Məmmədyarovdan Moskvada Xəzər açıqlaması
Elmar Məmmədyarov Azərbaycanın mövqeyini bu şəkildə ifadə edir ki, Xəzərin dibindən boru kəmərlərinin çəkilməsi beynəlxalq hüquq çərçivəsində həll edilməlidir.
Xəzər dənizində tərəflərin silahl qüvvələrinin iştirakı və hərbi fəaliyyəti bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu barədə Məmmədyarov çərşənbə axşamı Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərlərinin iclasında çıxış edərkən bildirib.
O deyib ki, beş ölkə Xəzər dənizində hidrometeorologiya sahəsində əməkdaşlıq haqqında Sazişi imzalanması üçün razılaşdırıb. Bununla yanaşı, Xəzər dənizində fövqəladə vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş razılaşdırılıb.
Həmçinin, ekspertlərin Xəzər dənizinin bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Sazişin yekun razılaşdırılması üzərində işi davam etdirilir.
Bütün Xəzəryanı dövlətlərin 18 noyabr 2010-cu il tarixində Bakı şəhərində imzalanmış Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Sazişin ratifikasiyasını tamamlaması tərəflərin bu sahədə sıx əməkdaşlığına yeni təkan verəcək, deyə Məmmədyarov bildirib.
Azərbaycan sahilyanı dövlətlərin Xəzərdə ətraf mühitin bugünki vəziyyətindən ümumi narahatlığına şərikdir və dənizin ekoloji problemlərinin həll edilməsi zərurəti var.
Xəzər bir çox beynəlxalq və regional layihələrdə əlaqələndirici halqadır. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kimi Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən layihələrin uğuru, habelə Bakı-Tbilisi-Erzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryol xətləri üzrə layihələrin həyata keçirilməsi Xəzər regionu ölkələrinin iqtisadi inkişafı və rifahına, habelə dünyanın enerji təhlükəsizliyinə xidmət edir.
“Xəzərdə silahlı qüvvələrin iştirakının və hərbi fəaliyyətin bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi prinsipinə əsaslanmalı olduğu anlayışına söykənirik”, deyə nazir qeyd edib.
“Qİtədaxili Xəzəryanı dövlətlər üçün Xəzər dənizindən başqa dənizlərə və Dünya okeanına tranzit azadlığının əhəmiyyətini qeyd edirik.
Ümid edirik ki, ticari dəniz səfərləri üçün rejim, gəmilərin digər tərəflərin milli suverenliyi altında zonaları dinc şəkildə keçmək hüququ, Xəzər dənizinin dibindən kabel və boru kəmərlərinin çəkilməsi, habelə dəniz elmi tədqiqatlarının həyata keçirilməsi ilə bağlı məsələlər danışıqlar prosesi çərçivəsində beynəlxalq dəniz hüququ normalarına uyğun şəkildə həll olunacaq”, deyə Məmmədyarov bildirib (Turan).