Lökbatanda kütləvi zəhərlənmə: nə baş verir?
Lökbatanda kütləvi zəhərlənmə nzəticəsində 30 nəfər Toksikologiya Mərkəzinə yerləşdirilib. Bakının Lökbatan qəsəbəsində təbii qazdan yüzədək sakin zəhərlənib. Zəhərlənmə təbii qazın kəsilib, yenidən verilməsindən sonra baş verib. Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Turana bildiriblər ki, zəhərlənmə ərazidəki bir neçə beşmərtəbəli yaşayış evində qeydə alınıb. Hazırda hadisə yerində təcili tibbi yardım briqadaları işləyir. İlkin məlumatlara görə, 80-dən çox sakin xəstəxanalar çatdırlıb. İndiki anadək ölən qeydə alınmayıb.
«Azəriqaz»ın mətbuat xidmətinin məlumatına görə zəhərlənmə odorant maddəsinin həddən artıq böyük dozası nəticəsində baş verib. Həmin maddənin təbii qaza əlavə olunması nəticəsində qaz sızmaları müəyyən edilir.
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri araşdırma aparır.
Respublika Toksikologiya Mərkəzinin qəbul şöbəsindən Turana bildiriblər ki, mərkəzə Lökbatan qəsəbəsindən zəhərlənmə diaqnozu ilə 30-dan çox xəstə daxil olub. Onların arasında ölən yoxdur. Xəstələrin hamısı tibbi yardımdan sonra yaxşılaşmaqdadır. Hazırda 2 xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.
Qəbul şöbəsi xəstələrin qəbulunun davam etdiyini bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, Lökbatanda qazdan zəhərlənənlər Toksikologiya Mərkəzindən evə buraxılıb və bu kütləvi zəhərlənmə nəticəsində ölən yoxdur. Onun sözlərinə görə, 115 nəfər zəhərlənib. 70 nəfərə hadisə yerində ambulator yardım göstərilib, 45 nəfər Toksikologiya Mərkəzinə yerləşdirilib və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qədirli Lökbatan sakini, 45 yaşlı Natalya Məmmədovanın qazdan zəhərlənərək ölməsi barədə məlumatı təsdiqləməyib. Onun sözlərinə görə, ölümün səbəbi ekspertizadan sonra açıqlanacaq.-

