Malena Mard AB ilə münasibətlərin gedişinə aydınlıq gətirib
AB və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər bu ilin sonunadək qüvvəyə minə bilər. Bu barədə AB-nin Bakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə bildirib. Xatırladaq ki, viza rejiminin sadələşdirilməsi haqda saziş ötən ilin noyabrında Vilnüsdə “Şərq tərəfdaşlığı” sammitində, readmissiya haqda saziş isə bu ilin fevralında Brüsseldə imzalanıb.
Mardın sözlərinə görə, Azərbaycan AB-yə daxil olmaq niyyətini bildirməsə də, tərəflər qarşılıqlı maraq doğuran siyasi assosiasiya və iqtisadi inteqrasiya məsələlərini müzakirə edirlər, deyə Turanın yaydığı xəbərdə bildirilir.
Mard deyib ki, Avropa Birliyi martın sonu — aprelin əvvəllərində Avropa Qonşuluq Siyasətinin (eləcə də Azərbaycan üzrə) həyata keçirilməsinə dair hesabat yayacaq. Hesabatda Avropa Qonşuluq Siyasətinin proqram iştirakçısı olan 16 ölkədə fəaliyyəti qiymətləndiriləcək. 2012-ci ilin hesabatında müsbət məqamlarla yanaşı irəliləyişin tələb olunduğu sahələr – hüquq və fundamental insan azadlıqları, seçki prosesləri, ədliyyə sisteminin müstəqilliyinin təminatı – göstərilib.
Demokratiya, insan hüquqları və qanunun aliliyi hər zaman AB-Azərbaycan münasibətlərinin gündəliyinə daxildir və yüksək səviyyədə dialoq predmetidir. Malena Mard vətəndaş cəmiyyətinə dəstək qrantlarının təqdimatı mərasimində ölkədə qanunvericiliyin sərtləşdirilməsi və vətəndaş fəallarının təqib olunması baxımından AB-nin fəaliyyəti ilə bağlı Turan-ın sualının cavabında bildirib ki, AB və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin arasında məsləhətləşmələrin növbəti raundu ötən ay olub. Mard qeyd edib ki, bu dialoq “səmimi, açıq olmalıdır”.
AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton və AB-nin genişlənmə üzrə komissarı Ştefan Füle xüsusi bəyanatla çıxış edərək Azərbaycanda qanunvericiliyə son dəyişikliklərlə bağlı narahatlıqlarını bildiriblər.
Mard qeyd edib ki, Azərbaycanda QHT-lərə qrantların verilməsi vətəndaş cəmiyyətinə dəstəyin nümayiş etdirilməsidir. Bu layihələr medianın dətəklənməsi, qadın hüquqlarının inkişafı, seçkilərin monitorinqinə yönəlib və vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsinə xidmət edir.
Bundan başqa, Azərbaycan və AB arasında vahid hava məkanına dair danışıqlar “o qədər də intensiv aparılmır”, — Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Malena Mard vahid hava məkanı haqqında sazişə dair danışıqların gedişi ilə bağlı bildirib. O qeyd edib ki, “Azərbaycan tərəfdən də çox şey asılıdır”.
AB-nin təklifləri danışıqlar masası üzərindədir. Brüssel saziş üzərində işi davam etdirməyə və danışıqların növbəti mərhələsinə keçməyə hazırdır.
Xatırladaq ki, danışıqların birinci raundu 2013-cü ilin yanvarında Bakıda keçirilib.