Muəllif:

Ləzgi toyu

Həftənin əvvəlində o axşam mən, bu bir neçə saatı beyin rahatlığı içində keçirdim — həm toy havasının gətirdiyi xoş ovqat, həm də məni nə zamandan bəri rahatsız edən sualların gözlənilmədən sadə cavabının qarşıya çıxmasından dolayı deyim ki, xoş bir məmnunluq içindəydim. Peşəcə inşaatçı olan (deyim ki əla ustadır) ləzgi qonşum (gənclik illərindən tanıdığım, bu son 25 ilin isə — qapıbir qonşusu) böyük oğlunu evləndirirdi. Qışın bu soyuğunda dağlıq Qusardan gələn qohum-əqrəbası, qız evinin adamları və bizlər — bir toyun adamı olan buradakı şəhər qonşuları (deyim ki, bizim üç 9-mərtəbəli binanın sakinlərinin xeyir-şərində hamılıqla iştirak etmək qaydamız var, ey neçə illərdir) hamı Bakının ən gözəl saraylarından birində bir arada idik.
Göz açıb gördüyümüz toylardan biri. Qadınlı-kişili müasir geyimli insanlardır. İndi hər addımbaşı rast gəldiyimiz, şimal və şimal-qərb rayonlarımızla assosiasiya olunan bürüncəkli qadınlar, saqqalı qurşağa düşən kişilər gözə dəymir. Loru dillə desək, arağına bol, çaxırına bol. Ləzgi danışığı, türk danışığına, dağların sümüyə düşən oynaq melodiyaları bizim türk musiqisinə, hər iki dildə bir-birini əvəz edən təbriklər, sağlıqlar, ürəkdən oynanan rəqslər, üzlərdə təbəssüm, yeni ailə quran bu iki gəncə xeyir-dualar…
Bu son illərdə Qafqaz dağlarının dolaylarında, onun quzey və güney yamaclarında baş verənlərin axarında beynimizi qarışdıran suallardan biri — nəymiş bizi ayıran? Fərqləndirən? Bu toyun fonunda bu vardımı? Axı toy bir xalqın nəsildən-nəsilə ötürülən mühafizəkar adətidir. Ləzgilər də özünə görə bir xalqdır və bizim ölkədə sayları 200 minə yaxındır. Öz dilləri, öz ədəbiyyatları, öz musiqiləri… Fəqət bu toyun gedişində görürdüm ki, bizi ayıran heç nə yoxmuş və yoxdur. Mən təbliğatçı deyiləm və olmaq fikrim də yoxdur, öz təəssüratımı yazıram və bunun belə də qəbul ediləcəyini düşünürəm. İnanın, heç nə!.. Onların çox sevdikləri, gənc oğlanların və qızların məharətlə ifa etdikləri, özlərinin milli pasportu bildikləri «Ləzginka»mı? Deyim ki, bu misilsiz rəqsi növbə ilə ifa edənlərin arasında bizim qonşu türk ailələrindən olan gənclər — bəyin dostları da az deyildi. Bu cavanlar «Tərəkəmə»ni də eyni şövqlə oynayırdılar. Nə gözəl… Bəlkə Qafqaz dil ailəsinə aid olan danışdıqları dil? Vallah, deyəsən mən — ləzgi dilində kəlmə bilməyən bir adam — ağsaqqalların ləzgicə təbriklərini asanca anlaya bilirdim. Təbrik, xeyir-dua sözlərinin leksikonu eyni..
Şirin bir toy. O axşam deyəsən mən türkdən daha çox bir qafqazlı olmuşdum. Qafqazın bütün etnik spektrini öz varlığında duyan, hiss edən bir fərd…
Ortalığı seyr edirəm və düşüncələr məni sarır — tarix boyunca məgər Dağıstan, Quzey Qafqaz bizə yadmı olmuşdur? Xəritəyə baxanda mən Qafqazın düz coğrafi mərkəzində — Qazaxda göz açmışam və Qafqazın tarixini heç də pis bilmədiyimlə öyünə bilərəm. Biz Qazax-Borçalılar Alazan çayından doğuya və quzeyə doğru bütün dağları «Dağıstan» bilir, o yerlərin tayfalarını ümumi bir ad altında — «ləzgi» kimi tanıyırdıq, fərqləndirəndə də atalarımız onları «avar ləzgisi», «çeçen ləzgisi», «kumuk ləzgisi» kimi ayırd edirmişlər. Bizim ellərdə əlindən bir xata çıxan, qan düşməni olan adam ailəsini də götürüb Dağıstana — «aman evinə» çıxıb gedərmiş. Onlarda bir xata törədən, qanlısı olan da «aman evi» olaraq Qazax-Borçalıya üz tutardı. Nə qədər qohumlaşmalar olmuşdu tarixən. Sovet dönəmindəki qaynayıb-qarışmaları qoyaq bir kənara.
Osmanlı, Səfəvi, Rusiya, sovet imperiyaları zamanı bir dövlətin təbəələri idik. 1918-ci ildə ortaq «Qafqaz evi» ideyası doğulmuşdu. Erməni siyasətçilərin fəsadları üzündən bu alınmadıqda Dağlılar Respublikası Azərbaycana birləşmək istəmişdi. O zaman bağımsızlıq davamızı birlikdə aparırdıq. Nuru paşa Bakıdan Petrovska( Mahaçqalaya) qədər irəliləmişdi. Onların siyasi mühacirəti 1920-ci ildən sonra hər zaman xaricdə Azərbaycan siyasi mühacirəti ilə «bir evli» idi.
1990-cı ildən sonra öz səhvlərimiz, uzağı görə bilmədiyimiz üzündən hər qaranlıq mərkəzdən kimlərsə öz nizamnamələri ilə buralara ayaq açdılar. Öz qaranlıq ideyalarını «mütləq həqiqət» deyə gəncliyin beyninə yeridə bildilər. Nə qədər qanlar axıdıldı və axıdılır. Beyinlər o dərəcədə qarışdı ki… Bir zamanlar dağlı öz mübahisəsini əli qınında olan xəncərin qəbzəsində kişi kimi üz-üzə durub həll edərdi. İndi avtobuslara, yol kənarlarına bomba qoyulur…
Bu gün uzaq yüzillərdən bəri bizim ortaq əfsanələrimizin, miflərimizin yarandığı məkan olan uca Qafqaz dağları arada sərhədə çevrilsə də, nə yaxşı ki, İnternet əsri bu sərhədi mənasız bir şeyə çevirib (Jirinovskinin təklif etdiyi dəmir hasar da bu gerçəkliyin fonunda çox sarsaq bir şey olardı) və biz dağların qoynunda və onun quzey yamaclarında yaşayan qardaşlarımızı, əqrəba toplumları — onların heç olmasa musiqilərini dinləyə və ruhumuzu təmizləyə bilirik.
Bizim günlərdə uzaq xarici ölkələrdən Bakıya rəsmi səfərlər diqqətimi o qədər də məşğul etmir. İşləri-gücləri var gəlirlər. Lakin Quzey Qafqaz muxtar cümhuriyyətlərindən Bakıya edilən rəsmi səfərlər, artan iqtisadi əlaqələr, bizimkilərin o tərəflərə investisiya yatırmaları mənə görə daha önəmli görünür.
Bilmirəm nəyə görəsə, oralarda yaşayan türk qardaşlarımızın — kumukların, qaraçayların, balkarların, noqayların, avarların melodiyaları məni daha çox özünə çəkir. Sədası qulağımdan getməyən bu «Ləzginka» kimi.
Bizim gəncliyin sevə-sevə oxuduğu seçmə əsərlər arasında Rəsul Həmzətovun «Mənim Dağıstanım» da vardı. Hər kəs xatırlayar, o illərdə arada səmimiyyət vardı, qardaşlıq duyğuları vardı, onlar intuitiv olaraq Moskvadan çox Bakıya meyl edər, bizim ali məktəbləri seçərdilər — biz o əzəli xoş münasibətləri itirmişik. Görəvimiz o zamankı münasibətləri bərpa etmək, o səmimiyyətin üzərinə çökən (ya kənardan çökdürülmüş) kölgəni qovmaq olmalıdır, məncə.
Bu toyda əlimdə qədəh fikrim çox uzaqlara gedirdi. Bu toyda o əzəlki saf duyğuya yenidən qovuşmuş kimiydim. Bu idi mənim beynimi sakitləşdirən, düşüncəmi aydınladan. Hə, bu Ləzgi Toyundan daha bir ştrix — görürəm ki, ləzgi bəyin sağdışı mənim kiçik oğlumdur.
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 705