Krımdan reportaj: Tatarlar Krımın taleyi ilə bağlı bir fikirdə deyillər
“Hər kəsin pasportu bir-bir yoxlanacaq. “Krım sərhədçiləri” bizdən hansı xarici vətəndaşın Kiyev vasitəsilə Krıma getməsini xüsusilə soruşurlar. Hərçənd indi Krıma gedən əcnəbi nə ağılla gedir, bilmirəm”. Bunu APA-nın Kiyevdən Simferopola (Krıma) yola düşən zaman əməkdaşına Kiyev-Simferopol qatarının bələdçisi Anastasiya Kiriçuk deyib.
Həqiqətən də həmin gün — 30 mart axşamı Kiyevdən Simferopola çıxan qatar tərpənməzdən əvvəl milis və reysin heyəti tərəfindən sərnişinlərin yoxlanılmasına başlandı. Yoxlama nəticəsində aydın oldu ki, vaqonda yeganə xarici vətəndaş mənəm, həm də jurnalistəm. Buna görə də kupedən digər sərnişinləri çıxaran milis məni 10 dəqiqəlik sorğu-sual etdi: “Krıma niyə gedirsən? Məqsəd nədir? Kimlərlə görüşəcəksən?” Milis qeydiyyat apardıqdan sonra çıxıb getdi. Onlar gedəndən sonra bələdçi xanım mənə bildirdi ki, bütün bunlar Krıma keçiddə oranın “sərhədçilər”i üçündür: “Çünki onlar bunu dəqiq bilmək istəyirlər. Sizi də onlara məruzə edəcəklər”.
“Maydandakıların buraxdığı səhvləri mən qanımla yumalıyam?”
Kupedə məndən başqa Ukrayna pasportunu daşıyan milliyyətcə 3 orta yaşlı qadın, qonşu kupedə ukraynalının gənc oğlu da onlarla idi. Söhbət əsnasında onların ölkədə baş verənlərə yanaşması fərqli olsa da, nəticə etibarilə taleləri ilə barışmış kimi idilər. Məsələn, həmin qadınlardan birinin 22 yaşlı oğlu Oleq deyir ki, əslən Sevastopoldan olsa da, heç vaxt silah götürüb ruslara qarşı vuruşmaz: “Siz dediyiniz vaxtlar əvvəldə qaldı. İndi mənim üçün başlıca prinsip nişanlıma verdiyim sözü tutmaq, öz biznesimi inkişaf etdirməkdir. Rusiyadan gələn təhlükə barədə Ukrayna dövlət olaraq ölçü götürməli idi, təəssüf ki, Maydana toplaşan millətçilər bunu fikirləşmədilər. İndi siz təsəvvür edin, onları buraxdığı səhvi mən öz qanımla yumalıyam? Əlbəttə, heç vaxt istəmərəm ki, yaşadığım şəhər doğma Ukraynadan ayrılsın, təəssüf ki, bu mənim gücüm çərçivəsində deyil”.
Oleqin anası Svetlana isə ümumiyyətlə, Krımda keçirilən referendumda iştirak etmədiyini deyərək, rusların faktiki olaraq Krımı işğal etməsini sərt tənqid etsə də, artıq bunun baş verməsi faktını özlərinin taleyi kimi qəbul edir: “Bu işğaldır, amma müqavimət göstərmək fikrimiz və gücümüz də yoxdur”.
Milliyyətcə rus, ixtisasca müəllimə olan digər krımlı Aleksandra da rusların Krıma girməsini indiki halda ədalətsiz sayır: “Əlbəttə, biz də bilirik ki, Krım bir vaxtlar Rusiyada olub, amma indi də bizə Ukraynada yaşamaq pis deyildi. Mən bilmirəm bütün bunlar nəyə lazımdır. Maydandakılar çox səhv addım atdılar, bizə güc yolu ilə heç nə lazım deyil. Bütün bunlara baxmayaraq, artıq Rusiya Krıma “gəlib” və bizim edəcək heç nəyimiz yoxdur”.
“Azərbaycandandır, problem yoxdur”
Krıma yaxınlaşanda hansısa qonşu ölkəyə daxil olurmuş kimi qatarı saxladılar. Çox qəribəsi də budur ki, ilk olaraq elə Ukraynaya məxsus sərhədçilər və gömrükçülər qatarı yoxladılar. Burada isə qəribə bir hal baş verdi. Sərhədçilərdən biri xarici vətəndaş olduğumu görüb, pasportumu qaytarmadan məntəqəyə dəvət etdi. Lakin bunu eşidən vaqondakı zabitlərdən biri nə baş verdiyini öyrənib, pasportumu alıb baxdı və “Azərbaycandandır, problem yoxdur” — deyərək əsgərləri çəkib apardı.
“Sərhəd”i keçib yol boyu təpədən dırnağa silahlanmış, üzü Ukraynaya tərəf səngərlərə doldurulmuş hərbçilərin yanından ötdük. Djanqoy (Canköy) şəhərində Krım “sərhədçi”lərinə (onlar, deyəsən, ruslar idi) yaxınlaşanda, tam əksi oldu. Jurnalist gəldiyini eşidəndə, bütün vaqonu unudub mənə yaxınlaşdılar. Xeyli sorğu-sual etdikdən sonra məndən əl çəkdilər.
Simferopol vağzalı demək olar ki, başdan-başa rus bayraqları və yeni peyda olmuş mülki geyimli, qollarına sarğı bağlanmış “drujinnik”lərlə doludur. Məni qarşılayan milliyyətcə tatar olan taksi sürücüsü Nuri deyir ki, “drujinnik”lər ruslar gələndən sonra peyda olub: “Mən bunları sonuncu dəfə sovet vaxtı görmüşəm. Ruslar gələndən sonra bunlar ortaya çıxdı. Hamısı da rusdur. Əvvəl hərbiçilərlə dolu idi şəhər. Bir həftədir ki, bunları buraxıblar şəhərə. Sevastopolda da bunlar çoxdur. Ən çox da tez-tez buralarda peyda olan əcnəbi agentləri, kəşfiyyatçıları tapıb gətirirlər. Mənim kürəkənim milisdə işləyir. Deyir, ötən həftə Sevastopolda bir amerikalı tutublar, üstündən çıxan fotoaparatda hərbi obyektlərin, limanların müxtəlif fotoları çıxmışdı”.
Şəhərdə yol boyu “drujinnik”lərə daha çox restoran, kafe qabağında, hökumət binasının qarşısında, avtovağzalda, əyləncə mərkəzlərində, parklarda rast gəlmək olur. Əsasən dəyənək, bəziləri isə tapança ilə silahlanan “drujinnik”lər qollarındakı sarğı və geyimləri ilə Kiyevdəki “Pravıy sektor” tərəfdarlarını xatırladırlar.
Simferopolda diqqət çəkən məqamlardan biri də şəhərdə yeniyetmələr tərəfindən pulsuz kiçik rus bayraqlarının paylanmasıdır. Maraqlıdır ki, şəhərin mərkəzində onların fotosunu çəkmək istəyərkən hardansa bir milis peyda olub məni saxladı. Yarım saat sorğu-sual etdikdən sonra foto çəkilişin qadağan olduğunu bildirib çəkdiyim şəkli pozdurdu. Səbəbini soruşduqda isə “olmaz!” deyib kəsə cavab verdi.
Bəs tatarlar?
Simferopoldan 27 km qərbdə yerləşən Baxçasaray əsasən Krım tatarlarının məskəni olsa da, burada artıq ruslar üstünlük təşkil edir. Bundan başqa, ukraynalılar, yəhudilər və digər xalqların da nümayəndələri az da olsa, var. Ukraynanın digər bölgələrində olduğu kimi, burada da hər kəs statusundan asılı olmayaraq, siyasətlə yaxından maraqlanır. İnfrastrukturuna görə də Baxçasaray nəinki Krımın, hətta Ukraynanın bir çox şəhərlərindən fərqlənir. Deyilənə görə, buna səbəb burada oliqarxların şəxsi mülk, istirahət mərkəzləri və sair obyektlər tikdirməsidir.
Əslən buralı olduğunu deyən, milliyyətcə ukraynalı olan Vadim əminliklə bildirir ki, nəinki Baxçasarayda, ümumiyyətlə, Krımda keçirilən referendum və onun nəticələri ilə razılaşmır: “Amma biz nə edə bilərik? Siz deyin. Bizim arxalandığımız dövlət dərhal qoşunlarını buradan çəkib getdi, torpaq uğrunda heç döyüşməyi belə düşünmədi. İndi biz sadə insanlar ruslara qarşı nə edə bilərik? Artıq Avropanın nağıllarına qulaq asmaqdan yorulmuşuq. Nəinki Avropa, indi kim Krıma gəlir, bizə ancaq vəd verir. Elə ruslar da. Nəticə odur ki, hər tərəfdə başımızın üstündə rus bayraqlarıdır…”.
Ümumiyyətlə, yerli millət olan tatarlar Krımın taleyi ilə bağlı yekdil fikirdə deyillər. Buna orada olduğum ərəfədə Krım Tatar Məclisinin çağırılan fövqəladə iclasında da şahid oldum. Bir qisim açıq-aşkar ruslara qarşı döyüş tərəfdarı olsa da, digər qisim isə tam əksinə, ruslarla, yeni hökumətlə işləməyin vacibliyini bildirir, başqa qisim isə ümumiyyətlə, baş verənlərə biganə qalmağı üstün tutur.
Lakin sonda Məclisin qərarı yeni hökumətlə işləmək oldu və onlara edilən vəzifə təklifinə müsbət cavab verib, namizədlərini seçdilər. Bu qərardan sonra etirazçı tatarlar Məclis sədri Refat Çubarovu və digərlərini Rusiyaya satılmaqda ittiham etməyə başladılar.
Bəs Krım azərbaycanlıları nə düşünür?
İstər mətbuatdan, istərsə də mütəmadi olaraq bəyanatlarından Krımdakı Azərbaycan diasporunun, xüsusilə Krım Azərbaycanlıları Cəmiyyətinin Krımın Ukraynadan alınmasına ciddi etiraz etməsinin şahidi olmuşuq.
Dəmiryolu vağzalında hazırda taksi sürücülüyü edən keçmiş iş adamı, əslən Azərbaycanın Gədəbəy rayonundan olan Akif deyir ki, 32 ildir Simferopolda yaşayır: “Neçə ildir bu şəhərdə həm biznes mühitində, həm də ictimai həyatda az-çox tanınan adam olmuşam, amma heç vaxt azərbaycanlıların burada kiməsə qarşı siyasi etiraz və s. nümayiş etdirməsini görməmişəm. Ümumiyyətlə, burada azərbaycanlılar həmişə sülhə, ortaq dil tapmağa üstünlük veriblər”.