Ankarada saxlamışlar.
Aytaç martın 26-da “Samanyolu” telekanalında çıxışında seçki ərəfəsində Türkiyə hökumətinin Suriyaya hərbi müdaxilə etməyə hazırlaşdığını bildirib. Bu çıxışdan bir qədər sonra internetdə gizli səs yazısı yayılıb. Səs yazısından aydın olur ki, xarici işlər naziri Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli İstihbarat (kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan və Silahlı Qüvvələr Baş Qərargahının 2-ci rəisi Yaşar Gülər gizli toplantıda Suriyaya hərbi müdaxilə üçün səbəb tapılması məsələsini müzakirə edirlər. Fidan hərbi müdaxiləyə əsas yaratmaq məqsədilə lazım olsa Suriyaya adamlar göndərib Türkiyə ərazisinə raket atdıra biləcəyini, eyni zamanda Suriyadakı Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə hücum təşkil edə biləcəyini deyir. (Süleyman Şah Osmanlı dövlətinin qurucusu Osman Qazinin babası olub. Onun məzarı hazırda Suriyada olsa da, həmin məzarın yerləşdiyi türbə və ərazi Türkiyə torpağı sayılır və türk əsgərləri tərəfindən qorunur).