Krım böhranı Qarabağın sonudurmu?
Özümüzü nə qədər soyuqqanlı aparsaq və Ukrayna hadisələri ilə bağlı cınqırımızı çıxarmasaq da, qapının ağzını kəsmiş təhlükəni duyuruq. Moskvanın Krımda alovlandırdığı separatizm, Ukraynanın ərazi bütövlüyünə etdiyi qəsd onsuz da, dərdinə əlac tapılmayan Qarabağ problemini yenidən qırx arşınlıq quyunun dibinə salmaqdadır. Dünyanın gözü qarşısında, artıq bizə tanış olan ssenari oynanılır. Bu ssenaridə gedişlər, motivlər, separatist davranışlar çox oxşardır, çünki təhlükə saçan tamaşanın dirijoru eynidir: Moskva!
***
İndi heç kim üçün sirr deyil ki, Krım böhranı Ukraynanın «çirkli Rusiya» (A.Nekrasov) ilə üzülüşüb tamamən Avropaya meyillənməsi ilə bağlıdır. Ona görə də şir kimi yaralanmış Rusiya Krım ətrafındakı impulsiv davranışları ilə həm Kiyevə ciddi təsir göstərməyə, həm MDB üzrə müttəfiqlərini qorxutmağa, həm də Avropa və ABŞ-a meydan oxumağa çalışır.
Maskası yırtılmış və Krım məsələsində cəngəllik qanunları ilə hərəkət edən V.Putinin siyasi riyakarlığı hüdudsuzdur. O, bir tərəfdən aparılan hərbi əməliyyatlarla heç bir əlaqəsi olmadığını, bu işlərə sanki qarışmadığını deyir, digər tərəfdən isə Ukraynanı hədələməkdə davam edir. Bir tərəfdən Krımdakı rusları silahlandırır, separatizm dalğasını alovlandırır, digər tərəfdən isə milli azlıqların öz müqəddəratını təyin etməsi hüququndan danışır. Bir tərəfdən Ukraynanın ərazi bütövlüyünün qorunması ilə bağlı öhdəlik götürür, digər tərəfdən onun ərazi bütövlüyünə təcavüz edir. Bir sözlə, vəziyyəti elə tərzdə qarışdırmağa çalışır ki, sanki hər şey öz-özünə baş verir. Əslində isə Krım sindromunun bir adı var: Ukraynadan ərazi qoparmaq.
Moskvanın üzdə olan arqumenti budur ki, guya Krımda ruslar sıxışdırılır. Amma burada heç bir diskriminasiyadan söhbət gedə bilməz, çünki son illər MDB-nin başqa yerlərinə nisbətən, Ukraynada yaşayan rusların köçüb-getmə faizi cəmi 3,5 faizdir. Halbuki bu statistik rəqəmlər Çeçenistanda 32, İnquşetiya və Dağıstanda 19, Tacikistan və Özbəkistanda 11 faizdir. Krımda isə bu rəqəm heç 1,5 faizə çatmır. Deməli, V.Putinin Krımda rusların sıxışdırılması ilə bağlı riyakar bəyanatları təbliğatdan və hərbi müdaxiləyə hüquqi don geyindirməkdən başqa bir şey deyildir.
Belə yerdə deyirlər ki, adımı sənə qoyum, səni də yana-yana qoyum. Axı burada elementar məntiq işləmir: yarımada əhalisinin təxminən 60 faizi ruslardan ibarətdirsə, onların hüquqlarını kim poza bilər ki!? Bəs onda azlıqda qalan Krım tatarları neyləsinlər? Yaxşı, bəs həmin o «zərərçəkmiş» və «yazıq»ruslardan niyə soruşan yoxdur ki, silahlanıb Ukraynanın hərbi hissələrinə hücum etməklə siz kimlərin hüquqlarını pozursunuz? Təbii ki, biz yenə də fırlanıb əsas məsələnin üzərinə gəlirik: bütün bu hadisələr Rusiyanın imperiya xəstəliyindən qaynaqlanır. Nə qədər ki, Moskva bu xəstəlikdən xilas ola bilmir, həmişə öz cəmiyyətinə, tarix boyu müharibələrdən əzab çəkmiş rus xalqına, yaşadığı regiona və bütün dünyaya fəlakətlər gətirəcəkdir…
***
Azərbaycanda çoxları Rusiyanın Krımdakı davranışlarına davalı kino kimi baxır. Bu prosesə «kim güclü çıxacaq: Putin, yoxsa Obama?» deyə kinonun döyüş səhnələrinə baxmaq istəyənlər də az deyil. Təəssüf ki, bu kinonun yaxşı finalla bitəcəyinə ehtimallar çox azdır. Ortada çox narahat suallar var: Krımda Rusiyaya birləşmək referendumu postsovet məkanında sərhədlərin dəyişdirilməsinə səbəb olacaqmı? Moskvanın beynəlxalq hüququn universal prinsiplərini pozması, suveren bir ölkəyə təcavüzü irimiqyaslı müharibəyə səbəb ola bilərmi? Bu hadisələr Avropadakı mövcud münaqişələri oyadan və sərhədlərə yenidən baxılmasına gətirib çıxaran amilə çevrilməyəcək ki?
Ukrayna hadisələrinin bizim üçün ən pis epizodu Qarabağ problemi ilə bağlıdır, çünki Krım müstəqil olsa da, Rusiyaya birləşsə də, dünyada separatizmin güclənməsinə yeni təkan olacaq. Bunu siyasətçilər daha yaxşı duyur. Odur ki, siyasi səhnədə ölü vasitəçi kimi baş girləyən Minsk qrupunun amerikalı həmsədri C.Uorlik Krımdakı hadisələrin Qarabağ probleminin həllinə mənfi təsiri ilə bağlı ümidsiz fikirlərini artıq açıq şəkildə özünün tvitter səhifəsində paylaşır.
Və sonda. Rusiya siyasətinin piyadalarından olan V. Jirinovskinin «Qarabağı da Rusiyaya qataq» çağırışına təlxək zarafatı kimi baxmayın, ona görə yox ki, indi hər yerdə təlxəklər meydan sulayır, ona görə ki, ciddi niyyətlər çox vaxt təlxəklərin dilindən söylənilir…
[email protected]