Muəllif:

Məqsədi qardaşını öldürüb, biznesini ələ keçirmək imiş

Ötən il mayın 23-də Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında Sahib Musayev Ordubad rayon sakini Alim Əhmədovu bıçaqlayaraq öldürüb. Sahib Musayev cinayəti törətdikdən sonra meyiti avtomobilə qoyaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirib və könüllü olaraq polisə təslim olub.

Sahib Musayev qaydasız döyüş üzrə idman ustası, 44 yaşlı Musa Musayevin kiçik qardaşıdır. O, hətta Bakıda qaydasız döyüş məktəbi də təşkil edib. Musa Musayev idman dünyasında kifayət qədər nüfuzlu insandır. Alim Əhmədovu öldürən Sahib Musayev qardaşı, ötən il noyabrın 25-də Moskvanın Novqorod küçəsində güllələnmiş Natiq Musayevin qisasını alıb. O, zaman killer Natiq Musayevi yaşadığı yerdə gözləyib. Natiq Musayev 15-ci mərtəbədə liftdən çıxarkən cinayətkar üç dəfə onun başına atəş açıb. Öldürülmüş Natiq Musayev Moskvada geyim mağazaları şəbəkəsinini sahibi olub.

Bundan sonra şənbə günü Musayevin yaxınları öldürülmüş şəxsi yad etmək üçün “Zimnyaya veranda” restoranında toplaşıblar. Çay sifariş verərək, onları narahat etməməyi xahiş ediblər. Təxminən saat 18:00-da Musayevin qohumları — 50 yaşlı Şirin Hümbətov və onun bacısı oğlu Şahin Nağıyev restorana gəliblər. Bir saatdan sonra Şahin Hümbətov onu söhbət etmək üçün bayıra çağırmış naməlum kişi tərəfindən alından 2 güllə vurulmaqla öldürüb, onun 48 yaşlı bacısı oğlu Şahin Nağıyev isə sinəsindən yaralanıb. Hümbətov Moskvadakı Azərbaycan diasporasının tanınmış təmsilçisi olub və əsasən, Riqa bazarına nəzarət edirmiş. Qatil hadisə yerindən qaçıb. Kafedə törədilən hadisə ilə bağlı cinayət işi qaldırılsa da, elə Natiq Musayevin qətli kimi həmin qətlin də üstü açılmır.

Musa və Sahib Musayev qardaşları özləri üçün müəyyənləşdirirlər ki, qohumlarının qatili, daha doğrusu, sifarişçisi o zamanlar Natiq Musayevin biznes ortağı olan Alim Əhmədovdur. Onların fikrincə, Alim Əhmədovun digər qardaşlarının ölümündə də əli olub. İki il əvvəl Moskva xəstəxanasında Musayevlərin daha bir doğma qardaşı dünyasını dəyişib. Saxlanılmış Sahib Musayev qardaşının hansısa dərmanın ölümcül dozasının vurulması nəticəsində öldüyünü bildirib. Guya Alim Əhmədov işi elə qurub ki, Musa xəstəlikdən ölsün. Sahib Musayev bildirib ki, tərəfdaşlarını aradan götürməkdə məqsəd onların biznesinə yiyələnmək olub. Bu hadisələrdən dərhal sonra Alim Əhmədov gizlənib. O, Musayevlər tərəfindən axtarıldığını bilərək, müxtəlif ölkələrdə gizlənib. Musayevlər onu tapmaq üçün hətta Birləşmiş Ərəb Əmirliklərinə də gediblər.

Sahib Musayev CM 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Sahib Musayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə özünü təqsirkar sayıb. Sahib Musayev deyib ki, uzun illər Moskva şəhərində yaşayıb və orada təhsil alıb. Onun sözlərinə görə, 1991-ci ildə Yuliya adlı qadınla ailə qurub: “Yuliya ilə olan birgə nikahımızdan Ruslan adlı oğlumuz olub. 1996-cı ildə arvadım xərcəng xəstəliyindən ölüb. 1999-cu ildə oğlumla birlikdə Bakıya köçmüşəm və burada yaşamağa başlamışam. Bakıda müxtəlif ünvanlarda nəzarətçi işləmişəm”.

Sahib Musayevin sözlərinə görə, qardaşı Adil Moskvada yaşayıb. Onun bildirdiyinə görə, qardaşı orada ticarətlə məşğul olub: “Alim Əhmədov qardaşımın dostu olub. 2009-2010-cu illərdə Adil dostu Alim Əhmədovla birlikdə Bakı şəhərində kirayə yaşadığım evə qonaq gəliblər. Onlar 2-3 gündən sonra yenidən Moskvaya qayıdıblar. Alimi həmin vaxtdan tanımışam. Adilin Moskvada ticarət obyektləri olub. 2011-ci ildə qardaşım qara ciyər xəstəliyindən xəstəxanada müalicə alıb. Qardaşım iki aydan sonra xəstəxanada ölüb. Xəstəxanada Alimin qardaşıma iynə vuraraq öldürməsi bizə məlum olub. Onun məqsədi qardaşımı öldürüb, biznesini ələ keçirmək olub. Bizim bununla bağlı şübhələrimiz olub”.

Sahib Musayev qeyd edib ki, Adil xəstəxanada öləndən sonra onun biznesini idarə etmək üçün digər qardaşı Natiq Moskvaya yollanıb. Onun sözlərinə görə, bir neçə aydan sonra Natiq naməlum şəraitdə güllələnib. O, bildirib ki, Natiqin güllələnməsi ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarında araşdırma aparılsa da, qatilin həbs edilməsi mümkün olmayıb. Sahib Musayevin sözlərinə görə, qardaşı Natiqin güllələnməsində Alim Əhmədovun əli olmasından şübhələnib. Buna görə də o, qardaşlarını qisasını almaq qərarına gəlib.

Məhkəmə prosesində mərhumun atası Ehtiram Əhmədov ifadə verib. O, deyib ki, hadisənin şahidi olmayıb. Ehtiram Əhmədov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ona qanunla nəzərdə tutulmuş cəzanın verilməsini istəyib. Daha sonra prosesdə Sahib Musayev vəkilindən imtina etdiyini açıqlayıb. O, deyib ki, vəkildən imtina etməsi maliyyə vəziyyəti ilə bağlı deyil. Onun sözlərinə görə, Vəkillər Kollegiyasının üzvü Rəna Hüseynova ilə müqavilə bağlayıb və məhkəmədə onun hüquqi yardımından istifadə edəcək. O, bundan əvvəl vəkili olan Elman Ağayevin müdafiəsindən imtina edib. Rəna Hüseynova bildirib ki, işə yeni çıxıb və cinayət işi ilə tanış deyil. O, məhkəmənin təxirə salınmasını, cinayət işi ilə tanış olması üçün 10 gün vaxt verilməsini xahiş edib. Hakim cinayət işi ilə tanış olması üçün vəkilə 1 həftə vaxt verib və məhkəmənin davamını yanvarın 15-nə qədər təxirə salıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 340