Laura Baqdasaryan: Biz 2005-ci ildən etibarən əməkdaşlıq edirik, niyə indi narahat oldular?
Laura Baqdasaryan Rauf Mirqədirov məsələsi ətrafında qopan hay-küyə reaksiya verib və bu ittihamları rədd edərək iddia edir ki, Azərbaycan hakimiyyəti xalq diplomatiyasını məhv etməyə çalışır
Turanın Armİnfoya istinadən yaydığı xəbərdə Baqdasaryan deyib: “Məni Mata Hari elan edən Azərbaycan hakimiyyəti xalq diplomatiyasının üzərindən xətt çəkməyə çalışır”.
Bu fikri “Region” araşdırmalar mərkəzinin direktoru Laura Baqdasaryan Azərbaycan prokurorluğunun azərbaycanlı jurnalist Rauf Mirqədirovun məhz onun vasitəsilə erməni kəşfiyyatı ilə əməkdaşlıq etdiyi barədə ittihamlarını şərh edərkən bildirib.
“Biz 2005-ci ildən etibarən Bakının Sülh və Demokratiya İnstitutu ilə müxtəlif layihələr çərçivəsində NGO formatında daimi əsaslarla əməkdaşlıq edirik. Düşünürəm ki, Ermənistanda və Azərbaycanda hamı bizim bütün bu illər boyunca nə ilə məşğul olduğumuzu yaxşı bilir, çünki bizim bütün fəaliyyətimiz göz önündə idi. Biz həmişə Ermənistan, Azərbaycan və Gürcüstan cəmiyyətləri arasında ortaq cəhətlər tapmağa çalışırdıq. Buna görə şəxsən mənim üçün adımın ciddi dövlətə xəyanət ittihamında hallanması tamamilə gözlənilməz idi”, deyə “Region” direktoru bildirib.
Baqdasaryan qeyd edib ki, Azərbaycan MTN-ə “Mirqədirovun ermənilərlə birgə casusluq fəaliyyəti” haqqında hələ 2008-2009-cu illərdə məlum idisə, niyə Bakıda bu fəaliyyətdən hələ indi – 2014-cü ildə narahat oldular? Onun fikrincə, bu kifayət qədər maraqlı sualın cavabı Mirqədirova qarşı saxtalarşdırılmış işin bütün gerçək səbəblərini üzə çıxaracaq. İctimai xadim xüsusilə qeyd edib ki, bu gün Azərbaycanın özündə jurnalistin həbsinin əsl səbəbləri ilə bağlı kifayət qədər maraqlı müzakirələr gedir. Müzakirə olunan əsas versiya isə Mirqədirovun sadəcə həmişə tənqid etdiyi hakimiyyət üçün arzuedilməz şəxs olmasıdır.
“Rauf bizim layihənin müəlliflərindən biri idi. O, publicdialogues.info saytımızda internet-konfranslarda iştirak edirdi. İndi Azərbaycanda Sülh və Demokratiya İnstitutunun əməkdaşlarının şəxsində tərəfdaşlarımızın da ziyan çəkə biləcəyindən çox qorxuram. İstənilən halda, indi bizim sülhməramlı fəaliyyətimizin üzərindən xətt çəkilə bilər. Belə ki, Azərbaycandakı tərəfdaşlarımız və nyusmeykerlərimiz indi mənimlə — “erməni xüsusi xidmətlərinə işləyən” insanla əməkdaşlıq etməkdən ehtiyatlana bilər”, deyə Baqdasaryan fikrini tamamlayıb.