Muəllif:

Meşə Məcəlləsini kim yenidən yazacaq?

Meşələrə Yer üzünün ağ ciyərləridir deyirik. Amma nə edəsən ki, bizim vətəndaş meşələrin həyatımızda oynadığı rolun mühümlüyünü tam dərk etmir. Bundan da vacib problemlərimiz var deyərək «meşələr qırılır», «qiymətli ağac növləri kəsilir», «meşələrdə istirahət mərkəzləri tikilir» kimi xəbərlərə əhəmiyyət verilmir. Əslində isə meşə insanın havası, suyu, qidası və ən əsası — sağlamğının keşikçisidir.
Meşələrin təbiətdə ən böyük rolu — hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.
Şam ağacının ayırdığı fitonsid maddələr vərəm çöplərinə, ardıc ağacının fitonsid maddələri difteriya və qarın yatalağı çöplərinə öldürücü təsir göstərir. Bir hektar ardıc meşəsi gün ərzində 30 kq efirli maddə ayırır ki, bu da kiçik bir şəhərin havasını bir sutka mikrob və viruslardan təmizləməyə kifayət edir.
Meşələr bulaqları, bulaqlar da meşələri qoruyar. Meşələr qırıldıqca bulaqlar quruyur, bu səbəbdən də bir vaxtlar bol suyu olan çaylar indi kiçik arxlara bənzəyir. Meşələrə münasibət bu tərzdə davam edərsə, sudan korluq çəkməyən kəndlərimiz su üzünə həsrət qalacaq…
Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə və bitkilər mövcuddur. Bunların 30%-i istismar əhəmiyyətli məhsullardır və bunlardan da istifadə edirik.
Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır, sellərin və torpaq sürüşməsinin qarşısını alır.
Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir. Yəni meşələrdən oduncaq kimi istifadə qadağandır.
Standartlara görə, normalda ölkə ərazisinin 23 faizi meşədən ibarət olmalıdır. Bizim ümumi meşə fondumuz formal rəqəmlərə görə 1213,7 min hektar, o cümlədən, meşə ilə örtülü sahə 1021 min hektardır. Bu da ölkə ərazisinin 11,8 faizini təşkil edir. Deməli Azərbaycan azmeşəli ölkələr sırasına daxildir. Ölkəmizdə adambaşına düşən meşə sahəsi təxminən 0,12 hektar təşkil edir ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 hektar) azdır…
Cərimələri ödəməkdən boyun qaçırırlar
ETSN-in məlumatına görə, 2012-ci ildə meşə fonduna daxil olan ağac və kol bitkiləri ilə bağlı 247 akt və 30 protokol tərtib olunub.
Qanunsuz meşə qırma, ağac və kolların kəsilməsinə, boy artımının dayanacaq dərəcəyə qədər zədələnməsinə, külək və qar ağırlığından sınmış və kök üstə quruyan ağacların icazəsiz mənimsənilməsinə, yandırılma və etinasız rəftara görə, ağac və kolların ərazisinə yararsız kanalizasiya sularının və kimyəvi suların axıdılmasına görə və digər amillərə görə, cərimə nırxları müəyyən edilməklə cinayət məsuliyyəti də nəzərdə tutulmuşdur.
1997-ci ildə qəbul edilmiş Meşə Məcəlləsinə əsasən, meşəçilərin tərtib etdikləri akta əsasən, məhkəmə qanunlarının icra edilməsinə nəzarət edən idarə həmin cərimələrin ödənilməsini həyata keçirməkdə müstəqildir. Lakin bütün bunlara baxmayaraq, vətəndaş nəinki akta əsasən tərtib edilən cərimələri, hətta məhkəmələrin müəyyən etdikləri cərimələri ödəməkdən boyun qaçırır. Və cərimələri ödəməyə məcbur etmə mexanizimləri yoxdur.
Statutsuz meşələr
Niyə qanun cinayətlərin qarşısını almaqda acizdir? Məcəlləni təhlil etdikdə, bu suala asanlıqla cavab almaq mümkündür. MM-in analizi göstərir ki, meşələrlə bağlı bir çox məsələlər bu qanunverici aktla tənzimlənmir. Məsələn, meşə yolları ilə bağlı məsələ tənzimlənmir.
Məcəllə meşə qanunvericiliyi pozuntularının siyahısını ehtiva etmir, bələdiyyələrin və fiziki şəxslərin sahibkar kimi hüquq və vəzifələrini təmin etmir, meşələrin ənənəvi istifadəçilərinin hüquqlarına dair heç bir məsələ əksini tapmayıb. Bundan başqa, meşələrin mühafizəsi NK-nın ayrıca qərar və qətnamələri ilə tənzimlənir.
MM meşə hesab olunan ərazilərə aid edilir. Deməli, məcəllə tətbiq olunduqda ərazinin statusu müəyyən edildiyi zaman şübhə qalmamalıdır. MM-in I maddəsinə görə meşə torpağın, suyun, ağacların, kolların və otların, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin bir-biri ilə qarşılıqlı əlaqədə olduğu və təsir göstərdiyi birlikdir.
Lakin MM-in III maddəsinin məzmunu meşənin ekosistem kimi nəzərdən keçirildiyini göstərir.
1999-cu il tarixli «Ətraf mühitin mühafizəsi haqqında» qanununun I maddəsinə əsasən ekoloji sistem bütöv bitki örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su anbarları və çaylar, faydalı qazıntılar, hava və enerji mənbələri, ətraf mühitin qarşılıqlı əlaqəli tərkib elementləri deməkdir.
Beləliklə, meşənin təyinatı zamanı meşənin ekoloji sistem kimi təyin olunmadığı görünür. Lakin meşənin təminatlı müdafiəsi və inkişafı üçün onun MM-in I maddəsində meşənin ekosistem kimi göstərilməsi daha məqsədəuyğun olardı. Bundan başqa, ölkəmizdə meşənin təyin olunması üçün texniki meyarlar yoxdur. Bu da konkret ərazilərin statusunun müəyənləşdirilməsində problemlər yaradır.
Birləşmiş Millətlərin ərzaq və kənd təsərrüfatı təşkilatı «Meşə ehtiyatlarının qiymətləndirilməsi» adlı əsas hesabatında meşənin tərifini belə verib: «Meşə» minimum 0,05 — 1,0 ha torpaq ərazisini hündürlüyü ən azı 2-3 metr olan ağacların 10-30%-nin tutduğu ağac örtüyüdür. Meşə müxtəlif yaruslu ağacların, xırda ağaclıqların torpağın və açıq meşənin böyük hissəsini örtdükləri bağlı meşə formalaşmalarından da ibarət ola bilər. Hündürlüyü 2-5 metrə, çətri 10-30 % sıxlığa çatan müəyyən hündürlüyə malik təbii yolla bitən cavan ağaclar və bütün plantasiyalar meşəyə daxildir.
Məcəllədə bu anlayış mövcud deyil.
MM-in XI maddəsinə əsasən Azərbaycanda meşə fondu dövlətə məsxusdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilə bilməz. Amma reallıq belədir ki, bələdiyyələrin torpaq sahələrində və torpaq islahatlarının gedişatında dövlətdən torpaq almış xüsusi şəxslərin torpaq sahələrində bütün bioloji və texniki meyarlara cavab verən meşələr yaranmışdır. Ancaq bu faktiki meşələr dövlət meşə kadastrına daxil edilməmişdir. Təkcə bələdiyyələrin nəzdində 57 min hektar meşə fondu var. Meşə olaraq, onların statusu faktiki olaraq müəyyən edilməyib və torpaq sahələri kimi torpaq qanunvericiliyiylə tənzimlənirlər.
Beləliklə, bu kimi meşələr dövlət nəzarətindən kənarda qalır, insanlara icarəyə verilir, sonradan ərazini səhralaşdırdığına, ağacları kəsib yerində kotteclər inşa etdiyinə görə də heç kimi cəzalandırmaq olmur.
Ona görə də MM-dəki meşə anlayışı təkmilləşdirilməli və ona texniki parametrlər əlavə edilməlidir. Heç bir sual, boşluq olmamalıdır.
Nə qədər ritorik səslənsə də, deməliyik ki, meşələrimiz «cəngəllik qanunları» ilə idarə olunur. Kim güclüdürsə, qanun da odur! Məcəllədə lazımı məsələni tənzımləyən maddə yoxdursa necə olmalıdır ki?..
Cərimələri yüksəltməyi əsaslandırmaq lazımdır
Meşələrin mühafizəsi və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ENPI/FLEG Proqramının Azərbaycan üzrə məsləhətçisi Azər Qarayev deyir ki, Bakıda yaşıllaşdırma məqsədilə meşə torpaqlarının satılması adi haldır. Bir «Kamaz» meşə torpağının qiyməti 300 manatdır. İsmayıllıda və Bakıya yaxın rayonlarda bu hallar müşahidə edilir. Halbuki meşələrdə həmin torpaq qatının yaranmasına illər lazım olur. Həmin qat götürüldükən sonra meşələr deqradasiyaya uğrayır və meşələrdə olan biomüxtəliflik böyük ziyan çəkir.
Yerli İH orqanları, bələdiyyələr yerli ekologiya idarələrinin işinə müdaxilə edir, meşə torpaqlarını özəl qurumlara satırlar. Bununla bağlı açılan cinayət işləri illərlə məhkəmələrdə qalır. Bunun müqabilində isə meşə öz funksiyasını itirir və illər lazmdır ki, cərimə nəticəsində əldə olunacaq vəsaitlə yeni ağaclar əkilsin, o öz funksiyasının bərpa etsin».
Bir ədəd ağac kəsməyə görə inzibati xəta olaraq 800 manat cərimə tətbiq olunur. Qarayev deyir ki, bu məbləğ meşəyə dəyən ziyanla müqayisədə çox azdır. ETSN isə obyektiv səbəblərdən cərimələrin məbləğinin yüksəldilməsini əsaslandıra bilmir:
«Ekosistemlərin qiymətləndirməsi beynəlxalq təcrübəsinə əsasən, meşə təkcə ağac mənbəyi deyil, ekoloji kompleksdir. Bir ağaca görə cərimənin məbləğini düzgün təyin etmək üçün ölkəmizdə oksigenin, suyun, meşədəki dərman bitkilərinin, turizmdən gələn orta illik gəlirin hesabatı çıxarılmalıdır. Meşələrin məhv olmasının mənfi təsirləri heyvan və quşlardan da yan keçmir. Bu da hesablanmalıdır. Meşələr çölləri küləklərdən, güclü seldən qoruyur, suyu saxlayaraq onun çaylara keçməsinə mane olur, torpağın sovrulmasının qarşısını alır. Meşələrin məhv olması çox zaman yerli təbii şəraitin pisləşməsi ilə nəticələnir, yarğanların böyümə sürəti və torpaqların yuyulması artır, çaylar dayazlaşır. Bunu da əsas götürərək ETSN NK-ya müraciət etməlidir ki, tutalım, bir ağac üçün cərimə 5000 manat olmalıdır. İndiki halda bu qiymətləndirmə olmadığından cərimələrin bu şəkildə yüksəldilməsini əsaslandırmaq mümkün deyil.»
Bəs görək Milli Məclisdə bununla bağlı nə düşünürlər? Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradov da bizimlə söhbətində Meşə Məcəlləsinin köhnəldiyini, günün tələblərinə cavab vermədiyini təsdiqlədi. Onun fikrincə, buomüxtəlifliyin, su ehtiyatlarının, bələdiyyə meşələrinin, bu kimi məsələlərin yeni məcəllədə əhatə olunması çox vacibdir. Amma buna bir təşəbbüs — təəssüflər olsun ki, hələlik yoxdur…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 2,00 из 10)
Oxunma sayı: 367