Luqanskda 15 terrorçu zərərsizləşdirilib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) bəyanatında bildirilir.
“UTX tərəfindən həyata keçirilən irimiqyaslı xüsusi əməliyyat nəticəsində diversiya qrupunun 15 üzvü saxlanılıb. Əməliyyat nəticəsində 300 avtomat, tank əleyhinə qumbaraatan, 5 tapança, çoxlu sayda əl qumbarası, yandırıcı maye ilə dolu şüşə qablar, xeyli sayda tüfəng və soyuq silah aşkarlanaraq götürülüb”, deyə bəyanatda bildirilir.
Ukrayna CM-nin 113 (diversiya) və 111-ci maddələri üzrə cinayət işi başlanıb. Luqanskda və vilayətin daha 7 rayonunda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, aprelin 3-də Rusiya ərazisində terror aktları hazırlamaqda şübhəli bilinən 25 ukraynalı saxlanılıb.
Rusiya mətbuatı saxlanılan şəxslər arasında “Sağ sektor” hərəkatının üzvlərinin də olduğunu bildirib.
Xüsusi xidmət orqanlarının məlumatına görə, saxlanılan şəxslər terror aktlarını martın 14-dən 16-dək Rusiyanın 6 bölgəsində — Rostov, Volqoqrad, Tver, Oryol, Belqorod vilayətlərində, habelə Kalmıkiya və Tatarstan respublikalarında törətməyi planlaşdırırmış.