Məgər Xəzəri ən çox bizim ölkə çirkləndirir?
İranın vitse-prezidenti Məsumə Ebtekar iddia edib ki, Xəzəri ən çox Azərbaycan çirkləndirir. Onun bunu deməklə hansı mənbəyə əsaslandığını bilmirik, lakin bu vaxtadək ekoloji qurumlar İranın sahil şəhərlərinin Xəzəri bərbad günə qoyduqlarından söz açırdılar.
Ebtekar bunun tərsini iddia edir: “Xəzər dənizinin neft çirklənmələrinin ən əsas mənşəyi Azərbaycan Respublikasıdır. Xəzər dənizi Ekologiyası Konvensiyasına əsasən, çirklənmələrin qarşısı alınmalı və bütün ölkələr bu problemin qarşısının alınmasına yardım göstərməlidirlər. Sahilyanı ölkələr öz standartlarını yüksəltməli və bu sahədə proqrama malik olmalıdırlar”.
O, eləcə də Urmiya gölünün bərpası məqsədilə Araz çayı suyunun axıdılmasına qarşı çıxıb və bu layihənin uzunmüddətli dəyərləndirilməyə ehtiyacı olduğunu bildirib.
Bəlli olduğu kimi, Urmiya gölü Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq edirlər.

