Krım və Sevastopolun RF-ə birləşdirilməsinə dair saziş imzalandı
Dünyanın etirazlarına məhəl qoyulmadı və Moskvada Krım və Sevastopolun Rusiya Federasiyasına birləşdirilməsinə dair saziş imzalandı. Sənədə Rusiya prezidenti Vladimir Putin və Krım Ali Şurasının sədri Vladimir Konstantinov imza atıblar. Sazişin imzalanma mərasimi Kremldə Putinin Rusiya Federasiya Şurasına müraciətindən sonra olub. Müvafiq sənəd Rusiya Federasiyası tərkibində iki yeni subyektin yaradılmasını nəzərdə tutur.
Rusiya Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin iddia edib ki, Ukraynanın müstəqilliyi dövründə prezidentlər, baş nazirlər, deputatlar dəyişib, lakin onların vətəndaşlara münasibəti dəyişməyib və bu insanlar hakimiyyət uğrunda mübarizə aparıblar.
Korrupsiyaya qarşı etiraz edən Maydan fəallarını yaxşı anladığını deyən Putin Ukraynadakı son hadisələrin arxasında duranların başqa məqsədlər güddüyünü bildirib. Onun sözlərinə görə, bu addımların arxasında faşistlər və rusofoblar dayanıb. Putin qeyd edib ki, Ukraynada legitim hakimiyyət mövcud deyil. “Danışıqlar aparmaq üçün adam da yoxdur. Hətta nazirin qəbuluna düşmək üçün Maydan silahlılarının icazəsi lazımdır. Bu, bu günün reallığıdır”.
Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin daha sonra deyib ki, 1917-ci ildən sonra bolşeviklər Rusiyanın cənubundakı ərazilərin xeyli hissəsini Ukrayna SSR-nin tərkibinə daxil ediblər.
“Bu, yerli sakinlərin milli tərkibi nəzərə alınmadan edilib. Müvafiq qərarı SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşov verib. Bizim üçün vacib odur ki, bu, o vaxtkı qanunların pozulması idi. O vaxt Krımdakı insanları fakt qarşısında qoydular”.
Putin Krım tatarları ilə bağlı məsələyə də toxunub. O qeyd edib ki, tarix boyu onlara qarşı ədalətsiz davranıblar. “Düşünürəm ki, Krımda 3 rəsmi dil – rus, Ukrayna və Krım-tatar dili olsa, bu daha məqsədəuyğun olardı”.