Mərakeş çəyirtkələri ölkəmizin üstünə yeridi…
Mərakeş çəyirtkələri ölkəmizin üzərinə yeridi, cənub rayonları təhlükədədir. Havaların istiləşməsi ilə kənd təsərrüfatı üçün son dərəcə təhlükəli olan Mərakeş çəyirtkələri Biləsuvar rayonun da əkin və otlaq sahələrində müşahidə olunmağa başlanıb. Küdrü düzünün Biləsüvar rayonundakı ərazisi Mərakeş çəyirtkələrinin yayıldığı ən təhlükəli yerlərdən hesab olunur.
Mövcud problemlə bağlı artıq Kənd Təsərrüfatı Nazirliyi ərazidə mübarizə tədbirlərinə başlayıb. Bu məqsədlə Mərkəzi Aran rayonlarında 4 qərargah yaradılıb. Kömək üçün əraziyə Qərb rayonlarından da əlavə kənd təsərrüfatı texnikaları cəlb olunub.
ziyanverici həşəratlara qarşı mübarizə tədbirləri Biləsuvarla yanaşı, Mərkəzi Aran bölgəsinin Saatlı ,Sabirabad, İmişli, Hacıqabul və Salyan rayonlarında da davam etdirilir. Qısa müddətdə 200 min hektar ərazidə Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirləri aparılıb.
Bu arada Sabirabadın bəzi əkin sahələrinə “Mərakeş çəyirtkələri” daraşıb. APA-nın yaydığı xəbərə görə, rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Ələmbəyli və çöl ərazilərdə çəyirtkələrin kütləviliyi müşahidə olunur.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi Mərakeş çəyitkələrinə qarşı mübarizə tədbirləri görür. Bitki Mühafizəsi Mərkəzinin Sabirabad, Saatlı, İmişli və digər rayon şöbələri də mübarizə tədbirləri həyata keçirir.
Sabirabad Bitki Mühafizə Mərkəzinin rəisi Ramazan Aydınovun verdiyi məlumata görə, çəyirtkələri məhv etmək üçün mərkəzin əməkdaşları və texnika işə cəlb olunub. Mütəxəssislərin fəaliyyəti üçün bütün lazımı tədbirlər görülüb. Bildirilib ki, xüsusi təhlükəli ziyanvericilər qrupuna aid olan “Mərakeş çəyirtkələri”nin qarşısı vaxtında alınmalıdır, çünki bu çəyirtkələr qısa vaxtda məhsula, bütün kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vura bilər.
Mübarizə tədbirlərinə cəlb olunan mütəxəssislər sahələri diqqətlə gəzərək ziyanvericilərin yuvacıqlarını müəyyən edir, texnikaların həmin əraziləri qısa vaxtda dərmanlamasını təmin edirlər.